Azərbaycanda xeyli sayda məşhur övladını vaxtsız itirib. Onlar arasında xalq artistləri, müğənnilər, hətta ictimai-siyasi xadimlər də var.
Mynews.az Metbuat.az-a istinadən övlad acısı yaşayan bir neçə məşhuru təqdim edir.
Övladını vaxtsız itirən məşhurlardan biri xalq artisti, bəstəkar Ramiz Zöhrabovdur. Ötən ay xalq artistinin oğlu Rəşad Zöhrabov ağır yol qəzası keçirmişdi. Təcili xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 77 yaşlı bəstəkarın özünün səhhətində ciddi problemlər yarandığından ailəsi oğlunun ölümün ondan gizlədib. "Ramiz müəllim xəstədir, ona bu sözü demək olmaz" - deyə bəstəkarın həyat yoldaşı bildirib.
Xatırladaq ki, Rəşad Zöhrabov AzTV-nin xəbərlər departamentinin rejissoru olub.
Əməkdar artist, sevimli aktrisa Kübra Əliyeva da övlad acısı yaşayan məşhurlardan biridir. Ötən il aktrisanın böyük oğlu Rauf Məmmədov həbsxanada dünyasını dəyişib.
Qeyd edək ki, əməkdar artistin oğlu 6 il öncə Bakıda aptekə basqın edərək, satıcı qıza xəsarət yetirib, kassa aparatından 505 manat pul apardığına görə həbs olunmuşdu. Uzun müddət narkotik maddələrin istifadəçisi olan R.Məmmədov bundan əvvəl də bir neçə dəfə məhbus həyatı yaşamışdı. Sonuncu həbs isə onun ölümünə səbəb olub.
Xatırladaq ki, aktrisa Kübra Əliyeva bir neçə il əvvəl də övlad acısı yaşamış, kiçik oğlunu faciəli şəkildə itirmişdi.
İkiqat övlad acısı yaşayan digər aktrisa isə mərhum xalq artisti Nuriyyə Əhmədovadır. Onun ilk övladı olan qızı İlahə 1996-cı ildə, 20 yaşında qətlə yetirilib. İddialara görə, aktrisanın qızı ailə münaqişəsi zamanı əri tərəfindən öldürülüb. Xalq artisti hər zaman bu barədə açıqlama verməkdən yayınıb.
İkinci övladı olan oğlu Əli isə 37 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktrisa oğlunun ölümündən bir il sonra kəskin ürək tutmasından vəfat edib. Vəsiyyətinə əsasən Nuriyyə Əhmədova Şüvəlan qəbiristanlığında, oğlunun və qızının yanında dəfn olunub.
Xalq artisti, məşhur gülüş ustası Arif Quliyevin oğlu Fərid Quliyev isə həbsxanadan çıxdıqdan bir il sonra dünyasını dəyişib. Xatırladaq ki, xalq artistinin oğlu adam öldürdüyünə görə 14 il məhbəs həyatı yaşayıb. Vərəm xəstəliyindən əziyyət çəkən Fərid Quliyev həbsxanadan çıxdıqdan sonra bir müddət xəstəxanada, evdə müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bəstəkarlar Nailə və Hikmət Məmmədlilərin ailəsi də övlad faciəsindən yayına bilməyib. Belə ki, bəstəkarların 14 yaşlı oğlu dənizdə boğularaq ölüb. Faciədən bir müddən sonra Hikmət Mirməmmədli özü ürək tutmasından keçinib. Əməkdar mədəniyyət xadimi bu ada layiq görüləndən bir neçə gün sonra ürək çatışmazlığından dünyasını dəyişib.
Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev də faciəli şəkildə dünyasını dəyişib. 9 il öncə onun avtomobili müəmmalı şəkildə yanıb. B.Müstafayev qapını aça bilmədiyindən maşının içərisində yanaraq ölüb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində baş verib.
Vaxtilə məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun ailəsində baş verən övlad faciəsi isə hər kəsi dəhşətə gətirmişdi. Məlumata görə, cütlüyün Rövşən adlı oğlunu doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını isə çemodana yığmışdılar.
Qeyd edək ki, Rövşən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi imiş. Dəhşətli hadisənin hansı səbəbdən törədilməsi bu günə qədər də sirr olaraq qalır. Faciədən bir müddət sonra məşhur cütlük ayrılmaq qərarına gəliblər.
Aparıcı Afaq Gəncəli də bu yaxınlarda yeganə övladı, oğlu Qədirxanı itirib. Qeyd edək ki, aparıcının oğlu uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi və Türkiyədə müalicə aldığı xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.
Övlad acısı yaşayanlar sırasında tanınmış siyasətçilər də var. Millət vəkili Fazil Mustafanın 8 yaşlı oğlu Elçibəy və qaynı Mahir Mirzəyev dəm qazından boğularaq dünyasını dəyişib.
KXCP sədri Mirmahmud Mirəlioğlu ən çox faciə yaşayan valideyndir desək, yanılmarıq. Belə ki, siyasətçinin üç övladı erkən həyatdan köçüb. İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. KXCP qərargahı qarşısında qəfildən yerə yıxılan M.Fəttayev sonra dünyasını dəyişib.
2012-ci ildə isə M.Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib.