“Atamın istəyi ilə bu sənətə gəlmişəm. Mən zərgər olmaq istəyirdim. Atam daxil olduğum universitetdəki işini də mənə görə tərk etdi” deyən Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru, “Oğlan evi” nin İsisi Elşən Hacıbabayev metbuat.az-ın qonağı olub.
Xatırlatma...
Elşən Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Bakı Mədəni Maarif Texnikumunun aktyorluq ixtisasına daxil olub. 2002-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor kimi çalışıb. 2009-cu ilin 1 mayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Əsas rolları:
Moskva-Bakı qatarı (2005) , İnterpapa (2006), Qaydasız döyüş (2009), Döngələr (2012), Çaqqal nəfəsi (serial, 2013), Mən evə qayıdıram (2014), 3 bacı (teleserial, 2012), Bir ailəm var (teleserial, 2013), Oğlan evi: Azərbaycansayağı qarət (2015), Oğlan evi 2, Gizlənpaç (2016) kimi filmlərdə rol alıb. Müxtəlif reklamlarda çəkilib.
- Film, serial və tamaşalarda çoxsaylı rollarınız olsa da, “Oğlan evi-1” filmində canlandırdığınız "İsi" obrazı ilə diqqəti üzərinizə çəkməyi bacardınız. Səbəbi nədə görürsünüz?
- Kino və seriallarda rol alsam da, əsasən teatrda səhnəyə çıxmışam. Professional teatrda ilk rolum "Tənbəl Əhməd" olub. “Oğlan evi” karyeramda bir partlayış oldu. Düşünürəm ki, nəticə rola olan sevgimdən yarandı. O işdə vicdan, sevgi varsa, nəticə əla olacaq. Bununla yanaşı, filmin uğurlu olması ssenari, montaj, aktyor seçimi və rejissordan da asılıdır.
Kastinqə dəvət alanda bunu o qədər də ciddiyə almadım. Çünki ona qədər mənə çoxsaylı dəvətlər gəlsə də, sonra yoxa çıxırdılar. Lakin bu dəfə tam fərqli oldu. Kastinqin səhəri günü rolumun təsdiqi haqda zəng aldım.
- Filmin bu qədər seviləcəyini düşünə bilərdinizmi?
- Sevilməyimdə texnikanın da rolu var. İlk rol aldığım film olan “Moskva-Bakı qatarı” 2005-ci ildə çəkiləndə kinoteatr yox idi. Kommersiya filmləri çox az çəkilirdi. İndi isə həm filmlərin, həm də kinoteatrların sayı artıb. Deyərdim ki, hazırda filmlərin uğura gedən yolu məhz kinoteatrlardan keçir.
- Tamaşaçıların üzündə gülüş yaratmağı bacaran Elşəni güldürmək, onunla zarafat etmək asandırmı?
- Deməzdim... Məni güldürmək o qədər də asan deyil. Mənasız zarafatları heç sevmirəm. Xüsusilə də, tanımadığım insanlar mənimlə zarafat etmək istəsə, bu məndə qıcığa səbəb olur. Hər kəs yerini bilməlidir.
- Övladınız teatrı sevirmi?
- Qızımı demək olar ki, hər ay teatra gətirirəm. Əksər vaxtlarda sinif yoldaşları da tamaşaya gəlir. Uşaqlar arasında maarifləndirmə aparmaq lazımdır. Bəlkə də onların arasından gələcəkdə tanınmış aktyor və ya aktrisa çıxacaq. Övladım hələ ki, gələcəkdə aktrisa olacağı haqda nəsə deməyib. Həkim olmaq istədiyini deyir. Əgər aktrisa olmaq istəsə mane olmaram. İnsanı nəyəsə məcbur etmək olmaz.
- Rola görə rejissordan incik qalmısınızmı?
- Aktyorun rejissordan inciməyə haqqı yoxdur. Aktyorun peşəkar olması onun bütün rolları ifa edə biləcəyi anlamına gəlmir. Ola bilər ki, mən o rola uyğun gəlmirəm. Belə halda geri çəkilirəm. Peşəkar rejissor bu zaman vəziyyətdən çıxış yolu tapır, rolu uyğun aktyora həvalə edir.
- Rola hazırlaşmaq üçün həmin obrazla bağlı müşahidələr aparırsınızmı?
