Sabiq nazirin həbsi ilə ilan ovsunçuları və dumbul çalanların nə əlaqəsi var?
Ləğv edilən MTN-nin sonuncu rəhbəri Eldar Mahmudovun mümkün həbsi 9 saylı cəzaçəkmə müəssisəsinə bir neçə müddət toy-bayram yaşada bilər.
Mynews.az xəbər verir ki, bu barədə Moderator.az-a maraqlı məlumat daxil olub. Məlumata görə, E.Mahmudovun həbsini səbrsizliklə gözləyən onlarla iş adamı və məmur sabiq nazir həbs ediləcəyi təqdirdə 9 saylı kalon və ya ona yaxın ərazidə qeyri-adi şou-konsert proqramları təşkil etmək niyyətindədir.
Planlaşdırılan konsert tədbirlərinin özəlliyini artıran ən başlıca məqam isə konsertdə iştirak edəcək bütün sənətkarların xaricdən gətirilməsidir.
İllər uzunu E.Mahmudovun qanunsuz əməllərindən maddi-mənəvi ziyan görən bu insanlar təşkil edəcəkləri konsertlərlə bu həbsi ədalətin qələbəsi, əsl toy-bayram günü kimi qiymətləndirdiklərini diqqətə çatdırmaq istəyirlər.
Məlumata görə, bununla həm də E.Mahmudova öz nifrətlərini sərgiləmək istəyən iş adamları arasında Hindistandan ilan ovsunçuları, Afrika dövlətlərindən dumbul çalanlar, Orta Asiya ölkələrindən zurnaçıların gətirilməsini planlaşdıranlar var. Onlar hesab edir ki, E.Mahmudovun MTN-dəki fəaliyyətinə veriləcək yekun qiymətin məhz dumbul səsi, zurna sədası ilə nöqtələnməsi daha doğru, daha ədalətlidir.
Bununla yanaşı mənbə hesab edir ki, məlum şənliklərdən qazanclı çıxanlar da az olmayacaq. Bu konsert orda iştirak edəcək xarici sənətçiləri daha varlı etməklə yanaşı, 9-cu kalon üçün də bir yenilik olacaq. Və ən əsası, E.Mahmudov da bu işdən müəyyən "divident" əldə edəcək. O, bununla sübut edəcək ki, bəzən əlində olmayan səbəblərdən olsa da kimlərisə varlı, kimlərisə bir neçə saatlıq xoşbəxt edə bilir.