“-iyyat” və “-iyyət” şəkilçiləri ilə bağlı bəndində ciddi qüsurlar var" Ərəbşünasdan izahlar

Elm
1761
“-iyyat” və “-iyyət” şəkilçiləri ilə bağlı bəndində ciddi qüsurlar var" Ərəbşünasdan izahlar

Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğətinin yeni variantı hazırlanıb.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Lakin sosial şəbəkələrdə, mediada gedən müzakirələr lüğətdəki son dəyişikiklərin bir o qədər də uğurlu olmadığını göstərir. Bu səbəbdən,xeyli sayda ziyalı, söz adamları dəyişikliklərlə bağlı narazılıqlarını və təkliflərini irəli sürüblər.

Yeni orfoqrafiya qaydalarındakı qüsurlardan biri də "iyyə", yoxsa "iyə", "iyyat" yoxsa "iyat"  şəkilçilərinin işlənməsindən bəhs edən  37-ci bəndlə bağlıdır:

Mynews.az xəbər verir ki, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filoloq, ərəbşünas Elvüsal Məmmədov moderator.az-a açıqamasında bu bənddəki qüsurlar barəsində ətraflı məlumat verib və onların işlənmə məqamını izah edib:

"Dilimizdə ərəbmənşəli sözlərin bir hissəsi bu sonluqlarla yazılır. "iyyə" ilə bitən sözlər: hədiyyə, cərrahiyyə, əhval-ruhiyyə, səciyyə, nizamiyyə, maliyyə, mədhiyyə və sair. "iyə" ilə bitən sözlər: təziyə, tədiyə, mərsiyə, təxliyə, tərbiyə, təhkiyə, tövsiyə, nahiyə və s. "iyyat" ilə bitən sözlər: ədəbiyyat, riyaziyyat, mənəviyyat və s. "iyat" ilə bitən sözlər: ehtiyat və s. Azərbaycan dilinin orfoqrafiya qaydalarının dəyişdirilməsini ifadə edən sonuncu təşəbbüsün icraçıları yuxarıdakı sonluqlardakı qoşa "ye" hərfinin bir "ye" ilə yazılması təklifi ilə çıxış edirlər. Sonuncu layihənin 37-ci bəndində oxuyuruq: 

"37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə - dövriyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət - fəaliyət, maliyyə - maliyə, üslubiyyat - üslubiyat və s. Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir "y" ilə yazılıb və onların yazılışı olduğu kimi qalır". 

Bu bəndə ciddi qüsurlar mövcuddur. Əvvəla, istisna kimi göstərilən səyyah, səyyar, səyyarə, təyyar kimi sözlərin tərkibində qoşa "ye" elementli hissə və qoşa "ye" elementli "iyyat", "iyyət" "iyyə" şəkilçiləri ayrı-ayrı qrammatik hadisələri ifadə edir. Birincisi əgər sözün əsasını əmələ gətirən morfem-leksem kombinasiyasıdırsa, ikincilər şəkilçilərdir. Odur ki yuxarıdakı sözlərin istisna kimi təqdim edilməsi səhvdir. İkincisi, yuxarıdakı bənddə fonetik prinsipə əsasən orfoqrafik yazılışın müəyyən edilməsindən söz açılır. Söhbət hansı prinsipdən gedir? "Tələffüzə uyğun yazmaq" prinsipi bu və ya digər dilin orfoqrafiya və orfoepiya qaydalarını bir-birinə qatmaqla anormal dil hadisəsi meydana çıxarmaq deməkdir. Üçüncüsü, bu prinsipi əsas götürülürsə, eyni formada işlədilən "hədiyyə" morfemini də "hədiyə" kimi yazmaq lazım gələcəkdir. Sözün sonuncu tələffüzü nə qədər də bayağı səslənir, deyilmi? Dördüncüsü, "iyyat" şəkilçisinin "iyat", "iyyə/iyyə" şəkilçisini isə "iyə" kimi dəyişdirmək, ən azından, dillər haqqında məlumatsızlıqdır. Çünki bu morfemlər ərəbmənşəli sözlərin tərkibində işlədilir və heç də zənn edildiyi kimi eyni dil hadisəsinin müxtəlif təzahürləri deyildir; əksinə, hər biri ayrı dil hadisəsidir. Biz bu müddəanı bir ərəbşünas-filoloq kimi səsləndirir və mötəbərliyini təsdiqləyirik. Dilimizdə ərəbmənşəli sözlərin sonunda yazılan "- yyat" suffiks olub cəm bildirir. Məsələn, təbiyyat, riyaziyyat, mənəviyyat, iqtisadiyyat və s. Hərfən: təbii olan hər şey, riyazi olan hər şey, mənəvi olan hər şey, iqtisadi olan hər şey... Ehtiyat" sözündəki "yat" isə suffiks və ya digər şəkilçi deyildir, söz kökünün amorf (bölünməz) elementidir, kök samitlərindən ibarət morfdur. Bu baxımdan "ehtiyat" sözündə cəm bildirən "-yyat" şəkilçisi yoxdur, odur ki bir "y" ilə yazılır. "iyyət" və ya "iyyə" şəkilçilərinə gəlincə, ərəb mənşəlidir, mücərrədlik ifadə edir, isimdüzəldici, bəzən də (birləşmələrin tərkibində) sifətdüzəldici xüsusiyyətə malikdir: hədiyyə, cərrahiyyə, mədhiyyə. Hərfən: "hədiyyə etmə", "yaralama", "mədh etmə" və sair. "iyə" isə şəkilçi olmayıb sözlərin tərkib elementidir, bölünməz morfdur: təziyə, tədiyə, mərsiyə, təxliyə, tərbiyə, təhkiyə, tövsiyə, nahiyə və s. Ərəb dilini bilən filoloqlarımız vaxtı ilə bu sözlərin yazılış qaydalarını hazırlayarkən yuxarıda qeyd etdiyimiz dil hadisələrindən çıxış etmiş, dəqiq normalar təsis etmişdilər. Allah onlara rəhmət etsin! "Azərbaycan dilində işlədilən ərəb və fars mənşəli sözlər lüğəti", "Azərbaycan dilinin orfoqrafiya lüğəti", "Azərbaycan dilinin izahlı sözlər lüğəti" kitablarını hazırlayanlar dil nəhəngləri idilər. Və biz o nəhənglərin ənənəsini qoruyub saxlamalı, dilimizə münasibətdə diqqətli olmalıyıq. Fikrimizcə, məlum 37-ci bəndin müddəaları dilçilik baxımından qüsurludur və layihənin mətnindən çıxarılması məqsədəuyğundur".

Xəbər lenti