Nazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda dəyişiklik edib.
Bu Qayda əyani təhsilalma forması üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.
İndiyə qədər bu Qayda Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan vətəndaşlarına şamil edilib. Dəyişikliyə əsasən, bundan sonra bu Qayda həm də Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.
Eyni zamanda, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənəcək. Azərbaycanın beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunacaq.
Qüvvədə olan Qaydaya görə, ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılıb. Dəyişikliyə əsasən, bundan sonra ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq. Bu yeni bölgü qaydası 2019-cu il 1 iyul tarixindən tətbiq ediləcək.