Uzun fasilədən sonra xalq artisti Rasim Balayev yeni filmə çəkildi. Amma təəssüflər olsun ki, filmin qala gecəsində sevimli aktyoru görmədik.
Mynews.az xəbər verir ki, filmin rejissoru Elvin Əhmədov yeniçağ.az-a açıqlamasında aktyorun təqdimata gəlməməsini belə izah edib:
“Rasim Balayev çox istəyirdi ki, bu filmin qala gecəsinə qatılsın. Amma onun səhhəti ilə bağlı ciddi problemlər yaranıb. Buna görə də aktyor gələ bilmədi”.
Qeyd edək ki, “Sara” adlı filmin rejissoru Elvin Əhmədov, ssenari müəllifi Fərəc Süleymanov, operatoru Ruslan Ağazadə, baş prodüseri Cəmil Cəfərovdur.
Filmdə xalq artisti Rasim Baleyev, əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Duyğu Dəvəli, Zarina Qurbanova, Cəmil Cəfərov, Elvin Əhmədov və başqaları çəkilib.
Onu da öyrəndik ki, ekran işi 100 min manata ərsəyə gəlib.
Xalq artisti Rasim Balayev yeniçağ.az-a açıqlamasında qala gecəsinə gəlməməsini səhhətindəki narahatlıqla izah edib:
“Belimdə ağrılar vardı, istəmədim belə vəziyyətdə gəlim. Həm də axsaya-axsaya səhnəyə çıxmaq mənə yaraşmaz”.
Aktyor filmə çəkilməsindən də danışıb:
“Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz. Necəydi, film xoşunuza gəldimi?”
Xalq artistinin sualına cavab olaraq bildirək ki, təqdimatı keçirilən “Sara”ya məhz onun roluna görə baxmaq olar. Amma bu yerdə bir məsələ qaranlıq qalır: 100 minə başa gələn filmdə Rasim Balayevin zəhməti niyə cüzi qiymətləndirilib? Sonra da deyirlər sənətkarlar filmlərdən imtina edir.