Öz-özünə yanan insanlar: Tanrının qəzəbi, yoxsa kosmosdan gələn bəla?

Elm
1122
Öz-özünə yanan insanlar: Tanrının qəzəbi, yoxsa kosmosdan gələn bəla?

Dünyanın ən paranormal hallarından biri şübhəsiz ki, öz-özünə yanan insanlardır. Nə qədər qəribə olsa da, əsrlərdir bu insanların hansı səbəblərə görə yanaraq kül olmalarının sirri elm və tibbə məlum deyil. Məsələnin ilginc tərəfi isə budur ki, bu insanları yandıran alov onların bədənlərindən başqa ətrafda olan heç bir əşyanı və üzərlərindəki paltarları yandırmır. Yanan sadəcə, ət və sümüklərdir. İnsan bədəninin, xüsusilə də sümüklərinin yanması yüksək dərəcədə istilik (1500 dərəcə santiqrad) və uzun müddət yanma prosesi (ən az 2 saat) tələb edir. Avropa və ABŞ-da son zamanlara ölən insanların yandırılaraq dəfn olunması (Crematoire), yaxud küllərinin şüşə qablarda saxlanılması ənənə halını alıb. Ölən insanlar 2000 dərəcə istiliyi olan kürələrdə yandırılır və proses 3-4 saat davam edir.

Yanan qulluqçu

1731-ci ildə gecə yatıb və səhəri gün onu oyatmağa gələn qulluqçusunun gözləri qarşısında faciəvi şəkildə yanaraq kül olması göründü. O, yanan qadına kömək edə bilmədi və bu, bir an içində baş verdi. Yanan qulluqçunu söndürməyə çalışanda otağın ortasında sadəcə kül topası qalmışdı. Otaq his və qurum içindəydi, açıq pəncərədən içəri girən meh külü hər tərəfə dağıtmışdı. Lakin yatağın 1.5 metrliyində qadını tutmuş alov ondan başqa otaqda heç bir əşyanı yandırmadı. Qulluqçunun paltarı da zərər görməmişdi. 

Mütəxəssislər olayı araşdırdılar, lakin paranormal hala bir “don” geyindirə bilmədilər. Sirli idi, heç kəs indiyədək belə halla üzləşməmişdi. Çünki otaqda bu yanğını çıxaracaq heç bir səbəb yox idi, nə yanan bir şam, yaxud lampa vardı. Qulluqçudan başqa otaqda hər şey öz yerindəydi.

Kayen olayı

Hadisə sonradan “öz-özünə yanma” hadisələri sırasında ilk nümunələrdən biri kimi qəbul olundu. XVIII əsrdə çoxlu sayda öz-özünə yanma hadisəsi təsbit edildi, ancaq elm adamları və tibb alimləri bu hadisələrə də bir ad qoya bilmədilər. Həkim Merill Fransanın Kayen şəhərində bir xəstəxanada işləyirdi. Bir gün ölüm hadisəsinə görə bunun araşdırılması üçün bir evə dəvət olundu. Cəsədi incələyəcəkdi, lakin otağa daxil olanda yerdə bir yığın kül vardı.

Sümüklər də istilikdən əriyib formalarını itirmişdilər. Həkim öz məruzəsində bunu qeyd edirdi. Yazırdı ki, sümüklər ərimişdilər və sümüyün əriməsi üçün ən az 1500 dərəcə istilik lazımdır: “Yanğının baş verdiyi otaqdakı əşyaların heç birinə zərər dəyməmişdi. Yanmış qadının gecə və alt paltarları əyləşdiyi kreslonun 30 santimetrliyində döşəmənin üzərində idilər. Üzərindəki paltar xaricində otaqda heç nə yanmamışdı”. 

“Tanrının qəzəbi”

Orta əsrlərdə daha çox Avropada rast gəlinən bu cür paranormal hadisələrə kilsə və bu qurumun təsirində olan mühafizəkar insanlar “Tanrının qəzəbi” adını vermişdilər. Hesab olunurdu ki, Tanrı günahkarları yandırıcı nəfəsiylə yandırmağa başlayıb. Araşdırmalara görə, yanma prosesi 3 mərhələdə baş verir və qısa zaman ərzində başa çatır. Yanan insanın bu zaman ərzində nə yardım istəyəcək, nə də nə baş verdiyini anlamaq üçün vaxtı olur. Proses böyük nisbətdə ölümlə nəticələnir və buna görə də qurbanların hadisəni danışmaq imkanları da olmur. Üçüncü mərhələ çox ilgincdir. Maraqlıdır ki, yanma prosesi seçilmiş şəxs tək olarkən baş verir. Əgər bu, bir neçə nəfərin yanında olarkən baş verirsə, həmin adamlar da yanırlar. Yəni, hadisənin canlı şahidləri olmur.

Zirzəmiyə açılan dəlik

1885-ci ildə yeni il gecəsi yaşlı qadın və əri evlərində işləyən qulluqçularıyla birlikdə mətbəxtdə içki içirdilər. Sərxoş qulluqçulardan biri yatmaq üçün yuxarı mərtəbədəki otağına qalxdı. Səhəri gün mətbəxə düşdü və otağın hər tərəfinin ərimiş yağ içində olduğunu gördü. Üfunət ətrafı bürümüşdü. Evin kişi sahibi ölmüşdü və cəsədi mətbəxin ortasındaydı. Qonşu otaqdakı oğlunu yuxudan oyadıb xəbər verdi. Geri qayıtdılar. Otağın ortasında ətrafı yanmış böyük bir dəlik vardı. Dəlikdən aşağı baxdılar, evin xanımının yanmış sümükləri və kəlləsini gördülər. Bu dəfə hadisənin iki qurbanı vardı, lakin yenə də aparılan araşdırma ortaya tutarlı səbəb qoya bilmədi. 

