İnstaqramda söyüş söyən məşhur kimdir? Maqazin Klubu

878
İnstaqramda söyüş söyən məşhur kimdir? Maqazin Klubu

Biz “Maqazin Klubu” olaraq bu dəfə ümumi bir mövzuya toxunduq. Mövsümü deyil, sadəcə ilin ilk üç ayını gözdən keçirdik. Bunun üçün yenə də mən – Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan bir araya gəldik.

“ŞOU-BİZNES QIŞ YUXUSUNDADIR"

Pərviz:
- 2017-ci ilin üçüncü ayını da bitirdik. Amma bu aylardan şou-biznesdə xüsusi bir canlanma, yenilik, konsert və ya nəsə görmədik. Durğunluq davam edir. Yenə də, hər zaman işləyən bir neçə müğənni nəsə təqdim edir, digərləri isə sakitcə izləyirlər. 

Elvin:
- Yaz bir qədər yeniliklər fəslidir, təbiət canlanır, yenilənir. Bizim şou dünyamız isə hələ qış yuxusundan ayılmayıb.

Zəhra:
- Bayram ərəfəsində Aygün Kazımova, Günay İbrahimli, Miri Yusif, Sevil və Sevinc bacıları, Röya yeni mahnılarını təqdim etdilər. Amma diqqət etsək, səs-küylü, gözlənilən, müzakirə edilən nəsə yoxdur.

Pərviz:
- Zövqlər və gözləntilər çox yüksəlib. İnsanları təəccübləndirmək əvvəlki kimi asan deyil.

Elvin:
- Maraqlıdır ki, bəzi müğənnilər “YouTube”da asanlıqla milyon izləyici sayını keçirlər. Amma fikir verirəm ki, ətrafımızda o mahnılara qulaq asan, kliplərini paylaşan yoxdur. 
Bunlara harada qulaq asırlar?

“DOĞUŞ AYGÜN KAZIMOVA İLƏ SNUP DOQDAN TƏSİRLƏNİB”

Zəhra:
- Doğuş Bakıda klip çəkdirdi, bizdə məşhur olmasa da, yəqin ki Türkiyədəki məşhurluğuna görə milyonu keçdi.

Elvin:
- Həmin klipi Nail Naiboğlu çəkib və çox keyfiyyətli idi.

Zəhra:
- Klipdə Aygün Kazımova və Snup Doqun klipinə bənzərlik var idi. Bəzi səhnələr və ardıcıllıq eynidir.



Pərviz:
- Sadalasaq, çox az müğənni yenilik edib. Amma şou-biznes bu üç-dörd nəfərlə bitmir axı... Bütün günü efirlərdə müğənniləri görürük, amma nə mahnı buraxırlar, nə klip, yenilik də etmirlər.

Zəhra:
- Namiq Qaraçuxurlu da “Soyuqdur” adlı klipini təqdim etdi, çox da keyfiyyətli klipdir. Amma bizim müğənnilərin problemi mahnılarını, kliplərini reklam etməmələridir. Atırlar “YouTube”a, bununla da iş bitmiş sayılır. Türk müğənniləri sinql və ya albom buraxanda tanıtım üçün klublarda konsert verirlər, bölgələri gəzirlər... 

Elvin:
- Bir albomla bütün ili yola verə bilirlər. Həqiqətən də, bizdə piar problemi var.

"YERLİ ESTRADA XARİCİ VƏ TÜRK MÜĞƏNNİLƏRƏ UDUZUB"

Pərviz:
- Bizim müğənnilər albom buraxmırlar. Albom  nədir? 10 yeni mahnını birdən təqdim edirlər və hər kəs albomu gözləyir. Yerli şou-biznesimizdə isə il ərzində mahnıları oxuyurlar, sonra köhnə mahnıları bir yerə yığıb arxiv kimi buraxırlar. Məsələn, Funda Arar 10 mahnı buraxdı, il ərzində bir-bir klip çəkdirib gündəmdə qalacaq.

Elvin:
- Günah təkcə müğənnilərdə deyil. Azərbaycanda albom buraxan şirkət yoxdur. Əvvəllər “Səbuhi” var idi, o da kaset dövrünün bitməsi ilə sıradan çıxdı. İkincisi, bizim Müəllif Hüquqları Agentliyi plaqiat, qeyri-qanuni albom satışına qarşı mübarizə apara bilmir. Disk satışından bircə “Bu şəhərdə” qazanırdı, onlar da artıq kinoteatrda nümayiş etdirirlər. Digər problem dinləyicinin tənbəlliyidir. Müğənni İnstaqramda mahnısından bir hissə paylaşır, orada 80-100 min baxış olur. Amma həmin mahnıya "YouTube"da cəmi 10-20 min adam qulaq asır. 



