Tahir İmanov "Ya həbs oluna bilərik, ya da..."

785
Tahir İmanov "Ya həbs oluna bilərik, ya da..."

"Biz polisi, Vergilər Nazirliyini tənqid etdiyimiz üçün televiziyalar bizə qadağalar tətbiq edir".

Bu sözləri BAKU.WS-ə müsahibəsində "Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov söyləyib.

- KVN-in yaxın günlərdə baş tutacaq konsert proqramı haqqında nə deyə bilərsiniz?

-Planet Parni iz Baku KVN teatrnın "Televiziyaya giriş qadağandır” adlı konsert proqramı aprel ayının 28-29-da Heydər Əliyev adını sarayda baş tutacaq.

- Niyə "televiziyaya giriş qadağandır”?

- Çünki artıq 2 ilə yaxındır ki, biz Azərbaycanın bütün televiziya məkanında qadağan edilmişik. Bu qadağa artıq bizim həyat tərzimizə çevrilib. "Elə bu səbəbdən də növbəti konsertimizi məhz bu mövzuya həsr etməyə qərara vermişik.

- KVN teatrının televiziyalar tərəfindən qadağan edilməsi sizcə nə ilə əlaqədardır?

- Bir neçə əsr əvvələ, tarixə nəzər salsaq görərik ki, yumor ustaları, satiriklər həmişə tənqid atəşinə tutulub, qadağalara da məruz qalıblar. Mən heç də özümü böyük satiriklərlə- Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirlə müqayisə etmək istəmirəm. Onlar hara biz hara. Biz bəlkə də bütün həyatımızı yaşasaq belə onlara çata bilmərik. Fakt ondan ibarətdir ki, satiriklər həmişə qadağa altında olub. ”Böyük adamlar”, məmurlar onları hər zaman sıxıblar. Bütün bunlara baxmayaraq onlar tarixə düşüblər. Bu gün də onlar var, bu gün də onların əsərləri tədris edilir. Baxın o qadağaları qoyanları bu gün heç yada salan varmı? Əsas odur ki, "Parni iz Baku” bu ifadə, bu brend artıq tarixdədir. Əsas odur ki, "Parni iz Baku” həyatının ən gözəl illərini Azərbaycan yumor və satirasının inkişafına həsr edib. O, məmurlar bunu istəsələr də istəməsələr də biz artıq tarixə düşmüşük. Qadağalar böyüdükcə populyarlıq daha da artacaq. Rus atalar sözündə deyildiyi kimi "qadağan olunmuş meyvə daha şirin olur”. Statistikada bunu göstərir. Konsertin bütün biletləri artıq satılıb. Bizə qoyulan qadağanın əsas səbəbi televiziyaların bizim qarşımızda qoyduğu tələblərdir. Onlar bizə bildirirlər ki, "polisi, Vergilər Nazirliyini, dövlət strukturalarını tənqid etmək olmaz amma siz edirsiz. Ona görə də siz bizə lazım deyilsiniz”. Polisi tənqid etmək bütün yumor əhlinə qadağan edildi. Hətta filmlərdən belə bu cür səhnələr çıxarıldı. Bir tək biz bu qadağalarla barışmadıq. Elə buna görə də qadağalara məruz qaldıq. Artıq 2 ildir bütün televiziyalar bizə qadağa qoyur. Buna baxmayaraq heç bir incəsənət adamı zəng vurub maraqlanmır. Hamı susur. Heç kim heç nə demir. Bu yaxınlarda bizim Milli Teleradio Şurasının nümayəndəsi çox gülməli bir açıqlama ilə çıxış etdi. Bildirdi ki, belə bir qadağa yoxdur. Guya televiziya rəhbərləri özləri qərar çıxarıb. Biz bunu çox yaxşı bilirik ki, televiziya