Azərbaycan Milli Elmlər Akademiyasında növbəti seçkilər keçirilib.
AMEA-nın Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən, elm və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülmüşdür.
Mynews.az xəbər verir ki, Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında Qorxmaz Cahangir oğlu İmanov AMEA-nın müxbir üzvü seçilmişdir.
Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyasını müdafiə etmişdir. Həmin ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika İnstitutunda kiçik elmi işçi işləmişdir.
1969-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika İnstitutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika İnstitutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm sahəsində Azərbaycan SSR Dövlət mükafatı adına layiq görülmüşdür.
1987-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun müdiri vəzifəsində çalışmışdır. 1993-1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunda çalışmışdır. 1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışmışdır.
Professor İmanovun elmi tədqiqatlarının predmeti olan qeyri-standart riyaziyyat (qeyri-dəqiq məntiq) əsasında sosial-iqtisadi modelləşdirmə durur. Bu yanaşmanın tətbiqi göstəricilərinin 85%-nin ölçülməsi mümkün olmayan, sosial sistemlərin keyfiyyətini səmərəli qiymətləndirməyə imkan verir.
Q.İmanov İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının üzvüdür, 2011-ci ildə uzun illər ərzində apardığı tədqiqatlara görə Akademiyanın qızıl medalı ilə də təltif edilib.
Professor Q.İmanov, həmçinin 2015-ci ildə “Rusiya iqtisad elminin inkişafındakı yüksək töhfələrinə görə” mükafatı ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Cabir İmanov və “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru, Əməkdar artistTahir İmanov Q.İmanovun övladlarıdır.
145-dən artıq elmi əsərləri, o cümlədən 30-dan artıq xaricdə məqaləsi dərc edilmiş və 28 elmlər namizədi yetişdirmiş Qorxmaz İmanov hazırda elmi fəaliyyətini AMEA Kibernetika İnstitutunda davam etdirir.
Professor Qorxmaz İmanovu AMEA müxbir üzv olması münasibəti ilə təbrik edir və ona elmi fəaliyyətində uğurlar arzu edirik.