Səssiz ölüm, xilas çağırışları

Olaylar incələndikcə maraqlı məqamlar ortaya çıxırdı. Yanma prosesləri adətən, məhdud, yaxud kiçik sahələrdə baş verirdi. Əgər insan yatdığı halda yanırdısa, üzərinə örtdüyü yorğana, yaxud digər örtüklərə heç nə olmurdu. Stulda oturarkən yanan bir insanın araşdırılması vaxtı da stulda heç bir yanıq izinə rast gəlinməmişdi. 

Paltarlarında heç bir yanıq izi olmadığı halda bədənləri tamamilə yanıb kül olmuş cəsədlər də vardı. Araşdırmalarda diqqət çəkən əsas məqam bu idi ki, hadisənin qurbanları bir qayda olaraq səs çıxarmadan və özünü xilas etməyə çalışmadan yanırlar. Məsələn, kimsəsizlər evində baş verən olay ilginc idi. Burada qalanlar səhəri gün yan tərəfdəki yataqda yatmış yoldaşlarını kül halında tapdılar. Hadisə şahidlərinin sözlərinə görə bu hadisədən xəbərləri olmayıb və o, yanarkən heç bir səs çıxarmamışdı, nə də heç kəsdən kömək istəməmişdi. Geyindiyi gecə paltarı da yanmamışdı. Gecə növbəsində olan tibb bacıları da bunu təsdiq etdilər. 

İçindən yananlar

Bir sıra elm adamları yanma prosesinin psixoloji tərəflərinin olduğunu istisna etmirdilər. Lakin bu gün də ara-sıra rast gəlinən olaylar haqda yekdil rəy yoxdur və bu, özüylə çoxlu suallar yaradır. Elm adamlarının hadisələrin üzərində cavab tapmağa çalışdığı ilginc suallardan biri də budur ki, “Bəlkə insanın daxilində bədən istiliyini tənzimləyən mexanizm var və özü-özünə yanan insanlar bilməyərəkdən bu mexanizmi hərəkətə keçirirlər?”. Lakin inandırıcı görünməyən bu ehtimala baxmayaraq, son illərdə baş verən son hadisə elm adamlarını bu haqda yenidən və ciddi düşünməyə məcbur etdi. Hadisə 2010-cu ildə İngiltərədə hər kəsin gözləri qarşısında baş verdi. Nişanlısıyla rəqs etdikdən sonra meydançanı tərk edən qızın paltar altındakı bədəni gözlənilmədən yanmağa başladı. Qız yardım istəməyə macal tapmamış bir yığın külə çevrildi. Hadisə o qədər sürətlə baş verdi ki, heç ətrafdakı insanlar kömək etməyə də cəhd edə bilmədilər. Qız yanaraq öldü. Lakin bu hadisənin görüntülərindən elm adamları yeni bir detala çatdılar. Bədən proses vaxtı içdən çölə yanırdı. Halbuki normal vəziyyətdə bədən çöldən yanmalıdır. 

Elektromaqnit güc

Elm adamları bu günədək irəli sürülmüş nəzəriyyələrdən yalnız ikisi üzərində daha çox dayanırlar. Araşdırmaçı Livinqston Cohart öz-özündən yanma olaylarının daha çox maqnetik dəyişmələrin yüksək olduğu yerlərdə rast gəlindiyini təsbit edib. 

Məlumdur ki, atmosferin ionosfer, yaxud termosfer qatı elektrik cərəyanının yükləndiyi zərrəciklərlə zəngindir. İonosferin yuxarı qatında maqnitosfer təbəqəsi yerləşir. Bu iki sahə arasındakı qarşılıqlı əlaqə dünyaya təsir etmək gücündə olan elektromaqnit güc yaradır. Kosmosda baş verən dəyişikliklər Yer kürəsinin bir sıra bölgələrində elektrik enerjisinin yığıldığı nəhəng enerji sahələrini formalaşdırır. 
Necə ki, ildırım üzərinə düşdüyü yeri, yaxud insanları yandırır, bu elektrik enerjisiylə yüklənmiş sahələrdəki yandırıcı təsirlər də bəzi hallarda insanları yandırıb kül edə bilir. 

Mikrodalğalar

Digər nəzəriyyə mikrodalğalı sobaları işlədən prinsiplə bağlıdır. Məlumdur ki, sobaya qoyulan qida mikrodalğanın içindəki molekulların biri-birlərinə çırpılması nəticəsində yaranan enerjiylə içindən bişir və onun içində yerləşdiyi qab isə isinmir. 
Buna görə də təbiətdə rast gəlinən bu mikrodalğalar bəzi insanlardakı özəllik, yaxud olayın baş verməsindən əvvəl insanda öz-özünə yaranan (entity) enerjiyə görə mikrodalğa soba kimi işləyərək insanın daxilində yaranmış yüksək dərəcəli istiliyə çataraq, bədəni içindən yandırır və digər əşyalara zərər vermir. Lakin bu nəzəriyyələrdən heç biri real nəticə ortaya qoya bilməyib.

Mənsur Rəğbətoğlu

Xəbər lenti