Xoşqədəm Hidayətqızı “Xəzər”dən getməsinin səbəbini açıqladı

2063
Xoşqədəm Hidayətqızı “Xəzər”dən getməsinin səbəbini açıqladı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Xəzər TV ilə yollarını ayırması barədə yayılan xəbərlərə münasibət bildirib.

Mynews.az xəbər verir ki, məşhur aparıcı öz istəyi ilə televiziyadan ayrıldığını açıqlayıb:

"Diqqətinizə çatdırım ki, düz bir il əvvəl, 2020-ci il iyul ayında mənim üçün əziz olan Xəzər TV-dən ayrılmaq istəmişdim, amma həmin ərəfədə baş verən hadisələr məni dayandırdı. Noyabr ayında çox böyük haqsızlıqla üz-üzə qaldığım vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım. Bir TV-ni sezonun ortasında pis vəziyyətdə qoymaq heç bir peşəkarlığa sığmazdı. Məhz, buna görə mən sezon bitənə qədər gözlədim. İyulun 23-ü veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə kanaldan ayrılmaq istədiyimi bildirdim.

Hər kəsə bəllidir ki, "Səni Axtarıram” mənə aid, rəhbəri olduğum bir layihədir. Yəni, hansısa bir TV-nin layihəsi deyil ki, bu layihənin müəllifi çalışdığı kanalla yollarını ayıranda layihə bağlandı və s. yazaq. Əmək verdiyim bir kanaldan ayrılmaq sizcə asandırmı? Təbii ki, yox! Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım. Deməyim odur, Murad Dadaşov bir qadınla savaşacaq kişiliyə sahib biri deyil ki, ona görə kanaldan gedim. Mənim ayrılmamın rəhbərliyimə, dostluq etdiyim bir insanla münasibətlərimə heç bir aidiyyəti yoxdur! Ayrılmaq düşmən olmaq demək deyil”.

Qeyd edək ki, X. Hidayətqızının bir müddət əvvəl öz heyəti ilə birgə Xəzər TV-dən ayrılmağı barədə xəbərlər yayılmışdı. Onun hazırda bir neçə televiziya ilə danışıqlar apardığı bildirilir.

Xəbər lenti