2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 62 min sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 36% çoxdur.
AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşüb ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb.
904 min sərnişin (85%) beynəlxalq reyslərin payına düşür. Hava limanının beynəlxalq daşımaların ümumi payının 48,2%-i “Azərbaycan Hava Yolları”nın, 51,8%-i xarici aviadaşıyıcıların payına düşüb.
İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir - bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62%-ni təşkil edib.
Məşhur istiqamətlərin siyahısına, həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12%-i) daxildir.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.