İnsanları ölümə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə, bəla sayılıb.
Çox təəssüf ki, “ağ ölüm”ə aludə olanların sayı gündən-günə artmaqdadır. Narkomaniya - insanın kimliyindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, onu çox asanlıqla öz ağuşuna ala bilir.
Hətta dünyada bir çox tanınmış məşhurlar da narkotik vasitələrdən asılı vəziyyətə düşüb. Bu siyahıya azərbaycanlı tanınmışları da əlavə etmək olar.
Məsələn, götürək Azərbaycan şou-biznesini, müğənnilər, aktyorlar arasında da narkotik istifadəçiləri az deyil.
Məşhur gitara ifaçısı, xalq artisti Rəmiş (Rafiq Hüseynov), mərhum repçi Hüseyn Dərya, “repin atası” hesab olunan Anar Nağılbaz, repçi Elşad Xose, mərhum müğənni Elçin Cəlilov və başqalarının adları bu konteksdə daha çox hallanır.
Onlardan xalq artisti Rəmiş uzun müddət narkotik istifadəçisi olub. Müsahibələrindən birində “Uşaqlıqdan narkotik istifadə edirəm. “Kubinka”da, “Dağlı məhəlləsi”ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi”.
Mərhum repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb, həbsə də düşüb. Repçi bunu etiraf da etmişdi: “Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdir, səhvdir etmişəm”.
Digər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır, eləcə də müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotikdən asılılığının olduğu bildirilir. Ümumiyyətlə, əksər meyxanaçıların adının narkotik istifadəçisi kimi hallanması vəziyyətin nə qədər ürəkağrıdıcı olmasından xəbər verir.
Meyxanaçı Bayram Kürdəxanlı da narkotik istifadəçisidir:
“22 yaşımdan, nəşə çəkirəm. Məclislərdə mənə narkotik təkli edirlər ki, təbim gəlsin”.
Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov da narkotik istifadə etdiyi üçün hazırda həbsdədir.
Psixoloq Rəşad Rəhimbəyli BiG.AZ-ın müxbiri ilə söhbətində bu mövzu ilə bağlı danışır:
- Burada belə bir sual meydana çıxır: narkotik maddələrdən istifadə edən insanlar hansı ehtiyaclarını ödəyirlər? İnsanın özünü xöşbəxt hiss etməsi üçün beyində dopamin və serotonin hormonları istehsalı, ifrazı normada olmadır. Yaxud bu hormonlar normadan artıq olduqda insan özünü çox xoşbəxt və hüzurlu hesab edir. Bu zaman qan-damar sistemi, beyin qidalanması, onun işləmə mexanizmi də sürətlənir. Yəni xoşbəxt, problemsiz insan daha sağlam düşünə bilir.
Beyin narkotik vasitələrin qəbulunda dopamin və serotonin hormonlarının istehsalını artırmır. Çünki hər birimizin beynində depo olaraq, dopamin və serotonin hormonları mövcuddur. Narkotikə aludə olunan insanlarda bu hormonların normadan artıq istifadəsi prosesi baş verir. Bu da insanın özünü həddindən artıq xoşbəxt və enerjili hiss etməsinə səbəb olur.
Məşhur insanlar populyarlaşdıqdan sonra bir müddətdən sonra onlarda həyatdan zövq almaq duyğusu azalır.
Yəni şou-biznesdə olan insanlar sadə adamlardan fərqli olaraq, hər xırda şeydən əylənmir, zövq almırlar. Yəni onların həyat tərzi, əyləncələri, içki məclisləri ulduzlar üçün darıxdırıcı olur, mənasını itirir.
Artıq məşhur insan xoşbəxt olmaq üçün səbəblər tapa bilmir. Bu məsələnin bir tərəfi...
Başqa faktorlara da toxunmaq istəyirəm. Məşhur simalar, adətən, şou-biznesdə olan insanların həzz alma duyğusundan məhrum olmaq səbəblərindən biri də odur ki, ətrafındakı insanların böyük əksəriyyətinin onların statuslarına görə yanlarında olduğunu hiss edirlər. Onlarda zamanla belə bir duyğu yaranır: məni həqiqətən, səmimi sevən yoxdur... Bu insanlar məhz statusuma görə yanımdadırlar.
Beləliklə, həzz alma duyğusu itirilir. Və narkotik vasitələrdən istifadə edirlər, bu duyğunu doldurmağa, sanki dondurmağa çalışırlar. Narkotik vasitələrdən alınan zövq duyğusu, insanın ən təbii həzz duyğusu olan orqazmdan 3 min dəfə çoxdur.
big.az