Pərviz:
- Bu, həm də mahnının diqqət çəkməməsi ola bilər ki, dinləyici mahnıya tam qulaq asmağa ehtiyac duymur. 

Elvin:
- Onsuz da yerli estrada xarici və türk mahnılara artıq uduzub.

"MÜĞƏNNİLƏR PUL XƏRCLƏMƏK İSTƏMİRLƏR"

Pərviz:
- Deməli daha çox işləmək, çoxlu eksperiment etmək lazımdır. Toy bazarı ilə kifayətlənmək lazım deyil. 5-10 il sonra toydakı çıxışları heç kim yada salmayacaq.

Zəhra:
- Müğənnilər iş görəndə pul xərcləmək istəmirlər. Reklama, tanıtıma ehtiyac duymurlar.

Pərviz:
- Kimsə əlin daşın altına qoyub riskə getməlidir. Bir müddət pul qazanmağı unutmalıdırlar. Bunun üçün də kimisə qınamaq olmaz. Riskli işdir.

Zəhra:
- “Konsert niyə vermirsən” sualına “Qazancı yoxdur, pul qalmır, çətindir” deyirlər. Amma konsert vermək hesabatdır. Sənətləri və adları üçün bu mühümdür. Sadəcə əlavə pul xərcləmək istəmirlər. 



Son zamanların ən yadda qalan mahnılarını müzakirə edirik. Müqayisə etmək üçün seçimlərimiz az olsa da, yaddaqalanları sıraladıq.

"AYGÜN KAZIMOVA ÖLKƏNİN YARISINA BORCLUDUR"

Elvin:
- Aygün Kazımovanın “Gecələrdə” mahnısı radiolarda səslənəndə daha çox sevmişdim, mahnı təqdim olunandan sonra nəsə o qədər də diqqətimi çəkmədi. Mahnı elə bil ki, Aygünə pulsuz başa gəlib, sanki o hiss olunur ifasında. Aygün Kazımovanın mahnı almağa pulu yoxdur, ölkənin yarısına borcludur.

Zəhra:
- Eynən mənim üçün də elə təəssürat yaradır. Mahnı yayımlandıqdan sonra radiodakı effekti itdi.

Pərviz:
- Fikrinizin əsası yoxdur. “Gecələrdə” mahnısının pulsuz, ya pullu başa gəlməsi dinləyiciyə maraqlı deyil. Bu mahnıda uzun müddət sonra ilk dəfədir ki, Aygün Kazımvanın 2000-ci illərdəki obrazı və ruhu var. Mahnını üç il əvvəl Elçin Cəfərov oxumuşdu, amma demək olar ki, kütlənin ondan xəbəri yox idi.

MÜĞƏNNİLƏR ÜÇÜN İDEYAMIZ VAR...

Zəhra:
- Mahnıların tanıtımında əsas amillərdən biri də hər yerdə eşidilməsidir. Məsələn, ticarət mərkəzlərində, geyim dükanlarında, alış-veriş məkanlarında daha çox xarici mahnılar səsləndirilir. Bunda müğənnilərin özü də maraqlı olmalıdır, buna diqqət ayırmalıdılar. Gedib həmin məkanlarla danışsınlar tanıtım üçün. Bu da onlar üçün bir ideya olsun.

Elvin:
- Məsələn, çoxları Sevil-Sevinc bacılarını tənqid edir, amma çox yerdə onların mahnısı səslənir.

Zəhra:
- Azərbaycanda fanatlarına görə ən çox seçilən Röya, daha sonra isə Sevil-Sevinc bacılarıdır. Onlardan başqa kimin fanatı var ki? 

"30 İL FANAT ORDUSUNU SAXLAMAQ HƏR MÜĞƏNNİNİN İŞİ DEYİL"

Pərviz:
- Sevil və Sevinc bacılarının da fanatları var? İnstaqramda izləyicilərin çox olması fanat demək deyil. Onları izləyənlərin arasında tənqid etmək istəyənlər də var. Aygün Kazımovanın üç ildən sonra 50 yaşı olacaq və 30 ilə yaxındır ki, səhnədədir. Hələ də fanatları var.

Zəhra:
- Məncə isə, Azərbaycanda fanatları ilə münasibətinə görə birinci yerdə Röyadırsa, ikinci də Sevil və Sevinc bacılarıdır. 

Pərviz:
- Aygün Kazımova son illər gənc müğənnilərə nisbətən daha az hit buraxsa da, 30 il fanat kütləsini qoruyub saxlamağı hələ ki Azərbaycanda heç kim bacarmayıb.



HANSI MAHNILAR HİT OLA BİLƏR?

