"Porşe" Aysel, Vəfanın toxunulmazlığı, hovuzdakı Rəqsanə, nazirə yox deyən "çoban", Aytənin gecəsinə 800 manat

1398
"Porşe" Aysel, Vəfanın toxunulmazlığı, hovuzdakı Rəqsanə, nazirə yox deyən "çoban", Aytənin gecəsinə 800 manat

Aktrisa Vəfa Zeynalovadan axırıncı dəfə nə vaxt yazdığımı xatırlamıram. Yeri gəlmişkən, özüm qəsdən onu əməkdar artist kimi təqdim etmədim. Çünki istəmədim onun adını fəxri ad siyahısına təqdim edən keçmiş direktoru Maqbet Bünyadov utansın. Ağsaqqal adamdır, yaşı səksəni haqlayıb. Yazını oxuyar, halı pisləşər, sonra özümü günahkar hesab edərəm. Yəqin xəbəriniz var ki, sənətçi ona verilən on sualın heç birinə doğru-dürüst cavab verə bilməyib. Həm də o suallara ki, birbaşa teatra, mədəniyyətə aiddir. Deyə bilərsiniz ki, hamı hər şeyi bilə bilməz. Ancaq Rəsulzadəni tanımamaq, onun haqqında məlumatsız olmaq fəxri ad daşıyan aktrisaya yaraşmır. Qulpqoyan dayı deyir ki, ona başqa şeylər yaraşır. Məsələn, çıxıb "o videodakı mən deyiləm" söyləmək, sənətə, teatra dəxli olmayan şoularda "boy göstərmək" hətta bir zamanlar yazdığım kimi, gedib Fransada dəmirə kəllə atmaq. Ən pisi də odur ki, sənət yoldaşları Zeynalovanı haqq-nahaq dəstəkləyiblər. Görünür, bilmədiyimiz nələrsə var. Ya da bu aktrisa sənət aləmində "toxunulmazlıq" statusuna malikdir. Söhbəti çox uzatmaqdansa, Rəqsanənin hovuza girməyi haqda danışaq. Çünki adam bilməyəndə də etiraf edir ki, bilməmişəm. Məsələn timsaha "qraqadil" demişdi, boynundan da atmadı.

Elə hovuzda üzməyini görəndə də "qraqadil" söhbəti yadıma düşdü. Yeri gəlmişkən, hovuz sahibinin yerinə olsam, o suyu dəyişmərəm. İllər ötəndən sonra deyərəm ki, bax, bu hovuzda Rəqsanə çim-çim eləmişdi. Çim-çim e...

Neftçala rayon sakini Pərvin Səfərov var, "çoban" videosuyla məşhurlaşmışdı. Hə, oxumaq videosuyla. Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb ki, Pərvini işlə təmin ediblər. Pərvin də işdən imtina edib. Pərvini şəxsən tanımıram, amma doğru qərar verib. Gedib hansısa kənd klubunda 80 manat maaş alıb həftənin altı gününü avara olmaqdansa, 4-5 qoyun-quzunu qabağına qatıb otara-otara oxumaq daha məsləhətlidir. Yoxsa ki, 80 manat maaş verəcəklər, üstündə də 80 min cür tapşırıq. Adı da olacaq ki, bülbül bağda oxuyurmuş. Mədəniyyət və Turizm Nazirliyi 40 il sənətdə can qoymuş sənətkarları itirib axtarmır, Pərvinimi normal işlə təmin edəcək? Təbii ki, bütün bunlar ən yaxşı halda göstəridir.

Aktrisa Tünzalə Əliyeva, yəni "Toppuş bacı" deyib ki, ərim mənə "gülüm" deyir. Çox gözəl səslənir deyilmi? Yarızarafat bir təklif etmək istəyirəm. Məsələn, bəy əfəndi Tünzalə xanıma "əklilim" desə, daha məntiqli səslənər. Razısınız?

Rəqqasə Aytən müsahibəsində deyib ki, bir gecəmin qiyməti 800 manatdır. Camaat da müsahibəni oxumadan pis-pis şeylər düşünüb. Bax bizim ən böyük problemlərimizdən biri budur e. Qazanda nə bişdiyini bilmədən, qabımızı uzadırıq ki, bir çömçə də bura çək. Hələ Qulpqoyan dayını demirəm. Gedib arvadın pensiya kartını girov qoyub,1000 manat pul götürüb ki, 800-ü Aytənin, 200-ü də cib xərcliyi. Sonra başa salmışam ki, ağsaqqal, bundan sonra sənin toy edən vaxtın deyil axı, neyniyirsən Aytəni? Gözünü döyüb üzümə baxır. Zarafat bir yana, Aytən son illərdə oriental rəqsdə Azərbaycanın ən yaxşı rəqqasəsidir. Çünki digər rəqqasələrin, məsələn, Fatimənin rəqsini görmək üçün gərək "lupa"yla, mikroskopla baxasan. Allahına qurban olum, o boyda rəqqasə olar?

Ruhi də uşaqlarının atasıyla barışıb. Allah mehriban, şad-xürrəm eləsin. Deyir, bundan sonra xoşbəxt, firəvan ömür sürəcəklər. Allah ağsaqqala da ömür versin. Nə az, nə çox, düz 66 yaşı var. Ruhidən 26-27 yaş balacadır. Amma iş bununla bitsə, nə vardı ki. Ağsaqqalın ilk nikahından olan qızlarıyla Ruhini uzun "mübarizə marafonu" gözləyir. Allah ya Ruhiyə verə, ya da qızlara. Hər halda Ruhi həyat yoldaşının qızlarıyla tay-tuşdur. İnanıram ki, dil tapıb razılığa gələcəklər. Özü də həcixanımdır, halallığı sevən adamdır. Yəqin ki, gələcəkdə malı-mülkü bölüşdürəndə qızlara kəf gəlməz.

Müğənni Aysel Əlizadəyə 45 yaşlı sevgilisi "Porşe" bağışlayıb. Deyim ki, Ayselin də hardasa 26 yaşı olar. 19 yaş fərqi nəzərə alanda bu maşın elə də böyük ənam sayılmamalıdır. Hələ üstünə Ayselin az-çox tanınmağını da gələndə, o "Porşe" heç "Zapı"nın yerində olmur. Bəs elə bilirsiniz Məşədi İbad olmaq asan məsələdir?

Nəysə, sözüm onda yox. Heç on birdə də yox. Aysel xəbəri yazanları məhkəməyə verəcəkmiş:

"Mənim adımı ləkəyən insan ətrafındakı qadınlardan qorxsun. Haqqımda pis mənada yazanlar gedib öz ailəsinin qadınlarının qeyrətini çəksin. Bundan sonra haqqımda yanlış yazılan hər xəbərə görə qanun qarşısında cavab verəcək".

Ardınca sənətçinin mətbuat katibinin açıqlamasını oxuyaq:

"Aysel "Porşe" markalı avtomobilləri çox sevir. İki il öncə də "Porşe" sürürdü. Avtomobilin yeni modeli gəldiyinə görə, yeni "Porşe" alıb. Adıçəkilən şəxsə gəlincə, o, Ayselin dostudur. Aysel sənətçidir və cəmiyyətdə tanınan insandır. Onun bütün təbəqələrdən dostlarının olması normaldır. Bunu kimsə şəxsi münasibətə yozursa, hüquqi müstəvidə cəzalandırılacaq. Əgər sübut olmadan dostluğu şəxsi münasibətə çevirirlərsə, qanun qarşısında cavab verəcəklər. Yayılan xəbərlər şayiədir".

Deyir, Aysel bu maşını çox sevir. İnandırım sizi, Havay adalarını o qədər çox sevirəm ki. İnternetdə gündə 6 dəfə baxıram oralara. Üç dəfə yeməkdən əvvəl, üç dəfə isə sonra. Amma hanı? Gedə bilirəmmi? Deyəcəksiniz ki, Aysel sənətçidir, sən jurnalist? Bax, sizi inandırıram ki,... Yox, ya da heç nəyə inandırmaq fikrim yoxdur. Allahdan bütün ağsaqqallara, daydaylara, sponsorlara uzun ömür və can sağlığı arzu edirəm. Bir də onu arzu edirəm ki, həmin daydaylar oxuyanlara, oynayanlara 50 minlik maşın alanda, ətrafında ehtiyaclar içində çabalayan insanlara da əl uzatsınlar. Vallah, ondan daha böyük savab yoxdur. Nə olsun ki, oxumağı bacarmırlar...

Xəbər lenti