"Qızımı dünyaya gətirəndə yaşamaq şansım çox az idi. Hər ikimizin həyatı 95 faiz təhlükədə idi. Ailəmə hər şeyə hazır olmaqları deyilmişdi".
Bu sözləri Mynews.az-a açıqlamasında tanınmış xəbər aparıcısı Ülkər Qasımqızı deyib.
Yeni ana olan aparıcı, bir ay xəstəxanada yatan qızı Adelə nəhayət ki, ötən gün qovuşduğunu bildirib:
"İlk öncə biləndə ki, ikinci dəfə qız anası olacağam, çox sevindim. Onun sağlam şəkildə dünyaya gəlməsi üçün qurbanlar dedik. Amma hadisələr istədiyimiz kimi getmədi, qızımı 32-ci həftədə dünyaya gətriməli oldum. Övladım bətnimdə olarkən cift bağının qopması nəticəsində hər ikimiz ölümlə üz-üzə qaldıq. Uşaq saatlarla oksigensiz mühitdə qalmağa məcbur oldu. Amma savadlı həkimlərimiz sayəsində bu gün hər ikimiz həyatdayıq. "Yeni klinika"ya, xüsusilə Barat doktor və Həcər doktora çox təşəkkürümü bildirirəm. Göydə Allah, yerdə onlar, həm məni, həm də balamı xilas elədilər. Övladım dekabrın 13-də dünyaya gəlib və dünən nahəyət ki, ona qovuşdum. 1 kiloqram 700 qramdır, adını da Adel qoymuşuq".
Aparıcı yüksək təzyiqin orqanizmində yaratdığı bir çox problemlərə baxmayaraq, heç zaman hamiləliyini sonlandırmağı düşünmədiyini deyib:
"Baxmayaraq ki, yüksək təzyiqin yaratdığı bir çox problemlərim var idi, amma heç zaman uşağımı tələf etməyi düşünməmişəm. Son ana qədər hiss edirdim ki, bu təzyiq nəsə bir fəsad çıxaracaq, elə də oldu. Çünki təzyiq xəstələri hamiləliyi adətən sona qədər apara bilmirlər. Gün ərzində 8-9 dərman qəbul edirdim. İndi fərqinə varıram ki, əslində çox ciddi bir şey atlatmışam".
Son zamanlar abortların kütləvi şəkildə sayının çoxalmasına diqqət çəkən aparıcı, ana olmaq istəyən xanımlara da səslənib:
"Övlad, bizdən xahiş etmir ki, onları dünyaya gətirək. Onlar Allahın bizə hədiyyəsidir. Bəzi ailələr xüsusilə qız uşaqlarını abort edirlər, hər kəsdə oğul övladı arzusu var. Amma inanın ki, ən doğrusu xeyirli övlad arzulamaqdır. Mənim bir qızım var idi, biləndə ki, bu övladım da qızdır, çox sevindim, hətta qurban belə dedik. İndiki zamanda elə qız övladlar var ki, anaları onlarla daha çox fəxr edir, nəinki oğulları ilə. Əsas odur ki, onlar xeyirli övlad olsunlar. Çox xoşbəxt analardanam ki, iki qızım var. Allah mənə ömür versin ki, onları sağlam canla böyüdüm".