Türkiyədə qətlə yetirilən nazirimiz - VİDEO - FOTOLAR

551
Türkiyədə qətlə yetirilən nazirimiz - VİDEO - FOTOLAR

İstanbulda qarlı-şaxtalı bir qış günündə Beşikdaşda Yəhya Əfendi dərgahının olduğu tarixi məzarlığı ziyarət etdik. Kimi axtardığımızı sordular. “Behbud Xan Cavanşiri” dedik və Yəhya Əfendi türbəsinin yaxınlığında yerləşən məzarı göstərdik.

Dostlarla qəbir üstünü təmizləyib, məzarı üstündə Azərbaycan və Türkiyə bayraqlarını qoyduq və ruhuna dualar oxuduq. Bizimlə birlikdə qəbiristanlığa gəlmiş bəzi dostlar, Türkiyədən olan jurnalist həmkarlarım daha yaxından tanımaq istəyirdilər. Anlatmağa başladıq. Keçənlərdən bəziləri də ayaq saxlayıb dinləməyə başladı. “Burda Azərbaycanın və bütün türk dünyasının qəhrəman övladlarından biri, böyük şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşir yatır” dedik.

“Qarabağ xanlarının nəslindən olan Behbud Xan Cavanşiri Cümhuriyyətimizin süqutundan sonra ermənilər daim təqib edib, qətlə yetiriblər, amma ədalət qarşısında cavab verməyiblər, tarix qarşısında isə mütləq cavab verəcələr”, - dedik. Ruhuna dualar oxuduq. “Nur içində yat, ruhun şad olsun, Azərbaycan yenə də müstəqil bir ölkədir və sizin arzularınız gerçəkliyə çevrildi” dedik.

Sonra özümüz-özümüzə “onsuz da xəbərin var, ey böyük Azərbaycan türkü” dedik.

Anadolu agentliyindən dostlara Behbud Xan Cavanşirlə bağlı geniş müsahibəmizin sonunda bildirdik ki, bu böyük şəxsiyyəti bütün türk gəncliyi yaxşı tanımalı, öyrənməli, hər kəsə tanıtmalı, onun qətli və bu qətli törədənlərin nədən ədalət qarşısında cavab verməməsini yaxşı anlamalı və bütün dünyaya duyurmalıdır. Amma öncə ziyarət etməlidir. Çünki məzarı üstündə yazılan misralarla neçə illərdir yanından keçənlərə çağırış edir o böyük şəxsiyyət.

Karanlıktan suret aldı bir sırtlan

Onun pencesinde can verdi bir şir

Bir yığın kemiktir toprakta kalan

Cennete yükseldi Behbud Han Cevanşir

 

Yolçu gördüyün bir makber diyil

Zülme zebun olan hakkın heykeli

Geçme dur önünde hürmetle eğil

Lanetle an hakka saldıran eli

 

Asla uyumasın beyninde kinin

Mukaddes borcundur intikam almak

İstersin yaşasın milletin, dinin

Nur ol zülmeti boğ, nar ol zülmeti yak

 

Məzarı üstündə belə yazılır: ”Nur ol zülmeti boğ, nar ol zülmeti yak”. Əlavə sözə ehtiyac qalmır.

İstanbulda Behbud Xan Cavanşirlə bərabər düz onun yanında uyuyan qardaşı Cümşüd Xan Cavanşirin də məzarını ziyarət etdik. İstanbula yolunuz düşsə, Azərbaycan və türk dünyası üçün böyük işlər görmüş bu böyük şəxsiyyətlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxumağı unutmayın. Nur içinde yatsınlar.

Behbud Xan Cavanşirlə bağlı məlumatı geniş olmayanlar üçün balaca bir bilgini də paylaşmaq istəyirəm.

1877-ci ildə anadan olan Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəticəsidir. Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı uğurla bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlıdır. Behbud Xan Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxuyub. Qərbi Avropadakı həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasına təsir edib. Behbud Xan alman, ingilis, fransız, rus, gürcü dillərini mükəmməl bilib. 1916-cı ildə Azərbaycana qayıdan Behbud Xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışıb. Doğma xalqının maariflənməsi uğrunda mübarizə aparan Behbud Xan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilib. Bundan başqa, Behbud Xan Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd verib, anadilli mətbuata müəyyən yardımlar göstərib.

Onun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi izlənirdi. 1920-ci ildə Bakıda rusca çapdan çıxan "Zaqafqaziyada rus siyasətinə dair sənədlər" kitabından (onun digər adı "Qara kitab"dır) aydın olur ki, Behbud Xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı Difai Partiyasının Mərkəzi Komitəsinə daxil olub. O, "Nicat" cəmiyyətinin və "Rus Texniki” cəmiyyətinin Bakı şöbəsinin üzvü seçilib. Texniki cəmiyyətin elmi əsərlərində Behbud Xan Cavanşirin xeyli məqaləsi çap olunub.

O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin əməkhaqları məhz Behbud Xanın köməkliyi ilə neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud Xan polis əməkdaşlarının fəaliyyətinə və qayğılarına yaxından bələd idi. Məhz onun Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri təyin olunmasında bu məsələlərin də rolu az olmayıb. Belə ki, B.X.Cavanşir Fətəli Xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə yaratdığı 2-ci hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayır.

Behbud Xan Cavanşirin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi barədə qərar qəbul edir. Behbud Xan Cavanşirin daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənir və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçür.

Daxili İşlər Nazirliyi "Metropol" mehmanxanasının binasında fəaliyyətə başlayır və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə, Bakıda İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu.

1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra Behbud Xan Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərir.

1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfındən bu müqavilələri Behbud Xan Cavanşir imzalayır. Bu sənədlərə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verirlər.

Partiya mənsubiyyəti sarıdan bitərəf olan Behbud Xan həmin ilin dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud Xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrında fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud Xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli Xan Xoyski hökuməti ilə birgə Behbud Xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir.

Behbud Xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə əməli işlər görülür. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxunmurlar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud Xanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir. Behbud Xan Cavanşir yolüstü İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhməd bəy Ağayevin qonağı olur. Görünür, o, bolşevik əsarəti altındakı vətəni ilə həmişəlik vidalaşmaq qərarına gəlib. Çünki uzaq səfərə xanımı Tamara Cavanşir, qardaşları Surxay xan və Cəmşid xan ilə birlikdə çıxır.

1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun "Pera-Palas" otelinin önündə Daşnaksütyun partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud Xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Prokuror qatil üçün ölüm cəzası istəyir, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılır. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəyir və qatil Torlokyan gecə ikən qaçırılır. 1921-ci il iyulun 18-də Behbud Xanın ölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi "Kroker" otelində saxlanılırdı. Mişaq Torlakyan "Daşnaksütyun" partiyasının üzvü idi və Azərbaycanda 1918-ci il mart soyqırımında xüsusi fəallıq göstərmişdi.

Ölüm ayağında olarkən Behbud Xanın son sözləri belə olur: "Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər".

Xəbər lenti