Azərbaycanda ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. Ərizə qəbulu prosesinin birinci mərhələsi 20 fevral – 5 mart 2025-ci il tarixlərində həyata keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ali məktəblərə qəbulun I mərhələsi sayılan buraxılış imtahanları 2-9 mart tarixlərində keçiriləcək.
Ekspertləri fikrincə, bu il qəbul planında müəyyən dəyişikliklər ediləcək. Plan yerlərinin sayının nisbətən artırılması nəzərdə tutulsa da, eyni zamanda rəqabətin daha da güclənəcəyi bildirilir.
Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Murad bildirib ki, rəqabət həmişəki kimi 1-ci ixtisas qruplarındakı ixtisaslar arasında olacaq:
“Burada xüsusilə informasiya sahəsi üzrə olan ixtisaslarda rəqabət gözlənilir. Çünki dövrün tələbi olan ixtisaslar bunlardır. 2-ci ixtisas qrupu üzrə rəqabət maliyyə ixtisasları üzrə olacaq. Amma bu il mənim düşüncəmə görə beynəlxalq ticarət və logistika ixtisası da ən çox seçilən ixtisaslar arasında olacaq. Çünki o ixtisas da ölkə üzrə ehtiyac olan ixtisaslar arasındadır. 3-cü qrupda isə ən çox müraciət olunan ixtisaslar hüquq və xarici dil üzrə olan ixtisaslar olacaq. Sonrakı pillələrdə isə Polis Akademiyası və digər ixtisaslarda olacaq.. 4-cü ixtisas qrupunda isə tibb sahəsinə daha çox üstünlük verəcəklər. Təbii ki, bunlar yüksək bal toplayan abituriyentlər üçün keçərlidir”.
Ekspert bu il imtahan suallarının o qədər də çətin olmayacağını düşünür:
"Amma keçən ilki kimi primitiv də olmayacaq. Suallar orta səviyyəli olacaq ki, bu da balansı qorumağa xidmət edəcək. Sualların asan salınması nəticənin yaxşı olacağı demək deyil. Əksinə suallar asan olanda hər şey tərsinə olur. Ona görə də həm sualların səviyyəsi, həm də yeni artırılan ixtisaslar və yer sayları nəzərə alınacaq. Bu il ixtisas seçimində son dərəcə diqqətli olunmalıdır. Çünki abituriyenlər arxayındır ki, yer sayı artırılır,imtahanlar asan olacaq. Amma bunlar əsaslı fərziyyələr deyil. İmtahanlar asan olmayacaq, orta səviyyəli olacaq. Yer sayının artırılması qəbulun asan olacağı demək deyil. Əksinə burada rəqabət daha çox artacaq. Xüsusilə də yeni açılan ixtisaslarda minimum bal 200 olduğu üçün aşağı bal toplayan abituriyentlər arasında yeni ixtisaslar uğrunda rəqabət güclü olacaq. Həmişəki kimi bu il də 150-250 bal arası toplayan abituriyentlər ixtisas seçimində əziyyət çəkəcəklər. Onlar kəsilmə ehtimalı çox olacaq. 250-400 bal toplayan xüsusilə 3-cü və 4-cü qrup abituriyentləri əziyyət çəkəcəklər. 400-dən yuxarı bal toplayan abituriyentlər isə düzgün seçim etsələr yaxşı bir ixtisasa qəbul ola biləcəklər”- Elçin Murad bildirib.