I Bakı Şopinq Festivalı başa çatıb

563
I Bakı Şopinq Festivalı başa çatıb

Azərbaycan tarixində ilk dəfə təşkil edilən şopinq festivalına yekun vurulub.

Mynews.az-ın verdiyi məlumata görə, Festivalın Təşkilat Komitəsindən bildirilib ki, aprelin 10-dan mayın 10-dək keçirilən I Bakı Şopinq Festivalı gözlənildiyindən də uğurlu alınıb.

Festivalın təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun peşəkar kollektivinin müvafiq dövlət orqanları, özəl sektor və könüllülərlə birgə əməkdaşlıq şəraitində həyata keçirdiyi bu layihə ölkəmizdə və beynəlxalq aləmdə maraqla qarşılanıb.

Festival barədə danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Bakı Şopinq Festivalı dünya turizm bazarında böyük əks-səda doğurub. 

Nazir Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşların da festivalda fəal iştirakını yüksək qiymətləndirib. Yerli və xarici mütəxəssislərin rəyinə görə, bu təşəbbüs regionda bu sahədə liderlik üçün çox ciddi bir addım idi. 

Dünya təcrübəsində ilk dəfə olaraq, ticarət festivalı çərçivəsində həm turistlər, həm də yerli əhali bu imkanlardan faydalana bilib.

Qeyd edək ki, festivala qoşulmuş mağaza və restoranlar tərəfindən alıcılar üçün bir çox güzəşt və kampaniyalar tətbiq edilib, həmçinin mağazalar 30 faizdən 70 faizədək endirimlər edib. 

Bundan başqa turistlər və Azərbaycan vətəndaşları üçün təqdim olunmuş xüsusi ƏDV qaytarılması proqramı bütün alıcılar tərəfindən razılıqla qarşılanıb.

Xarici vətəndaşlar üçün “Tax Free” sistemi 300 manatdan yuxarı alış-verişə şamil edilirdisə, festival zamanı məbləğ 100 manatadək endirilib. 

Digər tərəfdən xarici turistlər “Tax Free” məbləğini həmişəki kimi, hava limanında deyil, şəhərdə geri ala biliblər. Bununla yanaşı, dünyada ilk dəfə olaraq yerli əhali də ƏDV qaytarılma prosesindən istifadə edə bilib.

Festival dövründə, demək olar ki, hər gün müxtəlif bədii və əyləncə proqramları təşkil edilib. Xüsusən də paytaxtımızdakı ticarət mərkəzlərində və Bakıya gələn turistlərin daha çox maraq göstərdiyi İçərişəhərdə alıcıların, şəhərimizin sakinlərinin və turistlərin maraqla qarşıladığı əyləncə proqramları təşkil edilib. 

Bakı Şopinq Festivalının fəxri qonaqları – dünya şöhrətli ulduzlar Canluka Vakki və Vera Brejneva, eləcə də digər tanınmış incəsənət ustalarının çıxışları böyük maraqla qarşılanıb.

Festival təkcə yerli medianın deyil, beynəlxalq aləmin, eləcə də xarici KİV-lərin də diqqət mərkəzində olub. Tam əminliklə demək olar ki, Bakı Şopinq Festivalı artıq bir brendə çevrilib və Festivalın gələcəkdə ənənə halını alması üçün önəmli addım atılıb.

Qeyd edək ki, gözlənildiyi kimi, uğurla başlanan Bakı Şopinq Festivalı növbəti dəfə bu ilin sonuna yaxın keçiriləcək və bu barədə məlumat yaxın vaxtlarda veriləcək.

Xəbər lenti