Bloger Aysel Şükürova partlayış baş verən "Location" klubun sahibi Elşən Səfərovdan şikayət edib.
Mynews.az xəbər verir ki, "Location" klubunda baş verən partlayışda yaralanan bloger xəstəxana xərclərinin ödənilmədiyini bildirib. Aysel bu dəfə E.Səfərovla yazışmasını sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, klub sahibləri əvvəl ondan 15 gün vaxt istəyib, sonra isə sözlərini tutmayıblar:
"Evimə qədər gəlib yalvardılar ki, şikayətçi olmayın, ortada Rəsul (obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov) var, dostunuzdur. Rəsulun adından istifadə edib, şirinlik edib məndən 15 gün vaxt istədilər. Sonra isə nə telefonumu verdilər, nə də xəstəxana xərclərini qarşıladılar. Elşən və Rəşad... Halbuki evimə girib, çayımı içib, üzr istəyib, dəymiş ziyanı ödəyəcəklərini dedilər. Mən də Rəsula görə 15 gün vaxt verdim. 15 gündən sonra bizi yenə doladılar. Qanunları çox gözəl bilirəm: yanan insanın nə qədər ala biləcəyini qanunla gözəl bilirəm. Amma Rəsula görə keçdim, dedim, ancaq xəstəxana xərclərini və telefonlarımı qaytarın. Çünki xəstəxana pullarımı ailəm qarşılayır, o pulu qaytarmalıyam. Telefonlarım da orada yanıb, itib, batıb. Amma yenə də oralı olmadılar. Əllərini, qollarını sallaya-sallaya şəhərdə gəzirlər. Mənə dəymiş ziyanı isə heç kim ödəmək istəmir. Gah dedilər, rəhmətə gedənlərin yaslarını qarşılayırlar, gah dedilər onların evlərinə bazarlıq edirlər. 2 ay keçib. Hələ də bunların vecinə deyil".
Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.
Xatırladaq ki, "Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.