rəhbərləri sözün əsl mənasında bizə qadağa qoyub. Belə bir nəticəyə gəlirik ki, onları kimsə bu qərarı çıxarmağa vadar edib. Yəqin ki, onların hansısa məmurlardan asılacağı var. Çox gözlədik ki. bizi öz efirlərində tənqid edici bir süjet hazırlasınlar hələ etməyiblər. Mən həmişə hesab etmişəm ki, bir düymə ilə insan həyatını, kollektivin həyatını həll etmək çox asan məsələdir. Çətin məsələ həmin o, insanın, kollektivin qayğısına qalmaq, dərdlərinə şərik olmaq köməklik etməkdir. Məmurlar da bizimlə telefonla danışanda, üz-üzə gələndə soruşurlar ki, "bu nə qadağadır? Olmaz! Axı sizi dövlət dəstəkləyir, Heydər Əliyev sizin konsertlərə gəlir”. Mən bilmirəm o, məmurların suallarını necə cavablandırım. Əgər belə canınız yanırsa, narahatsızsınızsa, siz də "lap böyük adamlara” ağız açın, deyin bizim dərdimizi, onlara çatdırın. Televiziya rəhbərlərinin bizim başımıza açdığı oyunu ölkə başçısına çatdırın. Mən inanmıram ki, ölkə başçısı həqiqəti eşdib bir tədbir görməsin. Təbii ki, o, daha böyük problemlərlə məşğuldur. Ölkəmizin Dağlıq Qarabağ kimi bir problemi var. Mən sadəcə onu bilirəm ki, əsl həqiqət ölkə rəhbərliyinə çatmayıb, ölkə rəhbərliyi əsl həqiqəti bilmir. Yenə də deyirəm, güc, imkan televiziya rəhbərlərindədir, necə istəyirlər vəzifələrindən elə də istifadə edirlər. Ona görə də hadisələr belə cərəyan edir. Biz həyatımızın hər bir gününə şükür edirik. Şükürlər olsun bu günlərimizə. Onsuzda bizi izləyənlər var. Bizim televiziyalara onsuz da heç kim baxmır. Bu sözləri mən demirəm. Elə MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli öz müsahibəsində deyib. Həmin müsahibəni mən saxlamışam özümdə. O bildirib ki, Azərbaycan əhalisi bizim telekanallara baxmır. Onlar daha çox Rusiya və Türkiyə kanallarına baxırlar.Əgər belədirsə bu telekanalların rəhbərləri istefa verməlidir. Əgər vəzifədən yğpışmayıblarsa, vəzifəni çox istəmirlərsə. Buraxın işdən başı çıxan insanlar gəlib o, vəzifənin sahibi olsunlar. Elə mən, Murad Dadaşov, Cabir İmanov, Bəhram Bağırzadə. Biz həyatımızın əksər illərini yaşamışıq. Niyə bizə məsələn bu iş həvalə edilməsin. Yəqin ki, televiziyalarda olan biabırçılığı hər biriniz görürsünüz. Söhbət keyfiyyətdən gedir. Mən sizi inandırım ki, biz əhaliyə əsl mədəniyyəti, incəsənəti təbliğ edəcəyik. Camaatı maarifləndirəcəyik. İndiki kanallarda yayımlanan verilişlər bizim cəmiyyətimizi ancaq deqredasiyaya aparır. O, bayağı müğənniləri görəndə mən elə fikirləşirəm ki, bizim nə Rəşid Behbudovumuz nə də Şövkət Ələkbərovamız olub. Dırnaqarası bəstəkarları görəndə mən hərdən fikirləşirəm ki, bizim Üzeyir Hacıbəyovumuz olmayıb. Niyə əsl Üzeyirlər təbliğ edilmir geydirmə Üzeyirlər təbliğ edilir. Bu heç kimin vecinə deyil. Biz şükür edirik ki, bu deqredasiya prosesində KVN komandası, Planet Parni iz Baku iştirak etmir.

