Elçin Quliyev Qurana əl basmaqdan imtina etdi, Mahmudovun üzünə durdu MƏHKƏMƏDƏ QALMAQAL

865
Elçin Quliyev Qurana əl basmaqdan imtina etdi, Mahmudovun üzünə durdu MƏHKƏMƏDƏ QALMAQAL

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində  hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş  şəxs qismində Maqsud Mahmudov ifadə verib.

O, məhkəmədə qeyd edib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb: "Azər Mehdiyev məni qəbul etdi. O, məni  terrorçu adlandırdı. Bundan sonra 10 gündür telefon zənglərim və mesajlarımın onlar tərəfindən izlənildiyini bildirdi. Dedi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm. Orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşdüyümü dedi. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını mənə bildirdi".

Maqsud Mahmudov bildirib ki, ondan əvvəlcə 250 min dollar tələb olunub: "Pulu vermədiyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan həyat yoldaşına deyəcəklərini bildirdi. Bu məbləği onlara verməyə imkanım olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim".

Prosesdə Maqsud Mahmudovla Elçin Quliyevin arasında mübahisə yaranıb. Elçin Quliyev bildirib ki, zərərçəkmişi casusluqla bağlı MTN-ə çağırıblar: "Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını yuxarı qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Zərərçəkmişin ondan pul almağımızla bağlı dedikləri həqiqət deyil".

Bu zaman zərərçəkmiş Qurani-Kərim kitabını çıxarıb və general Elçin Quliyevdən and içməsini istəyib.

Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və yeni açıqlama verib: "Maqsud Mahmudovun MTN-ə çağırılması ilə bağlı nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub. Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər olub. Onların da bura gəlməsini istəyirəm".

Bu zaman Maqsud Mahmudov ona cavab verib. "Rəhmətlik İlqar Əliyev deyib ki, məndən alınan pulun 70 min manatı Eldar Mahmudova çatdırılıb. Elçin Quliyev bu gün burada bunu dolayısı yolla təsdiqləyir. Mənim 120 min manatdan əlavə 1 milyon 200 min manatımı alıblar".

Elçin Quliyev bu iddialara cavab verə bilməyib. Elçin Quliyev Maqsud Mahmudovu şantajçı adlandırıb. Zərərçəkmiş də onu “baş şantajçı” adlandırıb: "Burada özünü müdafiə edir. Amma illərdir, kimlərisə videoçəkilişlə şantaj etməklə məşğul olublar. Bizim çox yaxşı generallarımız var. Elçin Quliyev general olsa da, bu ada ləkə olub".

Daha sonra Sahib Qurbanov bildirib ki, ondan hədə-qorxu yolu ilə pul tələb olunub. Elçin Quliyev zərərçəkmiş Sahib Qurbanovun da yalan danışdığını deyib.

Qarşılıqlı ittihamlar səslənən zamam Sahib Qurbanov deyib ki, ona qarşı edilən qanunsuzluqlarda Heydər İslamov və Ayaz Gərayzadə də iştirak edib. 

Prosesdə Xəzər rayon icra hakimiyyəti başçısının müavini olmuş Heydər Ələkbərov da ifadə verib.

Məhkəmə iclası mayın 18-də davam edəcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda onu adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

Xəbər lenti