Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi"ni təsdiqləyib.
Mynews.az Baku.ws-ə istinadən xəbər verir ki, nizamnaməyə əsasən, ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil,
habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
Bələdiyyə tərəfindən ali təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.
Dövlət ali təhsil müəssisəsinə Azərbaycan Prezidentinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik ali təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq,
tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.
Ali təhsil müəssisəsinin fəaliyyətinə lisenziya "Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir.
Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir.
Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa,
ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.
Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
İcra hakimiyyəti orqanının tabeliyində olan ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir.
Dövlətin yaratdığı digər ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.
Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir.
Ali təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.