USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

"Azərbaycanın gələcəyi elmdə və dünyəvi düşüncədədir"

Elm
17:38 12.10.2026
"Azərbaycanın gələcəyi elmdə və dünyəvi düşüncədədir"

Elm

17:38 12.10.2026

İdeoloji təhlükəsizlik dövlətin və cəmiyyətin mənəvi-siyasi dəyərlərinin, milli kimliyinin və informasiya məkanının xarici və daxili dağıdıcı təsirlərdən, manipulyasiyalardan və təxribatlardan qorunmasında vahid sistem kimi mühüm əhəmiyyət daşıyır. İdeoloji təhlükəsizlik fiziki (hərbi) təhlükəsizlik qədər mühüm əhəmiyyət daşıyır, çünki bu cür təxribatlar birbaşa ölkənin daxilinə və vətəndaşların şüuruna istiqamətlənir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Vlll Qurultayında çıxışı zamanı ideoloji mövzuya toxunarkən çox mühüm nüanslara diqqət çəkdi. Bildirdi ki, müharibələrin, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı bir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. 

Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlətimiz regionda yeni reallığı formalaşdıran orta güc, beynəlxalq aləmin diqqət mərkəzində olan aktual məsələlərin müzakirə olunduğu mühüm platformadır, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirir. 

Azərbaycanın regional qüdrəti və gücünün artması isə bəzi xarici qüvvələri narahat edir, onların ölkəmizə qarşı hibrid təhdidlərini artır. Müasir rəqəmsal texnologiyaların imkanlarının çoxalması isə ideoloji risklərin sərhəd tanımadan müdaxiləsini daha da asanlaşdırır. Ona görə ideoloji təxribatlardan qorunmaq üçün təhsilli, savadlı cəmiyyət quruculuğu daha çox önəm daşıyır.

Cənab Prezidentin çox düzgün və uzaqgörən bir ifadə ilə xatırlatdığı "xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq” fikri də məhz ideoloji hücumlardan qorunmağın ən etibarlı və yeganə yollarından birinin elm və təhsilə əsaslandığını əks etdirir. Azərbaycan Respublikası Hökumətinin təhsil sahəsində həyata keçirdiyi çoxşaxəli islahatlar də məhz müasir elmi inkişafa yönəlmiş dövlət strategiyasının mühüm tərkib hissəsi kimi yer tutur. 

Müşahidələr göstərir ki, xarici mərkəzlər tərəfindən idarə olunan bəzi media orqanları, sosial media səhifələri dövlət ümumi təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı edilmiş son dəyişikliklərə, təhsil sahəsində mütərəqqi islahatlara kölgə salmaq məqsədilə anti-Azərbaycan təbliğat aparır, vətəndaşlarımızı, xüsusilə dünyagörüşü hələ formalaşmaqda olan uşaqları və yeniyetmələri təsir altına salmağa çalışırlar. 

Həmin mərkəzlər din amilindən istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, dini idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Dünyəvilik əleyhinə aparılan fəaliyyətlərin kampaniya halına gətirilməsi isə həmin məkrli planlardan qaynaqlanır.

Nazirlər Kabinetinin yeni tələbləri müasir təhsil idarəçiliyi şəraitində məktəbdaxili nizam-intizam və təşkilati idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu, kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Çünki məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Bu baxımdan vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.

Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin qorunması, ideoloji təxribatların qarşısının alınması isə ən ali vəzifə və prinsipdir. Dövlətin və cəmiyyətin ideoloji risklərə qarşı güclü immunitetini formalaşdıran ən vacib amillərdən biri vətənpərvərlikdir.

Möhtərəm Prezidentimizin "əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir” fikri hər birimiz üçün ümummilli tələbdir. Ona görə də, bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməli, özü yad və zərərli təsirlər altına düşməməli və övladlarını da bu təsirlərdən müdafiə etməlidir. 

Ramid Namazov

Milli Məclisin deputatı


Xəbər lenti