Pərviz:
Aygün Kazımova – Gecələrdə
Günay İbrahimli – Addım Addım
Miri Yusif – Tərki dünya

Elvin:
- Günay İbrahimli- “Addım-Addım”
Miri Yusif – “Tərki dünya”
Aygün Kazımova – “Gecələrdə”

Zəhra:
- Günay İbrahimli – “Addım-Addım”
Aygün Kazımova – “Gecələrdə”
Namiq Qaraçuxurlu – “Soyuqdur”
Namiqin klipi texniki baxımdan da çox keyfiyyətlidir.

İNSTAQRAMIN CANLI YAYIMINDA SÖYÜŞ SÖYƏN MƏŞHUR KİMDİR?

Son zamanlar məşhurlar İnstaqramın canlı yayımında izləyiciləri ilə söhbət edirlər. Bəzən isə bu söhbətlər müəyyən qalmaqallara səbəb olur.

Elvin:
- İnstaqramda canlı yayımda məşhurların çoxu hədlərini aşırlar. Amma tamaşaçı qarşısına çıxanda bir az diqqətli olmaq lazımdır. Harda olmağından asılı olmayaraq bunu unutmaq olmaz. İzləyicilər söyüş söyürlər və bunlar da canlı yayımda ən ağır formada cavab qaytarırlar. Məsələn, Tolik çox kobud söyüşlər söyür. Başa düşürəm, insan hisslərini ələ ala bilmir, amma başqa formada cavab vermək olar. Ya da rəqqasə Fatimə söyüş söyməsə də, kobud cavab qaytarır.

Zəhra:
- Orta hesabla müğənniləri eyni anda 500-700 nəfər izləyir. Bunlar isə elə bilirlər ki, təkdirlər, bunları heç kim görmür. O gün İlhamə Qasımova da canlı yayımda idi və söyüşlər səslənirdi. Bir ara girib türkləri izlədim, o qədər səmimi, mədəni söhbətlər edirlər ki...  

Pərviz:
- Əslində söyüş söyənlər, hisslərini idarə edə bilməyənlər, kobud olanlar bir neçə müğənnidir. Kənardan isə bu, fərqli görünür. Dinləyici bir-ikisindən bu hərəkəti gördükdən sonra bütün şou-biznes onun gözündə eyniləşir.

Zəhra:
- Bu yaxınlarda əməkdar artist Tahir İmanovun ata olması ilə bağlı xəbər vermişdik. Aktyor buna elə sərt və kobud reaksiya verdi ki, hər kəs təəccübləndi. Hətta açıqlamasında demişdi ki, "Xəbəri onlara halal etmirəm". Tahir İmanov bundan əvvəl onunla bağlı xəbər yazan jurnalistlərə dəfələrlə bu sözü deyib. Başa düşmürəm, yalan olmayan bir xəbəri yazmaq üçün jurnalist halallıq almalıdır? Tahir İmanovun xoş gününü onu sevənlərlə boluşmək haramdır? Əgər siz "əməkdar artist"sinizsə, insanlar sizdən yazacaq da, müzakirə edəcəklər də. Tahir İmanovun son günlər hansı fəaliyyəti var? İldə bir dəfə Heydər Əliyev Sarayında konsert verirlər, bununla da əməkdar artistin fəaliyyəti bitdi.  Hər yerdə müsahibə verir ki, efirlər mənə qadağa qoyub. İndi ondan yazan beş-altı sayt varsa, onlar da artıq yazmayacaq. 



“FİLM TƏQDİMATINDA AKTYORDAN ÇOX MÜĞƏNNİ OLUR"

Bu mövsüm kinoteatrlarımızda yerli filmlərin nümayişi də artır. Bu, çox yaxşı hal olsa da, bəzi nüanslar pis ənənə halını alıb. Mövzu filmlərin keyfiyyəti deyil, sadəcə həmin filmlərin təqdimatında bu sahənin adamlarından çox müğənnilərə rast gəlinməsidir. Ümumiyyətlə, son zamanlar film anlayışı olmayanlar bu mövzuda danışmağa başlayıblar.

Elvin:
- Müğənnilər film təqdimatlarına gələ bilərlər, amma bu dərəcədə yox. Film qəhrəmanlarından çox müğənnilər xüsusi hazırlaşırlar qala gecəyə... “Stalinin başı”nın təqdimatına Röya elə geyimdə gəlmişdi ki, başdan ayağa daş-qaş falan. Pis hal deyil əslində, amma bununla yanaşı orada sənətdə sözün demiş rejissorları, aktyorları, aktrisaları, film tənqidçilərini də görmək istəyərdik. Son aylardakı təqdimatlarda isə ancaq müğənniləri və aparıcıları görürük. 

