Bismilləhir-Rahmənir-Rahim!
Bəhsimiz dua mədəniyyəti ilə bağlı olan bir bəhsdir. Dua nədir? Dua - insanı oyadan, insanın təkəbbürünü aradan aparan, insana ümid verən, insana məsuliyyət verən, insana imtahanlarda dayaq olan mübarək bir amildir. Dua etmək - insan üçün bir öhdəlik, zərurət kimidir ki, insanı Yaradana yaxınlaşdırır. Məsumlarımız (ə) tövsiyə ediblər ki, insanlar dua və münacatdan ayrı düşməsin. Onlar duanı, insanın nicatı üçün zəruri vasitələrdən hesab edirlər.
Dinin sütunu
Dininmiz insanı agah edir ki, insan dua kimi heç bir vasitə ilə Allaha yaxınlaşa bilməz. Həzrət İmam Sadiqdən (ə) nəql edirlər ki, duadan daha yaxşı, daha uğurlu, daha keyfiyyətli vasitə yoxdur ki, insanı Allaha yaxınlaşdıra bilsin. Aydın olur ki, dua - əslində Allaha yaxınlaşdıran bir mübarək vasitədir və onun mahiyyətində bu yaxınlaşdırmanın uğurluluğunu təmin edən tərkiblər vardır.
Həzrət Peyğəmbər (s) dua barədə buyurur: "Dua - möminin silahı, dinin sütunu, səmaların və yerin nurudur".
Başqa yerdə Allahın Peyğəmbəri (s) belə buyurur: "İnsanların ən acizi - dua etməkdə aciz olanıdır".
Bəli, insan çox vaxt yaxşı vasitə axtarır özünü müxtəlif təhlükələrdən qorumaq üçün. Bildirilir ki, ən gözəl vasitə, silah - duadır. Hansı duadan və necə duadan, hansı xüsusiyyətlərə, hansı keyfiyyətlərə malik duadan söhbət gedir - bu barədə bir qədər sonra. Bəli, möminin duası - onun silahıdır. Və həmin bu dua - dinin sütunudr. Duasız, münacatsız din, artıq din deyil. Çünki, duada həm emosional, həm elmi tərkib, mərifət birləşmişdir. İnsan tanıdığına tapınmalıdır. Bu tanıma üçün də elm, mərifət şərtdir. İnsanın kimə müraciət etməsi ilə bağlı mərifəti, bilgisi artdıqca, onun duasının keyfiyyəti də artır.
Digər məsələ duanın gücü ilə bağlıdır. İmam Cəfər Sadiqdən (ə) belə nəql edirlər: "Dua et və demə ki, iş işdən keçibdir. Həqiqətən, Allah dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olma".
Başqa bir əlamətdar nöqtə, duanin bəla qarşısında sipər olmasıdır. İmam Səccad (ə) buyurub: "Dua insanı nazil olan və nazil olacaq bəladan qoruyar".
Allahın Peyğəmbəri (s) buyurub: "Bəla qapılarını dua ilə bağlayın".
HIDAYƏT KITABI
Dua ilə bağlı vəziyyət birmənalı deyil. Heç də hamı duanın dərin mənalılığını və əhəmiyyətini dərk etmir. Bu əlaqədə bir başqa tendensiyanı da qeyd etmək lazımdır. Bəzən çox çalışırlar ki, çox ona doğru yönəlirlər ki, Qurani-Kərimdə fiziki, kimyəvi, astronomik və s. məqamların tapılmasına önəm verilsin. Bəli, Qurani-Kərimdə bir çox İlahi nişanələr, ayətlər var, o cümlədən, bəşəriyyətin Quran nazil olandan yüzillər sonra etdiyi kəşflər barədə məlumatlar var. Amma diqqəti bunlarda təmərküzləşdirmək - dolayısı ilə müəyyən dərəcədə dinin insan yetişdirmək missiyasını unutdurmaq hədəfinə qulluq edir. Bilmək lazımdır ki, Quran - hidayət kitabıdır. Quran - insanı oyadan kitabdır. Quran - insanın oyanması üçün, ayılması üçün elmi, fəlsəfi, əqli və başqa-başqa minlərlə cəhətlərə işarə edir. Bunlar onun üçündür ki, insan oyansın, ayılsın. Quran insanın hidayəti üçün gəlib. Quran insanı yetişdirmək üçün gəlib və ən gözəl vasitədə Quran bizə öyrədir ki, dua edin, duadan yapışın. "Bəndələrim səndən Mənim barəmdə soruşduqda (söylə): Mən onlara yaxınam və Məni çağıran kəsin duasına cavab verərəm. Gərək onlar da Mənim çağırışıma cavab versinlər və doğru yolu tapmaq üçün Mənə iman gətirsinlər". ("Bəqərə" surəsi, ayə186).
