Temperatur 42 dərəcəyə qalxır. 20 saat davam edən bu haldan sonra xəstə ürək iflicindən ölür.
Sahibsiz heyvanlarla müəyyən qaydalar çərçivəsində müvafiq icra hakimiyyəti orqanları mübarizə aparmalıdır. Amma təəssüf ki, icra qurumları bu vəzifələrini layiqincə yerinə yetirmir. Olan isə sakinlərə olur.
Bu günlərdə belə bir hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Belə ki, Salyan şosesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənar qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev, binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən küçə itləri ona hücum edib. İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ilin 4 ayı ərzində qeydiyyata alınmış 80 min baş itə quduzluq əleyhinə peyvənd edilib. Amma sahibsiz heyvanlar, yəni küçə itlərinə qarşı quduzluğa qarşı peyvənd vurulması, qısırlaşdırılması və onlara qarşı mübarizə xidmətin vəzifələri çərçivəsində deyil.
"Əgər heyvanlar üçün xüsusi sığınacaqlar ayrılarsa, biz o heyvanlar üçün həkim ayırıb, onların peyvəndlənməsi ilə məşğul ola bilərik. Hazırda bir neçə sığınacaq var ki, həmin sığınacaqlardakı heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi aparılır" — qurum rəsmisi bildirib.
Xanvəlinin sözlərinə görə, xidmətə nümunələr daxil olur, müayinə edilir və lazımi tədbirlər görülür: "Quduzluq daha çox meşə zonalarında yaşayan heyvanlarda, əsasən də sahibsiz heyvanlarda aşkar edilir".
Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a bildirib ki, quduzluq sürətli inkişaf edən infeksion xəstəlik olub, ensefalomielit və polinevrit simptomokompleksi ilə səciyyələnir: "Quduzluğun qarşısı zamanında alınmasa, həyat üçün böyük təhlükə yaradır".
Həkim bildirir ki, quduzluq xəstəliyi, əsasən ət yeyən heyvanlar – canavar, tülkü, çaqqal, it, pişik tərəfindən yayılır: "Heyvanlardan yoluxma, əsasən dişləmə və yaxud zədələnmiş dəri səthinə heyvanların ağız suyunun bulaşması ilə baş verir. İnsan həssas varlıq olduğu üçün bu xəstəlik özünü daha tez biruzə verir və həyat üçün təhlükəli sayılır". M. Cəfərova hesab edir ki, quduzluğa yoluxma hallarına yaz-yay mövsümlərində, əsasən kənd yerlərində rast gəlinir: "Virus daha çox dişləmə və ya zədəli yerə quduz heyvanın ağız suyunun təmas etməsi ilə keçir. Quduzluq zamanı tənəffüs və udma əzələlərinin qıc olması, dil, udlaq sinirlərinin zədələnməsi, sinir sistemində simparik şöbənin qıcıqlanması ilə ağız suyunun axması, güclü tər ifrazı, damarlarda qan çoxluğu, beyinə qan sızmalar baş verir". "Xəstəliyin inkubasiya dövrü 12 gündən 90 günə qədər davam edə bilir. İnkubasiya dövrünün dəyişkənliyi yoluxan, dişlənilən şəxsin yaşından, dişlənmiş nahiyənin yerindən, yaranın ölçü və dərinliyindən, eləcə də orqanizmə düşən virusun miqdarından asılıdır. Uşaqlarda inkubasiya dövrü daha qısa olur" — müsahibimiz qeyd edir. Onun sözlərinə görə, xəstəlik, əsasən 3 dövrə bölünür: "Xəbərdarlıq dövrü yoluxmadan 2-3 gün sonra başlayır. Halsızlıq, baş ağrıları, hərarətin qalxıb enməsi ilə özünü biruzə verir. Yara iltihablaşır, şişir, qızarır və kəskin ağrılar meydana gəlir. Quduzluq xəstəliyi insanın psixikasına da birbaşa təsir edir. Belə ki, xəstədə qorxu, həyəcan, titrəmə, soyuq tərləmə başlayır. İştahsızlıq, yuxusuzluq, udma problem və döş sıxıntısı meydana çıxır. Sudan qorxma halları özünü biruzə verir. Xəstə ilk öncə su içərkən, daha sonra su görərkən, suyun səsini eşidərkən son mərhələdə isə adını eşidərkən əsəb tutması yaşayır".
Belə tutmalar eyni zamanda havanın hərəkəti, külək zamanı, parlaq işığa qarşı və güclü səsə qarşı da baş verir: "Əsəb tutmaları həyəcan, narahatlıq, qorxu, ağrılı spazm, nəfəs alma problem ilə başlayır. Xəstə qışqırır, boynunu yanlara dartır, bədənini geriyə irəliyə əyir, qıcolmalar baş verir, üz forması dəyişir, göyərir, göz bəbəkləri genəlir, baxışlar bir nöqtəyə dikilir. Təngnəfəslik əmələ gəlir, xəstə ağır nəfəs alır, yardım istəyir və qusmağa başlayır".
Həkimin sözlərinə görə, belə hallarda ürək dayanmaları da baş verə bilər: "Xəstənin davranışları, qəzəbli hərəkətləri, ətrafdakıları cırmaqlamaq, dişləmək istəyi, tüpürmələri quduzluq adlanır. Oyanma dövrünün kuliminasiyasında görmə və eşitmə qabiliyyəti pozulur. Bu dövr 6 gün davam edir və ürək dayanmırsa, xəstəlik üçüncü mərhələyə keçir. Xəstədə ağız suyu axmağa və kəskin arıqlama başlayır. Gün keçdikcə, xəstə sakitləşir. Qorxu-həyəcan aradan qalxır və sağalma ümidi artır. Amma bununla yanaşı halsızlıq, süstlük, iflic, çanaq oynaqlarının funksiyasını itirmə əmələ gəlir. Temperatur 42 dərəcəyə qalxır. 20 saat davam edən bu haldan sonra xəstə ürək iflicindən ölür. Xəstəlik ümumiyyətlə 3-7 gün və ya 2 həftə davam edir. Cəfərova bildirir ki, quduzluğu ilk saatlarda müəyyən etmək mümkün olmadığı üçün müayinə edən həkim şübhəli hallarda mütləq bu sahənin mütəxəssisinə müraciət etməyin önəmli olduğunu bildirir: "Heyvanlarla əlaqə, onların dişləməsi və ya ağız suyunun üzərinizə axması sizdə şübhə yarada bilər. Şübhələndiyiniz andaca həkimə müraciət edin. Quduzluğa diaqnoz qoyulmadığı üçün insan ancaq öldükdən sonra diaqnoz qoyula bilər. Quduzluq xəstəliyi özünü biruzə verməsindən öncə müalicəyə başlanılmalıdır. Xəstəlik özünü biruzə verdikdən sonra sağalma şansı azalır. İnsan orqanizmi bu xəstəliyə çox az hallarda dözə bilir. Bu səbəbdən də xəstəlik törədicilərinə qarşı diqqətli olmaq lazımdır". Həkim məsləhət görür ki, xəstəliyin qarşısının alınması üçün sanitariya-baytarlıq sistemləri müvafiq formada həyata keçirilməli, itlərin saxlanması, sahibsiz heyvanların məhv edilməsi, ev heyvanlarına qarşı vaksinasiyanın vaxtında həyata keçirilməsi vacibdir: "Əgər sizi it-pişik dişləyibsə, yaranıza bu kimi heyvanların ağız suyu toxunubsa, yaranı sabunla yuduqdan sonra dərhal həkimə müraciət edin. Yaranın təmizlənməsi inkubasiya dövrünü uzadır. Həkim müayinəsindən sonra isə vaksinasiya dövrü başlanılır". Hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" var. Bu qaydalara əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. "Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilməlidir" — Həmidli əlavə edib.
Bununla yanaşı şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri yaşayış sahələrində şəxslərin öhdəsində olan heyvanların (it, pişik və s.) baytarlıq qeydiyyatında olmasını nəzarətdə saxlayır, daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir, baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanların (it, pişik və s.) uçota alınmasını, onlarda təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir, heyvanların saxlanması qaydalarını pozan şəxslər haqqında müraciət daxil olduqda, qanunvericiliyə əsasən müvafiq tədbirlər görür və sahibsiz heyvanların ovlanmasında dövlət baytarlıq nəzarətini təmin edir.
Hüquqşünas bildirir ki, əgər sahibsiz it hansısa bir şəxsə zərər vurarsa, zərərin əvəzi müvafiq icra qurumları tərəfindən ödənilməlidir. Bu da Mülki Məcəllənin 1100-cü maddəsində öz əksi tapıb: "Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Yəni, sahibsiz heyvanların hücumuna məruz qaldığınız təqdirdə müvafiq icra qurumunu, bələdiyyəni və yaxud MİS-i məhkəmə verib, təzminat istəyə bilərsiniz". Xatırladaq ki, sahibsiz heyvanlara qarşı mübarizə Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsi tərəfindən aparılmalıdır. Amma təəssüflə qeyd etməliyik ki, nə Bakı Şəhər İcra Hakimiyyəti nə də adı çəkilən qurumla əlaqə yaratmaq mümkün olmadı.