- Sözsüz, məncə əksər aktyorlar belə edir. Müşahidə qabiliyyəti aktyoru oynayacağı rol üzrə püxtələşdirir. Bu isə mükəmməl nəticəyə atılan ilkin addımdır. Bəzi rollarım var ki, həyatımla uzlaşır.
İlk serialım “Üç bacı” da olub. Orada kiçik rolum olsa da, rolumu çox sevirdim. Məncə məhz o serialdan sonra daha çox tanınmağa başladım. Təxminən 3 il ərzində ilk seriyadan son seriyaya qədər iştirak etdim.
- Sizi nə yora bilər?
- Bekarçılıq məni yorur. Mən öz işlərimi də görürəm, həyat yoldaşım və övladımla bağlı işləri də asanlıqla görə bilirəm. Məni yalnız bekarçılıq yora bilər. Mən yalnız fiziki yorğunluqdan narahat ola bilərəm. Fiziki yorğunluq olmasa, yata bilmərəm. Bu normaldır. Mənəvi yorğunluğum isə sənətimə olan diqqətsizlikdən yarana bilər. Yaradıcı insanlar həssas olduğundan daim ətrafdakılardan qayğı gözləyir.
- Mükafatlarınız varmı?
- Kalmıkiya Respublikasında qastrol səfərində olarkən mükafatla təltif edilmişəm. Lakin Azərbaycanda hansısa mükafatım yoxdur. Çox istəyərdim ki, ad alım.
- Həyatda necə insansınız?
- Deyib-gülməyi sevirəm. Tez-tez dəyişən insanam. Bir gün deyingən ola bilirəm, bir gün deyib-gülürəm. Hərdən elə hadisələrlə rastlaşıram ki, o zaman gülmək olmur.
- Son zamanlar Gənc Tamaşaçılar Teatrı haqda xoşagəlməz məlumatlar gəzir. Teatrdakı ab-hava sizi qane edirmi?
- Həftənin cümə, şənbə, bazar günləri axşam saatlarında böyüklər üçün tamaşalarımız olur. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşalar isə günorta saatlarında olur. Teatrdakı vəziyyətdən razıyam. Fəaliyyətimiz üçün hər şərait var. İnsan ətrafa pozitivlik saçarsa, pozitivlik də qəbul edər. Film və seriala gətirdiyim obrazların uğurlu olmasına səbəb teatrdakı fəaliyyətimdir.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Aprelin 19-da “Dəcəl keçi” tamaşası ilə ona yaxın aktyor, aktrisa ilə Gürcüstan, Çeçenistan və Dağıstana qastrol səfərimiz var. 30 apreldə Azərbaycana qayıdacağıq. İyun ayndan etibarən uşaq filmi olan “Samedik” kinoteatrlarda nümayişə çıxarılacaq. Hazırda Emin Quliyevin “Pərdə-2” dram filminə çəkilirəm. Mayın 18-də “Məlikməmməd tamaşası” nın premyerası olacaq.
- Səhnəyə çıxarkən həyəcan keçirirsizmi?
- Məni oynadığım rola tamaşaçının göstərəcəyi münasibət həyəcanlandırır. Xüsusilə də premyeralarda həyəcan keçirirəm. Tamaşaçı alqışı mənimçün əvəzedilməz nemətdir.
- Hobbiniz nədir?
- Səyahət etməyi sevirəm. Cənubi Afrikada olmaq, oradakı zəngin heyvanat aləmini öz gözlərimlə görmək istərdim. Afrikaya olan sevgimi tez-tez “Facebook” dostlarım yazılarımda görür.
- Uğurlarınızdan narahat olanlar varmı?
- Başqa sahədən olan dostlarım uğurlarıma yalnız sevinir. Bunu onların hər addımında hiss edirəm. Əhatəmdə olanların əksəriyyəti aktyorlardır. Bu hissə paxıllıq yox, qısqanclıq deyərdim. Məncə, inkişaf üçün müəyyən dərəcədə qısqanclıq hissi olmalıdır. Sənətə qarşı qısqanclığı normal hesab edirəm. Taleyimdə uğur qazanmaq varsa, kimsə bunun qarşısını ala bilməz. Hər şey qismət və əziyyətə bağlıdır.
- Dəstəyi ən çox kimdən alırsınız?
- Hər zaman İlham Qasımovun, Nicat Kazımovun dəstəyini hiss edirəm. Son zamanlar qısqanclıqdan çox dəstək hiss edirəm.
- Bəzi aktyorlar eyni sahədən olan xanımla ailə qurmağa mənfi münasibət bəsləyir. Bəs siz?
- Xanımım təhsil sahəsində çalışır. Başqa sahədən olan xanımla ailə qurmağım planlaşdırılmış iş deyil. İncəsənət sahəsindən olsaydı belə, yenə ailə qurardım.
- Gələcəklə bağlı planlarınız varmı?
- Yaş öz sözünü deyir. Bir azdan istədiyim rolları oynaya bilməyəcəm. Ona görə çalışıram ki, vaxtında həmin rolları oynayım. Ürəyimdə rollarla bağlı çox istəyim var.Teatr yaratmaq istərdim, lakin bunun üçün güclü heyət tələb olunur.
- Çəkildiyiniz filmlərə insanların əhatəsində baxmağı sevirsizmi?
- İnsanların yanında çəkildiyim filmə baxanda narahat oluram. Tamaşaçı çıxışımı bəyənsə də, mən öz qüsurlarımı yaxşı sezirəm. Həmişə əvvəlkindən daha yaxşı çıxış etməyə çalışıram.
- Musiqinin təsiri altına tez düşürsünüz?
- Hər səhər yuxudan duran kimi radioda mahnılara qulaq asıram. Elə musiqi ola bilər ki, ona qulaq asım və bütün günü onun təsiri altında olum.
- Cəmiyyətdə nə kimi çatışmazlıqlar görürsünüz?
- Daha çox ətrafı çirkləndirənlər, ictimai nəqliyyatda yüksək səslə musiqiyə qulaq asanlar, yüksəkdən danışanlar məni əsəbləşdirir. İnsanın telefon danışığını başqası eşitməməlidir. Bir məsələ də var ki, insanları dəyişmək olmur.
- Rolunuzu başqa rolla dəyişdiyiniz hallar olubmu?
- Elə hallar olub ki, partnyorun plastikasına uyğunlaşa bilmədiyim üçün böyük rolumu kiçik rola dəyişmişəm. O, mükəmməl oynasa da, mən bacarmamışam. Özümü həmin rolda görmədiyimdən rejissorla məsləhətləşib ortaq qərar vermişik.
- Hansı tip geyimləri xoşlayırsız?
- Rəng pozitivlik deməkdir. Al-əlvan rəngli geyimləri çox sevirəm. Hətta qış günlərindən birində küçəyə baxanda əksəriyyətin qara libasda olduğunu gördüm. Mağazaya gedib özümə yaşıl rəngli gödəkçə aldım. İnsanlara pozitiv enerji ötürməyi sevirəm.
Fiziki yorğunluğu necə çıxarırsız?
-Çoxları seriala baxsa da, bunu gizlədir. Amma mən seriala baxmağı sevirəm. “Yaprak Dökümü” nü evdəkilərlə bərabər izləyirdim. Evdə türk seriallarına baxırlar deyə məndə sual yaranır ki niyə bu seriallar onları cəlb edir. Düşünürəm ki, bu qədər çoxluğu ətrafına toplamaq üçün əsas cazibə qüvvəsi məhz ssenaridir. Onlarda drammaturgiya çox güclüdür. Mövzu güclü olarsa, insanları cəlb edə bilir. Bizim kino sahəsində yaşanan çatışmazlıqların əksəriyyəti məhz ssenari zəifliyi ilə bağlıdır.
- Tamaşaçıdan hədiyyə almısınızmı?
- Hələ ki, pərəstişkarlarımdan hədiyyə almamışam. Lakin daim onların sevgisini hiss edirəm.
Söhbətimiz zamanı istedadlı aktyor İlham Qasımov Elşən Hacıbabayev haqda fikirlərini bizimlə bölüşdü:
“Elşəni 1996-cı ildən tanıyıram. İlk baxışda elə fikirləşirdim ki, onun istedadı ola bilməz. Amma Elşən səhnəyə çıxanda 15 aktyorun içərisində mütləq seçilir. O, sevgiyə, diqqətə layiq aktyordur”.