- Siz hansı proz konsert proqramlarınızda müxtəlif sosial problemlərə toxunursunuz. Son olaraq işığın və qazın qiymətinin bahalaşması ilə bağlı Tarif şurası haqqında yumoristik səhnə hazırlamışdınız. Bu dəfə hansı sosial problemlərə toxunacaqsınız?

Saytlar hansı problemdən yazırsa, həmin mövzular bu konsertdə öz yerini tapacaq. Sosial mövzulardan tutmuş siyasətə qədər bütün məsələləri əhatə etmişik. Bu həmişə olub və olacaq. Çünki KVN-nin özəlliyi bundan ibarətdir.Televiziya rəhbərləri gedib orda-burda danışırlar ki, KVN öz çıxışlarında adlar çəkir. Biz həmişə adlar çəkmişik. Elə 1996-cı ildə Milli Məclis səhnəciyində də deputatlara kimi adlar çəkilir. Elə parodiyalarda da müğənnilərdən tutmuş aparıcılara kimi adlar çəkilib. Siz indi Amerika kəşf etmək istəyirsiz? Nə etmək istəyirsiniz? Siz mənə KVN sənətini, yumor, satiranı öyrədəcəksiniz?Ay yumordan, satiradan başı çıxmayan televiziya rəhbərləri. Haqqımda danışırlar ki, Tahir İmanov çətin adamdır. Mənə deyirlər ki,” sən polisi tənqid etmə”. Mən nə deməliyəm? Deyim ki, baş üstə? Sabah mən ölkə rəhbərliyi ilə üz-üzə gəlsəm mənə deməzlərmi ki, "1990-2000-ci illərdə Ümummili liderimizi-Heydər Əliyevi, hazır ki, prezident İlham Əliyevi parodiya etmisiniz. Nə oldu onda qorxmadınız, indi televiziya rəhbərlərinin göstərişindən sonra qorxdunuz”? Bu ən azı kişlikdən deyil. Mən bunu onlara deyəndə gedib danışırlar ki, onlarla danışmaq mümkün deyil. Niyə çətin adamlarıq? Ona görə ki, biz düzgün danışırıq? Ona gör ki, biz bəzi incəsənət adamları kimi sizin qarşınızda yaltaqlanmırıq? Əgər belədirsə biz çətin adamlarıq. Biz həmişə qeyd etmişik ki, biz dövlətin, Heydər Əliyev kursunun əsgərləriyik, bayrağın adamlarıyıq, biz İlham Əliyevin tapşırığı ilə gecə-gündüz çalışan adamlarıq. Əgər buna, bu tamaşalara, parodiyalara, tənqidlərə Ümummilli liderimiz Heydər Əliyev, hazırki prezidentimiz İlham Əliyev xeyir-dua veribsə, yaşıl işıq yandırıbsa siz kimsiniz ki, mənə qadağa qoyursunuz. Siz kimsiniz ki, mənə göstəriş verirsiniz ki, kimlərisə parodiya etmə. Deyirlər ki, "vergini tənqid edirsiniz, vergilərdən gəlib bizdə yoxlamalar aparırlar”. Vergilər Naziriliyinin bir nümayəndəsi, polisdən bir nəfər belə olsa çıxıb açıqlama vermir ki, televiziya rəhbərləri yalan danışırlar. Susurlarsa deməli bu həqiqətdir. Deməli doğurdanda vergi gəlir yoxlama aparır. Hamı susur, heç kim heç nə demir. Ardıcıl olaraq 7 il bizim konsertlərimizə Heydər Əliyev, ailəsi, prezident İlham Əliyev gəlib. Hamı KVN-ni sevirdi. Bütün məmurlar deyirdi fəxrimizsiniz. Nə baş verdi? Biz həmin adamlarıq. Heçnə bizim konsert proqramımız belə dəyişilməyib. Dəyişən sadəcə yaşımızdır. Yaxşı bəs sabah ölkə başçısı İlham Əliyev konsertimizə gəlsə, onda nə deyəcəksiniz? Mən bilirəm nə deyəcəksiniz. Deyəcəksiniz ki, mənə yaxşı yerlərdə dəvətnamə ver.

Dəvətnamə məsələsinə toxunmaq istərdim. Bu ümumiyyətlə biabırçı mövzudur. Təsəvvür edin imkanlı adamlar bizim konsertə dəvətnamə ilə gəlmək istəyir. Amma elə insan var ki, gedir axırıncı pulunu verib bizim konsertə gəlir. Niyə? Yerli sənətkarlara çatanda bizim ya pulumuz kəsilməlidir, ya da az verilmədir. Amma kənardan kadrlar gələndə onlar nə qədər istəyirlər pul verirlər. Bizə çatanda deyirlər ki, bahaçıldırlar. Bu cür bizi incidən şeylər çoxdur. Onlar istəyirlər ki, biz haradasa səhv edək. Sonra desinlər ki, baxın! Dövlətə qarşı çıxışlar edirlər. Biz bəzi sənət adamları kimi bu qədər zəif deyilik. Yenə də təkrar edirəm. Biz bütün bu qadağalara baxmayaraq Planet Parni iz Baku teatrı Azərbaycan respublikasının prezidenti İlham Əliyevi dəstəkləyir, onun daxili və xarici siyasətini dəstəkləyir. Biz bu dövlətin və dövlətçiliyin əsgərləri olmuşuq. Bizim övladlarımız da bu dövlətçiliyə qulluq edəcək.

Siz qarşılaşdığınız qadağalarla bağlı ölkə başçısı, prezident İlham Əliyevə müraciət ünvanlamısınız?

Bəli biz prezidentə müraciət etmişik. Mən başa düşürəm ki, bu müraciətlər prezidentə çatmayıb. Çünki prezident hər bir azərbaycanlının dərdinə şərikdir. O ilk növbədə hər bir azərbaycanlının prezidentdir. Mən düşünürəm ki, bizim problemimiz prezidentdə gedib çatmır. Əsl həqiqət ölkə rəhbərliyindən gizlədilir.

Növbəti konsert proqramınızda köhnə KVN komandasından kimlər iştirak edəcək?

