Azərbaycanlı aparıcı "Mən çöp deyiləm ki, kimsə silsin, atsın"

730
Azərbaycanlı aparıcı "Mən çöp deyiləm ki, kimsə silsin, atsın"

“Əgər sənə adi yalançı şillə dəyibsə, bu, normal bir şeydir. Belə bir söz var: Sevəndə olar, döyəndə olmaz?” Bunu Ailem.az-a açıqlamasında teleaparıcı Vüsalə Kərimova deyib. Qadına qarşı şiddətdən danışan aparıcı bu halın ailədaxili münaqişələrə, hətta qətllərə səbəb olduğunu bildirib: “Nəinki qadına, uşağa, kişiyə, fərqi yoxdur. Əgər Allah bizə beyin, şüur, ağıl, zəka, danışıq qabiliyyət üçün dil veribsə, niyə əllərə güc verilsin? Dilimiz də o qədər zəngindir ki, anlaşa biləcəyimiz gözəl sözlər var. Anlaşa biləriksə niyə şiddət olsun?”

Heç bir halda şiddəti qəbul etməyən V. Kərimova bu halla qarşılaşarsa, hansı addımı atacağını da bildirdi. Aparıcı bu baxımdan xanımları cəsarətli olmağa çağırır: “Heç vaxt heç kim mənə şiddət göstərməyib. Əksinə, mənə hər zaman sevgi göstəriblər. Şiddətlə qarşılaşsaydım, polisə müraciət edərdim. Amma baxır şiddətin dərəcəsinə. Bu ölkədə məni qoruyan polisim var. Əgər sənə qarşı haqsızlıq olubsa, onu polisə müraciət edərək çözmək lazımdır”.

V. Kərimova həyat yoldaşından çoxlarının düşündüyü kimi şiddət səbəbindən ayrılmadığını da açıqladı. Boşanmasının səbəbindən danışan aparıcı həyat yoldaşı ilə yaxşı münasibəti olduğunu da bildirdi: “Evli olduğumuz dönəmdə həyat yoldaşım heç vaxt mənə əl qaldırmayıb. Ümumiyyətlə, ailəmdə heç vaxt belə şeylə rastlaşmamışam. Əksinə, o, hər zaman məni sevib. Bir yerdə deyiliksə, bu, o demək deyil ki, arada şiddət olub. Sadəcə bir-birimizi anlaya bilmədiyimiz üçün həyatlarımızı ayrı yaşamaq qərarını vermişik. İki ağıllı insan bir yerdə xoşbəxt deyilsə, bu o demək deyil ki, onlar ayrı-ayrılıqda xoşbəxt olmağa layiq deyillər. Bir yerdə xoşbəxt deyillərsə, ayrılıb həyatlarını davam edə bilərlər. Keçmiş həyat yoldaşımla münasibətim yaxşıdır. Çünki bizim oğlumuz var. Oğluma görə hər zaman danışırıq, bir yerdə məsləhətləşirik”.

Aparıcı keçmiş həyat yoldaşının indiyədək ailə qurmadığını da vurğuladı. O, ikinci dəfə ailə qurmağın heç də asan olmadığını deyir. Özü də ailə qurmayan aparıcı keçmiş həyat yoldaşı ilə yollarını yenidən birləşdirmək şansının olmadığını qeyd etdi: “Düşünmürəm ki, mənə görə evlənmir. Söhbət məni unutmaq məsələsi deyil. Ümumiyyətlə, istər qadın, istərsə də kişi, bir dəfə evli olan insanlar ikinci dəfə ailə qurmağa o qədər də cürət etmirlər. Alınıb-alınmayacağından qorxurlar. Alınmayacağı təqdirdə deyəcəklər ki, elə bu adam özü pisiymiş ki, alınmadı. Yəqin, o da evlilikdən qorxur, necə ki, mən qorxmuşam. Fikirləşmişəm ki, birdən alınmaz, alınmasa necə olar? İnsanın qarşısını kəsən çox səbəb var. Onun qarşısını kəsən səbəblərin nə olduğunu bilmirəm. Amma söhbət unutmağa qalanda mən çöp deyiləm ki, kimsə silsin, atsın, unutsun. Məni unutmaq mümkün deyil. Ona görə ki, insanın yaşanmış illəri, baxıb xatırladığı bir çox şeylər var. Bunları da  qoyuram bir kənara. Əgər bizim oğlumuz olmasaydı, sıradan bir münasibət olsaydı, bu münasibəti tez bir zamanda unutmaq olardı. Amma bizim oğlumuz olduğuna görə və onun anası mən olduğuma görə əlbəttə ki, unuda bilmədiyi bir şeylər ola bilər. Lakin mən hesab etmirəm ki, o, sırf məni unutmadığı üçün evlənmir. Xeyr, əvəzolunmaz insan yoxdur”. 

Xəbər lenti