Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sualları cavablandırıb.
Ə.Amaşov müsahibədə mətbuatın hazırki durumu, jurnalistlərin ev problemi və bu kimi vacib məqamlara toxunub.
O, azvision.az-a müsahibəsində reket jurnalistlərin fəaliyyətinə də toxunub:
“Azərbaycanda və dünyanın müxtəlif yerlərində reket jurnalistika deyilən anlayış var. Bu gün Azərbaycanda reket jurnalistika çox deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. İlk növbədə Azərbaycanın Kütləvi İnformasiya Vasitələri (KİV) özlərini cəmiyyətə yetərincə tanıtmayıblar. Bir çox insanlar həqiqi mətbuat nümunələrini reket jurnalistikadan seçmir.
Ona görə də bu məsələdə onların “tilovuna” düşürlər. Bunlar daha çox müəllimlər, həkimlər, iş adamlarıdır.
Başqa sahələrdə uğur əldə etməyən şəxslər reket mediada cəmləşirlər.
Bunlar “işgüzar” insanlardır. Harada olsalar, bu işi görməlidirlər. Baxırlar media bazarında sakitlik var və bu bazara daxil olurlar. Özləri üçün bir xəbər portalı yaradır və baxırlar kimlərə necə reaksiya vermək olar. Onlar müxtəlif insanların haqqında məlumatlar yayır, qorxutmaq və şantaj yolu ilə pul əldə edirdilər. Onlar daha çox ünvansız saytlardan istifadə edirlər. Xəbər portalı yaradırlar və heç bir ünvan göstərmirlər. Kimlərinsə haqqında böhtan xarakterli materiallar yayırlar”.