KVN teatrı artıq neçə illərdir çıxış edən əsas truppası, əsrin çempionlar- Bəhram Bağırzadə, Cabir İmanov, Emil Abbasov, Azər Məmmədzadə və mən həmişə tearın kökünü təşkil etmişik. 2010-cu ildən Space telekanalında yumor kuboku adlı bir müsabiqə keçirdik. Həmin yarışmanın məzunları 7-ci ildir ki, bizimlə birlikdədirlər.

Siz konsertlərinizdən birində Milli Məclisi parodiya etdiniz. Deputatlardan, Milli Məclisin sədri Oqtay Əsədovdan sizə hər hansı bir təpki, zəng oldumu?

-Yox. "Mən kiməm ki, Oqtay Əsədov mənə zəng vursun. Mən harda Oqtay Əsədov harda”. Mənə digər deputatlar zəng edib. Zahid Orucov, Azay Quliyev, Hadı Rəcəbli ilə telefon danışıqlarımız olub. Parodiyalarımız çox xoşlarına gəlib. Bu insanların yumor hissiyatı doğurdanda yüksək səviyyədədir. Onlar bizim etdiklərimizi unutmayıblar, hələ də bizə hörmətlə yanaşırlar. Bu bizi çox sevindirir. Hətta biz Milli Məclis parodiyasını bərpa edəndə Siyavuş Novruzov öz müsahibəsində bununla bağlı çox gözəl danışmışdı. Bu belə də olmalıdır. Bu savadı yüksək səviyyədə olan insanların reaksiyasıdır. Ancaq yumordan başı çıxmayan, intelekt səviyyəsi aşağı olan ya zəng edib hədə-qorxu gələcək, təhqir edərək digər yollara həbs və s əl ata bilər.

Ən çox Bakı meri Hacıbala Abutalıbovu parodiya edirsiz. Sizdən hər hansı formada narazılıq edib?

Mənim Hacıbala Abutalıbovla axırıncı görüşüm 2001-ci ildə baş tutub. O, məni öz kabinetinə dəvət edib. Onu parodiya etdiyim üçün mənə təşəkkür etdi. O vaxt o, konsertdə iştirak etməmişdi. Onun dediklərinə görə, ümumilli liderimiz Heydər Əliyev ona zəng vurub bu barədə danışmışdı. Ondan sonra Hacıbala Abutalıbov qərara gəldi ki, məni qəbul etsin. 27 yaşında bir gənc üçün bu böyük bir hadisə idi. Ondan sonra heç bir ünsiyyətimiz, münasibətimiz olmayıb. Son illər hətta Bakı Şəhər İcra Hakimiyyətinin Reklam Departamenti tərəfindən bizim reklam xarakterli löhvələrin şəhərdə asılmasına icazə verilmirdi. Daha sonra bu problem öz həllini tapdı.

"Televiziyaya giriş qadağandır” konsert proqramının davamı gözlənilirmi? Bundan sonra daha böyük qadağalarla qarşılaşacağınızdan qorxmursunuz?

-Daha böyük qadağa nə ola bilər ki? Ya həbs oluna bilərik, ya da nə ola bilər ki? Biz cəmiyyətdə baş verən nöqsanları göstəririk. "Bizə deyirlər ki, siz neynirsiz? Qorxmursunuz? Əgər biz 90-cı illərdə bunu etmişiksə indi nədən qorxmalıyıq ki?

Heydər Əliyev 2000-ci ildə prezident aparatında bizi qəbul edəndə sanki o, bu günü görürmüş kimi, bildirdi ki, "Biz ölkəmizdə cəmiyyətimizdə olan nöqsanları aşkar edib onlarla mübarizə aparmalıyıq. Çox adam hesab edir ki, bu mübarizənin əsas yolu inzibati yoldur. Bu heçdə belə deyil. Yumor və satira cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına kömək edir. Mən hesab edirəm ki, sizin bu tamaşalarınızın hər bir nömrəsinin özünəməxsus qiyməti var. Heç kimdən və heç nədən qorxmayın. İstəyirəm ki, siz bu işi davam etdirəsiniz”. Bu onun nə qədər uzaqgörən bir siyasətçi olduğunu göstərir. Bu sözləri Heydər Əliyev 17 il bundan əvvəl deyib. Sanki bizim bu gün bu cür problemlərlə qarşılaşağımızı hiss edib. Bunu Heydər Əliyev gələcək nəsillərə nəsihət kimi verib. Burada o qeyd olunmayıb. Amma Heydər Əliyev onu da əlavə etmişdi ki, heç məndən də qorxmayın.

 

Xəbər lenti