Ali məktəblərin qəbul planında 10 % yer boş qalıb

Elm
1978
Ali məktəblərin qəbul planında 10 % yer boş qalıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.

DİM-dən Mynews.az-a verilən məlumata görə, sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Müsabiqənin nəticələrinə əsasən 44 861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur.

Sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.

Ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Nəticələrdən də görürük ki, bu qrup üzrə plan yerləri 98.68% dolub və cəmi 169 yer boş qalıb. IV qrupda da müsabiqə iştirakçılarının sayı plan yerlərindən az idi. Burada boş qalan yerlərin sayı 391, xüsusi qabiliyyət tələb edən V qrupda isə 161 yerdir.

Xəbər lenti