USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanda iki radio fəaliyyətə başladı

18:23 31.01.2025
Azərbaycanda iki radio fəaliyyətə başladı
18:23 31.01.2025

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir.

Mynews.az xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulmuşdur. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilmişdir. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildirmişlər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunmuş və müsabiqələr üzrə yekun qərarlar verilmişdir. Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılmışdır.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunmuşdur. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilmişdir.

İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.


Xəbər lenti

300x200r