Allahla yanaşı, bu sözlər də böyük hərflə yazılacaq Yeni orfoqrafiya qaydaları

Elm
1258
Allahla yanaşı, bu sözlər də böyük hərflə yazılacaq Yeni orfoqrafiya qaydaları

"İddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılıb. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur".

Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

B.Məhərrəmlinin sözlərinə görə, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb və ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Orfoqrafiya qaydaları yalnız geniş müzakirədən sonra təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək:

"Son zamanlar mətbuatda bu qaydalarla bağlı müzakirələr aparılır, həm haqlı, həm də haqsız fikirlər səsləndirilir. Hətta bəzi tanınmış ziyalılar yeni orfoqrafiya lüğətinin və qaydalarının tərtibinə ehtiyac olmadığını bildirirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli "Dövlət dili haqqında" Qanununun 13-cü bəndinə əsasən orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz. Əgər yeni orfoqrafiya lüğəti tərtib edilirsə, həmin lüğətin əvvəlində orfoqrafiya qaydaları da verilməlidir. Bu, hər zaman belə olub. Həmin qaydalar da Nazirlər Kabineti tərəfindən təsdiq edilir".

B.Məhərrəmli qeyd edib ki, "Orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü ildə çap olunmuş 110 563 sözdən ibarət 6-cı nəşrində yol verilən qüsurları aradan qaldırmaq üçün yeni orfoqrafiya lüğətinin tərtib olunmasına ehtiyac var:

"Uzun müddətdir mətbuatda həmin lüğət kifayət qədər tənqid edilmişdir. Çünki həmin lüğətdə artıq dilimizi tərk etmiş ərəb və fars sözləri, süni sözlər, arxaik sözlər, dialekt sözləri yer alıb. Həmin lüğətdə dilimizə daxil olan yeni sözlər öz əksini tapmayıb. Yeni orfoqrafiya lüğətinə iki minə yaxın yeni sözün daxil edilməsi nəzərdə tutulur. Təəssüf ki, mətbuatda bu məsələ ilə bağlı bəzən qərəzli münasibət də öz əksini tapır, verilən informasiyalar reallığı əks etdirmir, elmi dəlillərə əsaslanmayan, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Məlumatlarda göstərilir ki, guya bu qaydalar artıq təsdiqlənmişdir. Halbuki "Yeni orfoqrafiya qaydaları" hələ layihə səviyyəsindədir. Bu qaydaların müzakirəyə verilməsinin məqsədi odur ki, ictimaiyyət yeni qaydalarla tanış olsun və ona münasibət bildirsin, nəticədə, layihə ilə bağlı dəyərli fikirlər sonda nəzərə alınsın. Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək və ortaq qərar qəbul edəndən sonra Nazirlər Kabinetinə təqdim edəcək. Biz razıyıq ki, qaydalarda kifayət qədər müzakirə olunmalı, izaha ehtiyacı olan məsələlər mövcuddur. Ancaq bu məsələləri səbrlə, təmkinlə həll etmək lazımdır. Bu qaydaların müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə isə heç bir lüzum yoxdur".

B.Məhərrəmli bildirib ki, sosial şəbəkələrdə orfoqrafiya qaydaları ilə bağlı Dilçilik İnstitutunda çalışan alimlərimizin təhqir dolu ifadələrlə alçaldılması nə mədəniyyətimizə, nə də mənəviyyatımıza yaraşan hadisədir.

İnstitutun direktor müavini əlavə edib ki, müzakirəyə verilən qaydalar 69 maddədən ibarətdir. Əvvəlki lüğətdə isə 38 maddə verilmişdi. Ancaq həmin maddələr yazımızda ortaya çıxan bir sıra sualları cavablandıra bilmirdi:

"Məsələn, apostrof işarəsi orfoqrafiyamızda ləğv olunandan sonra cürət, məşəl, vüsət tipli sözlərin sətirdən sətrə keçirilməsi məsələsində bir anlaşılmazlıq yaranmışdı. İndiki qaydalarda yazılır ki, həmin sözlər sətirdən sətrə cü-rət, mə-şəl kimi keçirilməlidir. Bu izah da mövcud anlaşılmazlığa son qoyur. Mətbuatda iddia olunur ki, yeni orfoqrafiya qaydalarında Baş Nazir sözünün ilk hərflərinin böyük hərflə yazılması təklif edilir. Halbuki "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin 2013-cü il nəşrində bu qayda verilmişdir, yəni həmin qayda heç də yeni deyil. Eyni zamanda iddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılmışdır. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur. Yəni bu tipli məlumatlar sübut edir ki, bəzi insanların əvvəlki qaydalardan xəbəri yoxdur".

Qeyd edək ki, Rəbb və Tanrı sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapıb.

Xəbər lenti