30 il sonra Bakıya gələn erməni azərbaycanlıları görüb göz yaşlarına boğuldu - VİDEO

607
30 il sonra Bakıya gələn erməni azərbaycanlıları görüb göz yaşlarına boğuldu - VİDEO

Otuz il əvvəl Bakını tərk edən erməni Erik Xaçaturov Azərbaycana səfərə gəlib. 

Bakıdakı doğma küçədə gəzərkən Erik Xaçaturov göz yaşlarını gizlədə bilmir. O, Azərbaycana 30 ildən sonra qayıdıb. Erik vətənini Dağlıq Qarabağ münaqişəsi səbəbindən tərk etməyə məcbur olub. Bu illər ərzində Xaçaturov öz evini, dostlarını, qonşularını görmək və sadəcə şəhərdə gəzmək arzusu ilə yaşayıb. Bu şəhərdə o, çox xoşbəxt olub.

Erikin sözlərinə görə, Bacıxanım Seyxanovanın ailəsi onun ilk və ən yaxın qonşusu olub. Ailənin digər üzvləri evdə yox idi. Amma bu illər ərzində köhnə dostların bir-birinə veriləsi çox suallar oldu. "Bu insanlar mənim ilk yaxın qonşularım olublar. Milliyətcə ləzgidirlər. Sabirin toyu olanda biz Qusara getmişdik gəlini gətirməyə. Belə gözəl anlar olub. O zamanlar çox yaxşı idi”. 

Öz doğma evini görməyi Erik ümid etmirdi. Deyir, illər öncə onun evinin sökülməsi barədə xəbər veriblər. Amma məlum oldu ki, bu sadəcə şaiyədir. Digər qonşuları ilə görüşdükdən sonra Erik Xaçaturov doğma 32 saylı məktəbə baş çəkdi. Orada isə uşaqlıq illərini yada saldı.

Erik Xaçaturov Fəxri Xiyabanda Azərbaycanın milli lideri Heydər Əliyevin məzarını da ziyarət etdi. Bundan başqa, yaradıcılıqlarına böyük sevgi ilə yanaşdığı Rəşid Behbudov, Nəsibə Zeynalova və Siyavuş Aslanı ehtiramla yad etdi: «Nəsibə Zeynalova mənim ən sevdiyim artist olub. İndiyədək onun iştirak etdiyi tamaşalar və filmlərə baxıram və gülürəm».

Erik həmçinin Qız qalasının ətrafında olmağı da arzulayırdı və bu arzusu da gerçəkləşdi. İçərişəhərin küçələri ilə gəzərkən Xaçaturov Azərbaycan çayı da aldı. İndi yaşadığı Rusiyaya çayı onun azərbaycanlı dostları gətirirlər. 

Erik Xaçaturov hələ bir neçə gün Bakıda qalacaq. Sonra Rusiyaya qayıdacaq. Söz verir ki, Azərbaycana yenə gələcək. O, özü ilə təkcə sevimli Bakı suvenirləri deyil, həm də xoş xatirələri aparacaq. Deyir, insanın bir vətəni olur və onun üçün Vətən Bakıdır, həyatının sonunadək sevəcəyi bir şəhər...

Xəbər lenti