Müğənni Şəbnəm Tovuzlu (Əsədova) şəxsi həyatından danışıb.
Mynews.az xəbər verir ki, APA TV-nin "Show time” verilişində qonaq olan ifaçı bildirib ki, özəl həyatının mətbuatda işıqlandırılması onu çox üzüb:
"Bu, əvvəldən belə olub. Müğənninin hər bir addımı insanlar üçün maraqlı olub. Yəni elə bilirlər ki, müğənni adi insandan fərqlidir. Xeyr, bizim fərqliliyimiz odur ki, müğənniyik. Qaldı ki, şəxsi həyatımın mediada müzakirə olunmasına, bunu bilərəkdən işıqlandıran bir-iki nəfər oldu.
Mən son vaxtlar özüm də məəttəl qaldım. Yəni övlad dünyaya gətirən tək insan mən deyildim. Bir çox müğənnilərimiz ana oldu. Heç onlarda bu qədər müzakirə olmayıb. Sadəcə, mən şəxsi həyatımı gizlətdikcə, bunlar açıqlamağa çalışdılar. Həyatımda gizlədiləcək heç bir şey yoxdur. Yoldaşım sizinlə də telefonda danışıb. Lazım gəlsə, çıxıb özü də açıqlama verər. Sadəcə o, sənət adamı deyil, sənətə də bağlılığı yoxdur. Niyə də çıxıb deməlidir? Bu xəbərlər çıxan zaman yoldaşım mənə çox dəstək oldu. Mən həmin ərəfələr çox əsəb keçirdim. Yoldaşımın mənə elə də pis münasibəti olmur. Sadəcə, mənə deyir ki, sənətdəsən, bu şeylər olan şeydir. Sənətdəsənsə, bu şeyləri yaşamalısan”.
İfaçı onu da əlavə edib ki, bütün bunları öncədən sifariş edən şəxs olub:
"Şəxsi həyatım bir ildir ki, müzakirə olunur. Amma ondan qabaq simam tanınmırdı, yəni efirlərdə tanınmadan öncə mahnılarım tanınırdı, sevilirdi. Şəbnəm Tovuzlu olaraq "Sevənlər ölməz deyirdin” mahnım tanınırdı. Müğənnilər var ki, müəyyən bir məbləğ xərcləyir, simasını tanıdır, daha sonra isə mahnılarını ortalığa qoyurlar. Amma məndə belə olmadı. Məndə xoşbəxtçilikdən heç mahnılara da o qədər pul xərcləməmişdim. O zamanlarda Rusiyada yaşayırdım. Mahnım isə Azərbaycanda sevilirdi. Bütün bunların mətbuatda yazılmasını istərdim. Amma mənim şəxsi həyatımın müzakirə olunması bir sifariş idi. Çünki mən heç bir zaman istəməmişəm ki, mənim ailəm kənarda müzakirə olunsun. Bəziləri var ki, dedilər ki, bu Şəbnəm xanıma gündəm gətirdi. İstəmirəm, bu cür gündəmi. İndi deyirlər ki, mən sənətimlə yox, şəxsi həyatımla gündəmə gəlmişəm. Yox, bu belə deyil. Son 1 ildə mənim əsəblərimlə oynadılar. Sadəcə bilmək istəyirdilər ki, Şəbnəm xanımın bu həyatda arxanda duran kimdir”.