Dinimiz deyir ki, duadan yapışın və duasız heç nəyə gedib çıxmaq mümkün deyil. Mümkündür insan gözəl alim ola, mümkündür insan gözəl mühəndis ola, gözəl riyaziyyatçı, fizik, bioloq, kimyaçı ola. Amma insanın Allahla rabitəsi olmasa, onun kamil insan olması sual altında qalır. Bu, çox ciddi məsələdir.
Allah bizi duadan ayrı salmasın. Yuxarıda gətirdiyimiz mübarək hədisdən məlum olur ki, dua - yerin-göyün nurudur. Yəni, həm yerin, həm də göylərin yaraşığı və işığı - duadır. Həzrət Əlidən (ə) soruşdular ki, Allah dərgahında hansı kəlam, hansı söz daha üstündür. İmam Əli (ə) buyurdu ki, Allahı çox yada salmaq.
Bəli, Allahı yada salmağın içində çox şey var. Ən başlıcası da - əbədiyə, daimiyə, mütləqə, ən aliyə, ən kamala tapınmaq. Ən aliyə tapınan - ali dəyərlərlə yaşayar, alı əxlaqların daşıyıcısı olar.
Başqa yerdə İmam Əli (ə) buyurub: "Dua - rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan) çıraqdır".
Duanın əhəmiyyəti çox böyükdür. İmam Rzadan (ə) nəql edirlər ki, buyurub: "Peyğəmbərlərin silahından yapışın!". Soruşdular: "Peyğəmbərlərin silahı nədir?" Buyurdu: "Dua".
Yaxud, İmam Əlidən (ə) belə nəql edirlər: "Kim pak və müqəddəs olan Allahın (rəhmət) qapısını döysə, o qapı onun üzünə açılar".
Gördüyümüz kimi, dua - rəhmətə səbəb olan, doğru yol göstərən vasitə olmaqla yanaşı, nəfsani xislətlərin qarşısını alan bir işlək silahdır.
Cavabda yəqinin olsun
Bəs duanın qəbul olunmasına təsir edən amillər hansıdır? Burada həm mənfi, həm müsbət təsiredicilər var. Öncə duanın qəbul olunmasına yardım edən amillərə nəzər yetirək.
Burada birinci məsələ kimi ixlası göstərmək lazımdır. Qurani-Kərimdə buyurulur ki, çağırın Allahı bir halətdə ki, dinə münasibətdə ixlaslı olasınız. Hətta kafirlərin xoşuna gəlməsə də belə. Quran bizə deyir ki, siz Allahı çağıran zaman, Allahla ünsiyyət saxladığınız zaman dua etdiyiniz zaman dininizdə müxlis olun, xalis olun. Kiminsə xoşuna gəlməyə də bilər. İnsan nə etsə, nə addım atsa, mütləq elə adam tapılacaq ki, bu addım onun xoşuna gəlməyəcək. Çox incə bir məsələdir. Axı qərar deyil insanın bu dünyada bütün işləri hamının xoşuna gəlsin. İnsanın zatən belə bir öhdəliyi də yoxdur. Əsas odur ki, Yaradanın xoşuna gəlsin.
Xanım Fatimeyi-Zəhra (ə) buyurmuşdur: "Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah Təala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər".
İnsan Allahla xalis olanda, İlahi razılığı əldə edəcək. Və hətta ondan, onun mövqeyindən narazı qalanlar da qəlblərinin dərinliyində deyəcək ki, əhsən bu insana, əqidəsində sabitqədəmdir. Heç kəs sevmir əqidəsindən dönük olanları. Vicdanı ilə "kompromissə" gedənləri. Əqidələrindən dönməkdə "konstruktiv" olanları. Hamı anlayır ki, əqidəsinə xəyanət edən, sabah hər məsələdə xəyanət edə bilər. O ki, qalsın İlahi dəyərlərə nisbətdə xəyanətkar olanlara. Vacib hesab etdiyi məsələlərdə, dininin vacibatlarında səhlənkarlıq edənlərə. Belələrinin vəziyyəti çox acınacaqlıdır. Həm İlahi qınağın obyektidir, həm də insanların məzəmmətinin.