Pərviz:
- Sanki film yox, klip təqdimatıdır. Elə klip səviyyəsində film çəkdikləri üçün də orada peşəkarları görmək istəmirlər. Axı onlar üçün filmlərinin tənqid edilməsi maraqlı deyil. Bir də son zamanlar “Film tənqidçiləri yoxdur” kimi fikirlər səsləndirirlər. Azərbaycan mediasında film sahəsini çox gözəl bilən Sevda Sultanova, Aliyə, Aygün Aslan kimi imzalar var.

Zəhra:
- Bir təqdimata hətta müğənni və aparıcıları məcbur aparmışdılar. Yeri gəlmişkən, son zamanlar təqdim olunan filmlərdən ən çox bəyəndiyim “Stalinin başı” olub. Bir də bütün filmlərdə eyni adamları görməkdən bezdik: Fərda, Elməddin, Şəhriyar...

“ŞOU VERİLİŞLƏRİNİ YIĞIŞDIRDILAR, AMMA YERİNƏ YENƏ ŞOU GƏLDİ"

Pərviz:
- Mövsümün sonuna bir neçə ay qalıb və bu il telekanallarımız yenə də xüsusi nəsə edə bilmədilər. Yenilik təkcə yerli seriallara artan maraq oldu. Məsələn, keçən ilki müzakirəmizdə “İlin verilişi” seçdiyimiz “5-ci element” bu il uğursuz alındı. Hətta aparıcı dəyişikliyinə gedəndə biz bunun uğursuz ola biləcəyi proqnozunu da vermişdik. Amma yeganə səbəb bu deyil. Maraqlı qonaqlar da azalır... Hər veriliş əvvəlki kimi mediada müzakirə olunmur.

Elvin:
- Bu mövzularda pessimistəm. Televiziyada inqilab etmək üçün fərqli beyinlər lazımdır. Bu beyinlər hələ  bizdə yetişməyib. Nə televiziyalar, nə müğənnilər insanları təəccübləndirə bilmirlər. 

Zəhra:
- Bütün telekanallarda eyni adamlar, eyni qonaqlar da çox bezdiricidir. Başa düşürəm, pul verən müğənnlər daha çox efirə buraxılır. Hətta çoxlarının “Bozbaş” müğənni dediklərinin də öz auditoriyası var, aydındır. Amma təkcə o səviyyəni fikirləşmək lazım deyil axı, fərqli insanlar və zövqlər gözləyən tamaşaçı da var.

Pərviz:
- Bir müddət əvvəl MTRŞ efirdəki şouları azaltdı, bəzi verilişər bağlandı. Amma yenə də həmin verilişlərin yerinə şou gəldi, fərqli bir şey yaşanmadı.

Elvin:
- “Davam ya tamam” fərqli layihə idi. Amma tutuzdura bilmədi, baxımsız alındı.



“OKSANA VƏ ELŞAD HAMININ GÖZÜ QARŞISINDA ÖPÜŞƏCƏK"

Zəhra:
- Son günlərin ən çox müzakirə edilən şou hadisəsi Oksana və Elşad Xosenin “Mələyin öpüşü” filmindəki öpüş səhnəsidir.

Elvin:
- Film hələ sentyabrda təqdim olunacaq, amma Oksana artıq bu filmin piarına başlayıb. Bu, çox yaxşıdır. Filminə olan marağı o qədər güclüdür ki, o yenidən Elşad Xose ilə bir araya gəldi. Filmin təqdimatına kimi 6 ay ərzində media Oksanaya hər dəfə o səhnə haqda sual verəcək və film reklam olunacaq. O vaxta kimi “Oksana və Elşad barışacaq?” mövzusu müzakirə ediləcək. Təqdimatda kameralar qarşısına əl-ələ çıxacaqlar və bəlkə də orada da öpüşəcəklər.

Zəhra:
- Elşad Xose də orada Oksanaya evlilik təklif edəcək.

(Gülürük)

Elvin:
- Mən şou-biznesdəki barışıqlara normal baxmıram, çünki küsülü qalmaq hər iki tərəf üçün piardır. Hətta üzdə barışsalar da, çox vaxt arxada yenə rəqabət davam edir.

Zəhra:
- Məsələn, Aygün Kazımova və Natavan bir-birinə barışıq jesti etsələr də, əslində barışmayıblar. Çünki bu yaxınlarda bir tədbirdə idilər və salamlaşmadılar. 

Bu dəfəlik “Maqazin Klubu”nu yekunlaşdırırıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov (Axşam.az)
Söhbət etdi: P.Sadıqov (Axşam.az), Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)
Fotolar: Bəhruz ƏLİZADƏ
İnstaqram: @maqazin_klubu

Xəbər lenti