Deyirlər, hər insanın xarakteri onun adında əks olunur. Yaxud da insanın adı onun xarakterini əks etdirir. Bəzən isə ad taleyimizdə özümüz də bilmədən çox önəmli rol oynayır.
"Ölkə.Az"-ın bu yazısında isə təkcə adlardan yox, həm də soyadlardan danışılacaq. Beləliklə, ad və soyadı eyni olan tanınmışlarımızın siyahısını təqdim edirik.
"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovu siyahının ən məşhur simalarından hesab etmək olar. Uzun illər futbol üzrə milli komandamızın da şərəfini qorumuş mütəxəssis son illər ölkəmizdə ən populyar idman adamlarındandır.
Xalq artisti Səməd Səmədov da "zerkalni" məşhurlardandır. Ancaq sənətçinin rəsmi sənədlərinə nəzər salanda onun əsl adının Səmədağa olduğunu görürük. 71 yaşlı xalq artisti 2011-ci ildən bu fəxri adı daşıyır.
Əhməd Əhmədzadə isə Qurbanov və Səmədovla müqayisədə daha az tanınsa da, yetərincə önəmli post tutur. Belə ki, o, uzun illərdir Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.
Vətəndaş və İnkişaf Partiyasının sədri, siyasətçi Əli Əliyevixtisasca həkimdir. 50 yaşlı partiya sədri son illərədək aktiv siyasətlə məşğul olub. Hətta 2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) “İnsan Naminə” seçki blokuna rəhbərlik edib. Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib.
"Sığorta Mamed" kimi tanıdığımız şəxs isə əslində, Məmməd Məmmədovdur.
İndi haqqında bəhs edəcəyimiz sənətçinin də əsl soyadı başqadır. Ancaq hər kəs onu məhz müğənni Sərxan Sərxan kimi tanıyır. Azərbaycanın əməkdar artisti olan sənətçinin rəsmi sənədlərində belə yazılıb-Sərxan Rəşid oğlu Qurbanbəyov.
Qeyd edək ki, Sərxan Sərxan 1952-ci ildə Bakıda anadan olub.
Mart ayında intihar etmiş gənc yazıçı Mövlud Mövludunisə soyadı Abdullayevdir. Qeyd edək ki, o, 1989-cu ildə anadan olmuşdu.
Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov isə 1949-cu ildə Gəncə şəhərində anadan olub. Xatırladaq ki, Abbasov hazırda Azərbaycan Güləş Federasiyasının fəxri sədridir.
Keçmiş xarici işlər naziri Həsən Həsənov isə 1940-cı ildə Tbilisidə dünyaya gəlib. Qeyd edək ki, Həsənov tanınmış çapar Camal Rəhimovun babasıdır.
Əfsanəvi bəstəkar Qara Qarayev 1918-ci ildə Bakıda anadan olub. O, eyni zamanda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmisidir.
Qara Qarayev ad və soyadını daşıyan digər tanınmış şəxs isə Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevdir. O, 1992-ci ildə dünyaya gəlib.
Jurnalist Vüqar Vüqarlının da ad-soyadını "zerkalni"lər siyahısına aid etmək olar.
Gənc vokalçı Emin Eminzadə isə 1997-ci ildə Bakıda anadan olub. Əslən Qubadlıdan olan ifaçı Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Eminin oğludur.