Digər məsələ qəlbin iqbalı ilə bağlıdır. İnsanın qəlbində dua haləti olmalıdır. Elə olmalı deyil ki, dil deyir, amma qəlbdə dua vəziyyəti yoxdur. Fikri-zikri başqa yerdə olsa, duanı qəbul etməsi, qəlbində yerləşdirməsi müşkülə çevrilər. Yəni, dilimizlə dediyimizi, Allahdan istədiyimizi bir robot kimi etməməliyik. Mexaniki halda etməməliyik. Gərək dua adiləşməsin insan üçün, təntənəsini itirməsin. Qəlbimizin gərək hazırlığı olsun, bilək ki, kiminlə danışırıq.
Həzrət Peyğəmbərdən (s) buyurulur ki, Allahı bir halətdə çağırın ki, icabətinə yəqininiz olsun. Və buyurulur ki, biliniz, qafil və xəbərsiz qəlbdən dua qəbul edilməz. Yəni Allahı çağıran zaman, dua edən zaman bir halətdə olun ki, yəqininiz olsun ki, Allah Təalanın sizin bu duanızı eşitməsinə və cavablandıracağına yəqininiz olsun.
Qəlbin kövrəlməsi - rəhmətdir
Qəlbin riqqəti, hazırlığı duada böyük rol oynayır. Allahın Peyğəmbəri (s) buyurmuşdur: "Qəlbin kövrəldiyi vaxtı dua etməyi qənimət bil. Çünki qəlbin kövrəlməsi (riqqəti) - rəhmətdir".
İmam Cəfər Sadiqdən (ə) belə buyuruş var: "Allah Təala daş qəlbdən gələn duanı qəbul etməz".
Digər məsələ, dua edən zaman duanın qəbulluğuna əminliklə bağlıdır. Dua edən zaman insanın hüsnü-zənni (gözəl zənn etməsi) və yəqini olmalıdır duasının qəbul olunması ilə, müstəcəb olması ilə bağlı. İnsanın yəqini olmalıdır duasının Allah Təala tərəfindən cavablandırılması ilə bağlı. Və insan qətiyyən elə baxmamalıdır məsələyə ki, məndən artıq düzələsi adam olmaz. Adam Allaha ümidli olmalıdır və yəqini olmalıdır ki, əgər Allah insana deyibsə ki, "çağır Məni, sənin dualarını eşidərəm və səni cavablandıraram" - insanın buna yəqini olmalıdır. Məsumlarımız (ə) buyururlar ki, elə dua et ki, sanki sənin hacətin artıq evinin kandarına qoyulmuşdur.
Yenə qayıdaq iqbal məsələsinə. İmam Sadiqdən (ə) buyrulur ki, dua etdiyin zaman qəlbində iqbal halını yarat. Dua edəndə qəlb, hüzuri-qəlb vəziyyətində olmalıdır, qəlb hazır olmalıdır, qəlb oyaq olmalıdır, qəlb bilməlidir kiminlə danışırsan və nə istəyirsən. İkincisi də yəqinlik, əminlik olmalıdır ki, Rəbbim eşidir və elə hər dərdimi həll edə bilən Odur və Ondan başqası yoxdur. İnşəallah da, edəcək. İmam Sadiqdən (ə) buyrulur ki, o vaxt ki, dua edirsən, qəlbinin iqbalına və diqqətinin Rəbbinə tərəf yönəlməsiə fikir ver. Duanı bu halətdə et. Öz hacətini qapının ağzında bil. Çox maraqlı məsələdir. Yəni, dua etdiyin vaxt qəlbin hazır olsun ki, qəlblə, ürəklə dua edəsən. Diqqətin Rəbbində olsun və duanı o cür edəsən ki, elə bil hacətin qapının ağzındadır, uzaqda deyil. Sənin istəməyindən asılıdır ki, o qapı açıla və sən oradan hacətini götürəsən.
Duanın qəbul olunmasına kömək olan amillər
Dua etməklə bağlı digər mübarək tövsiyələr də var. "Bismillah" demək - duanın qəbulluğunda böyük rol oynayır. Allahın Peyğəmbəri (s) buyurub: ""Bismilləhir-Rahmənir-Rahim"lə başlayan dua geri qaytarılmaz"".
İmam Əli (ə) buyurub: "Hər bir çətinlik və müşkül zamanı "Lə həvlə və lə qüvvətə illə billəhil-aliyyil-azim"("Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur") de. (Belə deyəndə) həmin çətinlik aradan qalxar".
İmam Rzadan (ə) nəql edirlər: "Atamı yuxuda gördüm və o, buyurdu: "Oğul! Çətinlik içərisində olan zaman "ya Rauf, ya Rəhim" ibarəsini çox de. Yuxuda gördüyün aşkarda gördüyün kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et)".
