USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

İmtahanda şagirdlərə kömək edən nəzarətçiləri hansı cəza gözləyir?

Elm
12:00 11.03.2025
İmtahanda şagirdlərə kömək edən nəzarətçiləri hansı cəza gözləyir?

Elm

12:00 11.03.2025

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 2-də və 9-da keçirilən buraxılış imtahanlarında bir neçə nəzarətçi imtahandan kənarlaşdırılıb. Onlar iştirakçılara kömək etməyə cəhd etdikləri üçün imtahandan uzaqlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

Mynews.az xəbər verir ki, imtahanda iştirakçılara kömək edən nəzarətçilərin hansı məsuliyyət daşıdığı maraq doğurur.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, zal nəzarətçiləri bazası dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələrində işləyən ali təhsilli pedaqoji işçilərdən və ya zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydalarına uyğun olaraq cəlb olunan şəxslərdən ibarətdir:

Zal nəzarətçilərinin imtahana hazırlanması

Ümumi təhsil müəssisələrindən cəlb edilmiş zal nəzarətçiləri və ya zal nəzarətçisi olmağa namizəd şəxslər imtahanlara hazırlıq mərhələsində:

• təlimlərə cəlb edilir,

• sınaq imtahanlarında iştirak edir,

• əsas imtahanlara ehtiyat nəzarətçi kimi təyin olunur.

Ümumi təhsil müəssisələrindən cəlb edilmiş zal nəzarətçiləri və ya zal nəzarətçisi olmağa namizəd şəxslər təlimlərə cəlb edilərkən aşağıdakı meyarlar əsas alınır:

• prosesə yeni cəlb edilməsi,

• təcrübəsinin az olması,

• yekun qiymətinin aşağı olması,

• zal nəzarətçisi kimi müəyyən müddət fəaliyyət göstərməməsi.

Təlimlər zal nəzarətçisinin bazada qeyd olunan rayonu üzrə, 20-25 nəfərlik qruplarla, Dövlət İmtahan Mərkəzinin əməkdaşları və ya hazırlıq keçmiş xüsusi təlimçilər tərəfindən keçirilir.

Təlim zamanı nəzarətçilərə müxtəlif növ imtahanların texnologiyası və prosedur qaydaları, imtahan sənədləri ilə işin xüsusiyyətləri və imtahan zalının idarə olunmasının psixoloji aspektləri öyrədilir.

Hazırlıq mərhələsini tamamlayan şəxslər cari imtahanlara cəlb edilir .

Ümumi təhsil müəssisəsinin təqdimatı əsasında elektron qeydiyyatı aparılan yeni zal nəzarətçilərinin təlimlər zamanı tələblərə uyğun olmadığı aşkar edildikdə onlar zal nəzarətçiləri bazasından çıxarılır.

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət edən şəxslərin imtahanlara hazırlığı “zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydaları” çərçivəsində həyata keçirilir”.

Verilən məlumatda qeyd edilib ki, zal nəzarətçilərinin imtahanlara cəlb edilməsi və təyinatı zamanı aşağıdakı parametrlərə baxılır:

- yaşayış yeri: zal nəzarətçisi, bir qayda olaraq, faktiki yaşadığı ərazidə yerləşən imtahan binalarına təyin olunur;

• ixtisas: imtahan fənləri nəzərə alınaraq müvafiq fənni tədris edən - ixtisasa malik zal nəzarətçiləri prosesə cəlb olunmur;

• yaş: bir zalda yerləşdirilən imtahan iştirakçılarının yaş kateqoriyası nəzərə alınaraq cəlb edilən nəzarətçilərə aşağı və yuxarı yaş məhdudiyyəti qoyulur;

• təcrübə: imtahanların texnoloji çətinlik dərəcəsi, iştirakçıların yaş kateqoriyası və bu kontingenti idarə etmənin psixoloji xüsusiyyətləri nəzərə alınaraq cəlb edilən nəzarətçilərin imtahanlarda iştirak sayına minimum tələb qoyulur,

• yekun qiymət: imtahanların texnoloji çətinlik dərəcəsi nəzərə alınaraq cəlb edilən nəzarətçilərin peşəkarlığından əmin olmaq üçün yekun qiymətinə minimum tələb qoyulur,

• tədris dili: nəzarətçi imtahanda davranış qaydalarını izah etmək və prosesi idarə etmək üçün imtahan iştirakçılarının tədris dilini bilməlidir,

• xarici dil biliyi: bəzi hallarda nəzarətçilərdən iştirakçının imtahan verəcəyi xarici dili və ya tədris dilini bilmək tələb olunur.

• nəzarətçinin imtahan iştirakçısını tanımaması: zala təyin olunan nəzarətçilər mümkün qədər həmin zalda yerləşdirilən iştirakçıların məzunu olduqları təhsil müəssisələrinin pedaqoji işçilərindən olmamalıdır,

• imtahan zalında yaxın qohumun iştirak edib etməməsi: nəzarətçi zala təyin olunarkən həmin zalda yaxın qohumunun olub olmamasına baxılır.

Nəzarətçilərin imtahan zalına təyinində üstünlüyün verilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq aparılır:

• “zal nəzarətçisi sertifikatı” almış, eyni zamanda DİM tərəfindən təşkil olunmuş imtahanlarda 5 dəfədən az olmayaraq iştirak edən və yekun qiyməti 4-dən az olmayan nəzarətçilər;

• təcrübəli nəzarətçilər (fəxri fərmanla təltif edilmiş, nümunəvi fəaliyyətinə görə təşəkkür edilmiş nəzarətçilər);

• DİM tərəfindən təşkil olunmuş imtahanlarda 10 dəfədən az olmayaraq iştirak edən və yekun qiyməti 4-dən az olmayan nəzarətçilər.

Yeni və təcrübəsi az olan nəzarətçilər, bir qayda olaraq, ehtiyat nəzarətçi kimi təyin olunur”.

Zal nəzarətçiləri ilə xidmət müqavilələrinin bağlanması və xidmət müqavilələrinə xitam verilməsi

Ən sonda bildirilib ki, ümumi təhsil müəssisələrindən cəlb edilmiş, imtahanlara hazırlıq mərhələsini tamamlamış və ya zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydalarına görə sertifikat əldə etmiş şəxslərlə xidmət müqavilələri bağlanır.

Zal nəzarətçisinin xidmət müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər:

- “intizam məsuliyyətinə dair qaydalar”da göstərilən qaydaları pozduqda daimi və ya müvəqqəti:

- zal nəzarətçisi fəaliyyəti ilə məşğul olmaq hüququnu itirdikdə daimi”.


Xəbər lenti