Bir neçə gündür ki, Türkiyə istehsalı olan, Fərda Xudaverdiyev, Pərvin Abıyeva və İslam Mehrəliyevin də rol alacağı "Yanlış anlama" filmi haqda Türkiyə və Azərbaycan mətbuatında xəbərlər yayımlanır. "Yanlış anlama" Türkiyə və Azərbaycandan iki ailənin birlikdə 10 gün keçirməsindən bəhs edir. İki dilin və mədəniyyətin həm yaxınlığı, həm fərqliliyi nəticəsində ortaya komik macəralar çıxacaq. Əyləncəli bir səhv başa düşülmə hekayəsini izah edən filmin rejissoru kürsüsündə Ulaş Cihan Şimşək oturur. Filmin ssenarisi isə Ayberk Çınara aiddir. Filmin aktyor heyətində isə Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, Islam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva, Pelin Sönmez kimi məşhur adlar iştirak edir. Amma...
Bəhs etdiyimiz filmlə bağlı qalmaqal yaşanıb. Məsələ burasındadır ki, teleaparıcı Azər İsmayılov filmin ideyasının ona məxsus olduğunu və fikirlərinin ortaq razılığa gələ bilmədiyi "Dado" və "Levent" adlı Türkiyə şirkəti tərəfindən oğurlandığını bildirib.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com saytının suallarına cavab verən teleaparıcı haqqının tapdalandığını deyib: "Bəzilərindən fərqli olaraq, mən gördüyüm işin kölgəsində qalmağı xoşlayıram. Digərləri kimi mətbuata məlumat ötürüb, dost-tanış arasında yaymıram. Çünki mənim məqsədim özünü reklam etmək deyil, mən televiziyaçıyam, işim insanların mənafeyini qorumaqdır. Indiyə kimi kənardan baxmışam, amma ideyamın oğurlanması mənə təsir etdi. İlk olaraq onu deyim ki, "Yanlış anlama" filminin ideyası və adı mənə məxsusdur. Ideyanı hazırlamışam, sxemi qurub vermişəm. İşin skeleti olandan sonra onun içini ssenari ilə doldurmaq asan olur. Film təklifini "Levent" və "Dado" şirkətinə mən etmişəm. Filmin ssenarisi ilə türk ssenaristlərə həvalə olunub, çünki onlar bu işdə daha peşəkardırlar. Şirkət rəsmiləri ilə İstanbulda və Bakıda dəfələrlə görüşdük. Bakıda olanda oteldə qalmalarını, yemək və gəzməklərini mən təmin etdim.
Öncə dedilər ki, film Türkiyədə 298 kinoteatrda nümayiş olunacaq. Təbii ki, Azərbaycan kinoteatrlarında da təqdim olunacaqdı. Film nümayişindən sonra "Star TV" ilə müqavilə bağlanıb, 400 min lirəyə satılacaqdı. Üçüncü məsələ isə Azərbaycan və Türk aktyorları oynamalı idi. Çəkilişlərin 30%-i Türkiyədə, 70%-i Azərbaycanda olmalı idi. Türkiyədən aktyor Hakan Yılmaz, Gökçe Özyol və Hakan Bilgin, bizdən də mənim təklifim ilə Fərda, İslam və Pərvin rol alacaqdı. Onlarla sonuncu dəfə Bakıda görüşdük, mənimlə birlikdə öz aktyorlarımız da orada iştirak etdi. Bizə bildirdilər ki, film Türkiyə kinoteatrlarında yayımlanmasın. Çünki orada böyük məbləğdə pul tələb olunacaq. Filmi Azərbaycan kinoteatrlarında nümayiş etdirək. Çəkilişlər də iki gün Türkiyədə baş tutsun, görüntü götürək, qalan hər şey Azərbaycanda ekranlaşdırılsın. Biz də, onlar da 120 min lirə qoymalı idik. Onlar dedilər ki, biz 60 mini öz aktyorlarımıza verəcəyik, qalan işləri siz görərsiniz. Onsuz da sizin aktyorlar 1000-2000 manata çəkilir.
