Şou-biznesin yeganə əkiz bacıları Sevinc-Sevil Səfərovalar bir il birgə çalışdıqları prodüser Tolikdən (Tarix Əliyev) ayrılmalarından danışıb. Lent.az-a açıqlama verən əkiz bacılar bildiriblər ki, ayrılığa səbəb prodüserin işlərinin çox olması olub: “Bizi tanıyanlar bilir ki, biz Toliklə işdən öncə dostuq. Əsas odur ki, ayrılsaq da dostluğumuzu qoruyub saxlaya bildik. Tolik hara getsə, biz də onunlayıq. İşbirliyimizin başa çatmasının əsas səbəbi odur ki, Tolikin də, bizim də işlərimiz çoxdur. Fikirləşirəm ki, ulduz prodüserlə işləmək bir az çətindir. Ayrılmaq qərarını isə birlikdə vermişik”.
“Başqa tanınmış prodüserlə işləyərsinizmi?” sualına Sevinc-Sevil belə cavab verib: “Yox, yox, Azərbaycanda tanınmış prodüser bir Tolik var idi, onunla da işlədik. İkinci tanınmış prodüser kimi görürsünüz ki? Vaqif Gərayzadə bizimlə işləyər ki? Düşünürəm ki, Vaqif müəllim öz ulduzlarını təqdim edib, daha ardı gəlməyəcək. Çünki artıq o, imzasını qoyub. Bu gün ölkədə bir tanınmış prodüser var, o da Tolikdir. O biriləri bizdən inciməsinlər. Onlar sadəcə toy bazarında işləyən prodüserlərdir”.
Qeyd edək ki, prodüser Tolik martın 24-də bacılarla işbirliklərinin başa çatdığını açıqlamışdı: "Bu gün gəldi çatdı... Sevil və Sevinclə 1 ildən çox çalışdıq, bu gün ikitərəfli qərarla işbirliyimizə son qoyduq. Biz yenə danışacağıq, görüşəcəyik, çünki ən azından qonşuyuq. İşlədiyimiz müddətdə işlərimiz olub, məncə pis də alınmayıb. Amma bəzi məqamlar var ki, onlara da, mənə də seçim haqqı verilib. Çoxdan bu addımı atmaq istəyirdim. Bəzi şeylər qarşımı alırdı. Şükür ki, qızlarım da bunu anladılar".