2026/2027-ci tədris ili üzrə magistratura pilləsinə qəbul olunan bakalavrların qeydiyyatı başlayıb.
Mynews.az xəbər verir ki, qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq elektron xidməti "mygov" platformasında istifadəyə verilib. Xidmət vasitəsilə qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal şəkildə, bir neçə addımda tamamlaya bilərlər.
Qeydiyyat 3 avqust saat 15:00-dan başlayıb və 12 avqust saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər.
Namizədlər müraciətlərinin statusunu "mygov" platformasındakı şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər. Müraciət "Ödəniş gözlənilir" statusunda olduqda təhsil haqqını "Onlayn ödə" funksiyası ilə ödəmək və ya "Qəbzi yüklə" seçimi vasitəsilə ödənişi təsdiqləyən sənədi sistemə əlavə etmək mümkündür.
Qeydiyyat müraciəti ali təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa "mygov" platforması üzərindən bildiriş göndərilir.