Əgər 60 min manat onlar, 60 min biz qoyuruqsa, niyə hər şey Bakıda bizim cibimizdən çıxmalıdır? Kinoteatr və pul məsələsi mənə toxundu və onlara cavab vermədim. Ondan sonra dəfələrlə mənimlə əlaqə saxlayıb müqavilə imzalamağa çağırdılar, onlara yenə cavab vermədim. Aprelin 15-də çəkilişlər başlamalı idi. Aktyorlarımıza dedim ki, mən filmdən uzaqlaşmışam, siz də uzaqlaşın. Çünki əvvəlcə yalan vəd verirlər, sonra aldadıldığını görürsən. Onlar da getməyəcəklərini dedilər. Keçən gün gördüm ki, bizim aktyorlar Türkiyəyə gedib və artıq film hazırlıqları başlayıb. Aktyorlarımız burada filmə çəkiləndə 10-15 min manat qonorar istəyirlər, amma Türkiyəyə gedəndə 1000-2000 manata çəkilirlər.
- Bizim aktyorlar sizdən nə qədər qonorar tələb etmişdi?
- Biz pul danışmamışdıq. Bilirəm ki, Fərdanın Türkiyədə qiyməti burada çəkildiyindən 5 dəfə aşağıdır. Çünki onlar elə düşünürlər ki, Türkiyədə populyar olacaqlar. Azərbaycan xalqından və mətbuatından istəyim odur ki, mənə dəstək olsunlar, haqqımı tələb edən zaman arxamda dursunlar. Başqa vaxt deyirlər ki, bizimkilərdə ideya, beyin yoxdur. Bu yanlış fikirdir. Biz istedadlı xalqıq. Bu gün mənim beynimin məhsulunu niyə kimsə oğurlamalıdır? Niyə yazmırlar ki, bu layihəni Azər İsmayılov, ATV və "A Media" ilə birgə hazırladıq? Indi bizim acığımıza bütün günü sosial şəbəkələrdə paylaşım edirlər, Türkiyə mətbuatının qarşısına çıxıb açıqlamalar verirlər. Biz işbirliyi quranda belə planlar yox idi. Mən aktyorlarımıza səslənmək istəyirəm ki, özlərini cılız göstərməsinlər. Türk aktyorları Bakıya gəlmək üçün yüksək qonorar tələb edir və bəziləri isə ayağına qaçır. Bəs niyə bizim aktyorlar orada özlərini ucuz qiymətə satır? Mənim heç bir aktyor, müğənni, aparıcı ilə qalmaqalım yoxdur. Qalmaqaldan uzağam. Sadəcə olaraq istəyirəm ki, əməyimin qarşılığını ödəsinlər. Ya kompensasiya versinlər, ya da filmdə ideya müəllifi olaraq mənim adım yazılsın. Bir iş görülürsə, orada halallıq olmalıdır. Əgər ödəniş etmək istəmirlərsə, filmin adını və içini dəyişsinlər. Sonra yenidən eyni aktyorlarla fərqli iş ərsəyə gətirsinlər. Mənim haqqım tapdalanıb. Bu işdə xalqdan dəstək gözləyirəm.
- Bu yaşananlardan sonra Fərdagillə danışmısınız?
- Mən heç kimlə danışmamışam. Mənə İslam demişdi ki, getməyəcək, onlarla işləməyəcək. 5 gün sonra gördüm ki, Türkiyədə müqavilə bağlayıblar. Mən əlimdəki imkanlardan istifadə edərək o filmin Azərbaycan kinoteatrlarında getməsinə mane olacağam. Necə ki, "Recep İvedik"də bizə qarşı olan haqsızlığı boykot etmişdilər, indi də eyni həssaslığı gözləyirəm.
- Əgər sizin istədiyiniz kimi filmin adı və istiqaməti dəyişsə, siz o filmi yenidən ekranlaşdıracaqsınız?
