Aparıcılarımızın canlı efirdəki bağışlanmaz səhvləri - VİDEO

748
Aparıcılarımızın canlı efirdəki bağışlanmaz səhvləri - VİDEO

Bu gün gənclərin əksəriyyəti aparıcı olmaq arzusundadır.

Lakin aparıcı demək, veriliş ərzində kolbasa reklamları ilə şou nümayəndələrinin mahnılarını təqdim etməkdən ibarət deyil. Aparıcı böyük kütləyə sözünü yeritmək və onları yönləndirmək kimi xüsusiyyətə malikdir. Təəssüf ki, telekanallarımızın əksər aparıcıları nəinki özlərini inkişaf etdirmir, hətta nöqsanlarını görməkdə də acizdirlər. Bu aparıcılardan bəziləri cümlədə eyni sözdən dəfələrlə istifadə edir, bəzisi hələ də sözləri düzgün tələffüz etmir, kimisi də qurduğu cümlələr arasındakı əlaqədən xəbərsizdir.

Telekanallarımızdakı aparıcıların qüsurlarından teletənqidçi, televiziya xadimi Elçin Əlibəyli danışıb:

“Gəlin sualımızı iki hissəyə bölək. Söhbət söz ehtiyatından gedirsə, aparıcının söz bazasının olması üçün gərək kifayət qədər mütaliəsi olsun. Bu mütaliə üçün ancaq dünya və Azərbaycan ədəbiyyatı yox, həm də publisistik ədəbiyyat olmalıdır. Aparıcının sözü tükəndikdə, o, məcburdur ki, vaxtı doldursun. Hər aparıcı verilişdəki çıxışlarını bölgüyə ayırmalıdır. Tutalım ki, aparıcı 15 dəqiqə danışacaqsa, həmin vaxta nələr sığışdırmalı olduğunu bilməlidir. Bu isə böyük peşəkarlıq tələb edir. Bunun üçün universitet bitirmək lazım deyil. Oturub dünyadakı aparıcıları izləmək lazımdır. Orta statistik söz ehtiyatımız 1500-dür. Azərbaycan dilində 120 min söz var və bunun 30 mini işləkdir. Gəlin baxaq, bu 30 min sözdən aparıcılarımız neçəsini bilirlər? Məsələnin ikinci tərəfi sözlərin düzgün tələffüzüdür. Aparıcılara artikulasiya məşğələləri keçilməlidir. Heyf ki, bizdə televiziya aparıcıları yetişdirən ali təhsil ocağı yoxdur. Əksəriyyəti təsadüfən efirə çıxan adamlardır. Buna görə həm söz tapmırlar danışmağa, həm də tapdıqları söz cümlələrinə uyğun gəlmir”.

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli də mövzuya münasibət bildirib:

“Dil qüsuru cəmiyyəti narahat edən əsas məsələlərdən biridir. Xəbər aparıcılarını qismən yaxşı hesab etmək olar. Ən çox dil problemlərinə analitik, əyləncə və şou xarakterli verilişlərdə rast gələ bilərik. Çünki bura cəlb olunan aparıcılar çox vaxt təcrübəli olmurlar. Onların verilişlərinə çağırdıqları qonaqlarda da bir çox qüsurlar olur. Aparıcılar çox quru, sxematik danışırlar və obrazlılıq yoxdur. Şou verilişinin aparıcılarına daha çox məsuliyyət düşür. Çünki daha sərbəst mühitdədir və söz ehtiyyatı tələb edir. Ümumiyyətlə, gərək yenidən aparıcılar arasında monitorinq aparılsın. İndi aparıcılar haqda danışmaqda çətinlik çəkirəm. Kanallar arasında "Space" telekanalı xüsusi ilə diqqət çəkir. Orda qüsurlar ciddi gözə çarpır. Verilişə 6 dəqiqə baxanda, aparıcının da, verilişin də səviyyəsi ortaya çıxır. Radiolarda öz adlarını Dj qoyurlar, ancaq nə musiqi hazırlıqları, nə də dil hazırlıqları var, gəlib mikrofon qarşısına çıxıblar”.

Xəbər lenti