İbadətin çox edilməsindən insan çəkinməməlidir. Allah Təala, verməklə, əta etməklə kasıblamaz. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allahdan istəyin və çox istəyin. Çünki Onun üçün heç nə çox və böyük deyil".
Dinimiz irili-xırdalı bütün məsələlərdə bəndənin Yaradanla rabitədə olmasını təqdir edir. İmam Muhəmməd Baqir (ə) buyurur: "Öz kiçik hacətlərinizi xırda və az əhəmiyyətli hesab etməyin. Çünki Allahın ən çox sevdiyi möminlər - daha çox dua edən kəslərdir".
Digər əlamətdar bir məsələ, dua edə bilən qəlbin hazırlığının, duanın qəbulluğu ilə vücudi əlaqədə olmasıdır. İmam Həsən (ə) buyurmuşdur: "Allah Təala kimin üzünə dua və istək qapısını açıbsa, qəbul qapısı da onun üzünə açılmışdır".
DUA QƏBULUNA NƏLƏR MANE OLUR?
Duanın qəbul olunmasına mane olan amillərə də qısaca toxunaq. Burada ilk olaraq, insanlara edilən zülm göstərilməlidir. Allah, zalım kəsin duasını qəbul etməz. İmam Əlidən (ə) nəql edirlər: "Allah Təala Məryəm oğlu İsaya vəhy etdi: "Bəni-İsrailin zadəganlarına de ki.... Mən sizin heç birinizin və boynunda Mənim məxluqlarımın haqqı olan kəslərdən heç birinin duasını qəbul etmərəm"".
İmam Cəfər Sadiqdən (ə) belə nəql edirlər: "Allah Təala buyurmuşdur: "And olsun izzəti-cəlalıma, əgər məzlum özünə olan zülm kimi bir zülmü başqasına qarşı edibsə, onun zalım barəsində etdiyi dua və lənəti qəbul etmərəm"".
Digər nöqtə, insanın özünün nəyisə dəyişmək istəməməsi, hərəkət etməməsi halında dua etməsi ilə bağlıdır. İmam Sadiq (ə) buyurub: "Dörd nəfərin duası qəbul olunmaz: Evində oturub "ey Allahım, mənə ruzi yetir!" deyən kişinin. Allah Təala ona buyurar: "Məgər sənə qalxıb ruzi dalınca getməyi əmr etməmişəmmi?!". Öz arvadına lənət edən kişinin. Allah Təala ona buyurar: "Məgər onun işini sənə tapşırmamışammı?". Var-dövlətini hədərə verən kişinin. O, deyər: "Ey Allahım! Mənə ruzi ver". Allah buyurar: "Məgər sənə qənaətcil olmağı əmr etmədimmi?!". Öz malını sənəd və şahid olmadan başqasına borc verən şəxsin. Allah Təala ona deyər: "Məgər sənə göstəriş vermədimmi ki, (borc verən zaman) sənəd və şahid tutasan?!".
Haram yeməklə, haqq basmaqla, haram yollarla əldə edilən imkanlılıq - duanın qəbul olunmasını əngəlləyər. Allahın Peyğəmbəri (s) buyurub: "Həqiqətən, bəndə yeməyi haram olduğu halda əllərini dua üçün Allah dərgahını uzadır. Məgər belə halda onun duası qəbul olunarmı?!".
Rəsuli-Əkrəm (s) başqa yerdə buyurub: "Qazancını halal et ki, duan qəbul olunsun. Çünki insan bir (haram) tikə ağzına qoyarsa, qırx gün ibadəti qəbul olunmaz".
Həzrət İmam Sadiq (ə) buyurub: "Sizlərdən hər kim dualarının qəbul olunmasını istəyirsə, öz qazancını təmiz etsin və insanların haqqını ödəsin. Qarnında haram mal və boynunda bir kəsin haqqı olan insanın duası Allah dərgahına qalxmır".
Bəzən duanın qəbul olunması insanın ziyanına ola bilər. Bəzən, insan xeyir axtardığı yerdə zərər tapa bilər. Buna görə, Mütəal Allah insanın xeyrini nəzərdə tutaraq, onun duasını qəbul etmir. İmam Əlidən (ə) belə nəql edirlər: "Pak və müqəddəs Allahın kərəmi Onun hikmətinə zidd deyil. Buna görə hər dua qəbul olunmur".
Allahım! Bizləri dua əhlindən və duaları qəbul olunanlardan qərar ver! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof