Mayın 15-dən Azərbaycanda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2 mart 2017-ci ilə tarixli “2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi” haqqında sərəncamında qeyd olunub.
Sərəncama əsasən qeyd olunan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Viza verilməsi üçün bu sənədlərdən biri - Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart - əsas hesab edilir.
Sərəncama əsasən Xarici İşlər Nazirliyinə tapşırılır ki, 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin; 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.