Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahandan sonra abituriyentlər kütləvi şəkildə Dövlət İmtahan Mərkəzindən şikayət ediblər. Belə ki, abituriyentlər test kitabçalarında sualların silindiyini bildiriblər və bu səbəbdən sualları oxuya bilmədiklərini deyiblər.
Bu məqama DİM rəsmi şəkildə aydınlıq gətirib və bildirilib ki, mübahisəli bütün suallar və silinən testlər abituriyentlərin xeyrinə hesablanacaq. Maraqlı məqam isə ondan ibarətdir ki, suallar silinən kitabçalar abituriyentlərə verilməyib.
AZXEBER.COM məsələylə bağlı təhsil eksperti Kamran Əsədovun mövqeyini öyrənib.
Ekspert deyib ki, bütün bu halların baş verməsi Dövlət İmtahan Mərkəzinin qeyri-peşəkarlığının və işinə məsuliyyətsiz yanaşamasının göstəricisidir: "Test kitabçalarında sualların silinməsi kütləvi şəkildə olub və buna bir adla biabırçılıq deyərdim. Bu Dövlət İmtahan Mərkəzinin işinə qeyri-peşəkar yanaşdığını göstərir. Burada bir abituriyentin taleyindən söhbət gedir, DİM sualları necə silə bilər? Bu qurum hər tələbədən 40 manat pul alıb və Azərbaycanda 35 min abituriyent var. DİM bu qədər pulu nə edib?"
Təhsil eksperti suallara da aydınlıq gətirib və deyib ki, sualların çoxu təkrar olub: "İmtahana düşən sualların demək olar ki, hamısı təkrar suallar idi. Bu qurum bu qədər pul toplayır, ancaq sual hazırlamağa ərinir. Əvvəlki illərdə sınaq və qəbul imtahanlarına düşən sualların təkrarlanması DİM-in fəaliyyətsizliyini göstərir. Məncə artıq Azərbaycanda yeni imtahan qurumu yaradılmalıdır. Əminəm ki, bu qurum daha peşəkar və məsuliyyətli olacaq".
Kamran Əsədov imtahanda nəzarətçilərin də qeyri-etik davranışlarının olmasını deyib: "İmtahan zallarında bəzi nəzarətçilər uzun kabluk geyiniblər və bu da abituriyentlərin fikrini dağıdıb. DİM hər incəliyə fikir verməlidir, gənclərin talehi ilə belə oynamaq olmaz. Bir daha qeyd edirəm ki, bütün bunlar hüquq pozuntularıdır və ciddi araşdırılmalıdır".