- Əlbəttə, çəkəcəyəm. O filmin maraqlı məntiqi var. "Yanlış anlama" iki mənadadır. Film haqda qısa məlumat verim. Bir türk olur, onu dostları həmişə yanlış anladığı üçün onlarla dava-dalaş edir. Bir gün ona Azərbaycandan zəng gəlir ki, atandan miras qalıb, buraya gəl. Bəzi türk sözləri də bizdə səhv başa düşüldüyü üçün oğlanı burda da başa düşmürlər. Mənim fikrim o idi ki, dilimizi türklərə aşılayaq. Çünki onlar bizim dilə gülməli baxırlar. Amma biz türk seriallarına hər həftə baxırıq.
- Filmlə bağlı hər iki ölkə mətbuatında xəbərlər yayıldı. Qarşı tərəf də deyə bilər ki, niyə Azər indiyə kimi susub, amma film reklam olunandan sonra danışmağa başlayıb? Sizi özünüzü onlarla reklam etməkdə ittiham edə bilərlər...
- Mənim danışmağım onlar üçün reklamdır. Bu məsələdə mənim reklam olunmağımdan söhbət gedə bilməz. Mənim müsahibəmdən sonra onlar daha çox gündəmə gələcək, çoxları onlar haqda danışacaq. Mən istəyirəm ki, haqqımı alım. Bu söhbət bir ildir ki, var. Daim danışıqlar gedib. Bizim yazışmalarımız var. Onları da mətbuata təqdim edirəm. Bu işlərə ATV-nin əməkdaşlarını da cəlb etmişdim. İndiyə kimi susmağıma səbəb digər layihələrimdir. Çünki başım qarışıq idi. "Yoxlama" proqramı üçün mən 5 gün çalışıram. 40 dəqiqəlik süjet üçün 5 gün yazı yazıram. Onlar mənə deməmişdi ki, Türkiyədə böyük təqdimat olacaq. Müqavilədə yox idi. Onlar bizim aktyorları bir araya yığaraq bizə acıq verdilər. İstədilər ki, bizə göstərsinlər ki, baxın, biz bunu etdik. Təəssüf ki, bizim aktyorlar da onların planının parçası oldu. Mən niyə susum ki? Həm də bu işi böyüdüb hamıya car çəkmək ağlıma gəlməyib. Dünən düşündüm ki, niyə susuram? Gecə Turan İbrahimova zəng etdim, olanları danışdım. Səhər isə iclas keçirib, haqqımı tələb etmək qərarına gəldik. Bəlkə də, desəydilər ki, Azərbaycanla iş birliyi olacaqdı, amma alınmadı. O zaman yenə susardım. Bilərdim ki, adımız keçdi, haqqımız tapdalanmadı. Mən gözlədim ki, ərsəyə iş gəlsin, sonra çıxıb danışım. Layihəmin oğurlanacağını gözləmirdim.
- Belə başa düşdüm ki, ödəniş etməsələr, sadəcə olaraq, adınız filmdə ideya müəllifi kimi qeyd olunsa, razılaşacaqsınız?
- Əlbəttə, razılaşaram. Filmdə ideya müəllifləri sırasında ATV ilə "A Media" qrupun adı yazılsın. Əgər yazmaq istəmirlərsə, mənə 50 min manat ödəniş etsinlər, mən əməyimi onlara satım.
- Məhkəməyə müraciət etməməyinizin səbəbi müqavilənizin olmamasıdır?
- Biz müqavilə bağlamamışıq. Ona görə məhkəməyə müraciət etmirəm. Müqavilə olmayanda iş birtərəfli qalır. Amma yazışmalarımız var, xərclədiyim pulların qəbzləri var. Mən ideyamın oğurlanacağını gözləmədiyim üçün açıq şəkildə layihəni onlara təqdim etdim. Bəlkə də, onlara inanmaq mənim səhvim oldu. İndi tək istəyim haqqımı almaqdır.