Heç kimi bəyənməyən Natavan Həbibi kəndli oğlana ərə getdi - VİDEO

1833
Heç kimi bəyənməyən Natavan Həbibi kəndli oğlana ərə getdi - VİDEO

Dünən Gənclik Cinema Plusda baş rollarda Natavan Həbibi və Məcid Hüseynovun çəkildiyi “Hozu” filminin təqdimat mərasimi keçirilib.

Şəhərli qıza aşiq olmuş kəndli oğlandan bəhs edən filmin rejissoru İlham Yaşaroğludur. Ssenaristləri isə Məcid Hüseynov, Ramiz Hüseynzadə, Tural Baxış, Elsevər Mehdizadə və Vüsal Hacıqədirdir.

Özünü filmdə ikinci dəfə aktrisa kimi sınayan Natavan Həbibi bizə təəssüratlarını bölüşüb:

“Çəkiliş prosesində çox həyəcanlı idim. Rejissor və digər yaradıcı heyət mənə dəstək olurdu, motivasiya üçün tez-tez müsbət fikirlər bildirirdilər. Elsəvər isə maraqlı meyxanalar deyirdi, xoş ab-hava yaradırdılar. Kinoda xarakter olaraq özümdən çox uzağa getməmişəm. Ümid edirəm ki, rolumun öhdəsindən gələ bilmişəm. Ümumiyyətlə, işimə çox məsuliyyətlə, özümə qarşı isə çox tənqidi yanaşıram. Bu səbəbdən də işlərim gec işıq üzü görür. Məsələn, kliplərdə bəyənmədiyim kadr olanda üzərində çox işləyirik. Burda da həmçinin rejissorun və montajçını bezdirmişdim. İş hazırda olanda baxdım və nəticədən həqiqətən razı qaldım. Görüntülər çox gözəl alınıb, uğurlu kadrlar çoxdur. Filmdə məni heç nə narahat etmədi”.

Sevilən ifaçı romantik melodrama filmində heç kimi bəyənməyən şəhərli qız obrazını canlandrıdığını bildirib:

“Filmdə də həyatdakı kimi heç kimi bəyənməyən, özündən razı, naz edən rus dilli və şəhərli qızı canlandırmışam. Xaraktercə hardasa mənə yaxındır. Amma səmimi və təbii insan görəndə ona ürəyimi də çıxarıb verməyə hazıram. Təki qarşı tərəfin o səmimiyyətini və mənəvi doğmalığını hiss edim. Filmdə kəndli bir oğlanın hisslərinin saflığına və səmimiyyətinə inandığım üçün canlandırdığım qəhrəmanda özündən razılıq əlamətlərindən əsər-əlamət qalmır. Sonda ona aşiq oluram”.

Müğənni özünü səmimi kimi göstərməyə çalışan insanlardan da şikayət edib:

“Təbii ki, şou-biznesdə özünü səmimi kimi təqdim edənlər də çoxdur, məni sevməyib sadəcə yalandan üzümə gülən insanlarla tez-tez qarşılaşıram. Bu sahədə çalışan insanların eqosu digərlərindən adi insanlardan qat-qat yüksəkdir. Şou nümayəndələri istəyir ki, yalnız onun haqqında danışsınlar, yalnız onu sevsinlər. Bu baxımdan şou əhli arasında dostluqlar çox vaxt baş tutmur”.

N.Həbibi aldığı qonorardan da razı qaldığını etiraf edib.

“Razı qaldım. Lakin qeyd etmək istrərdim ki, əslində bir çox işimi hərdən heç bir qonorar fikirləşmədən görürəm. Məsələn, mahnı yazdırdığım gün toy dəvətindən imtina edirəm. Çünki bütün fikrimi mahnı üzərində cəmləşdirmək və bütün duyğularımı mahnıya ötürmək istəyirəm. Odur ki, mənim üçün sənət həmişə puldan daha öndə dayanır. Sənətə başqa cür yanaşıram”.

Müğənni “Hozu”-da digər filmlərdən fərqli olaraq söyüş istifadə olunmadığını xüsusi nəzərə çatdırıb:

“Bu filmə istənilən yaş qrupuna aid olan insanlar baxa bilər. Çünki söyüş yoxdur. Hamı öz ailəsi ilə birlikdə rahatalıqla filmi izləməyə gələ bilər. Yeri gəlmişkən filmdə mahnını da mən səsləndirmişəm. Onu da sevgilimə aid etmişəm”.

Xəbər lenti