“Elçibəyi rüşvət gücünə otaqları süpürən, yataq yığışdıran keçirtdik...”

690
“Elçibəyi rüşvət gücünə otaqları süpürən, yataq yığışdıran keçirtdik...”

“Müəllifin nəvəsi Eyvazlı Rəhman tərəfindən Azərbaycan tarixi müəllimimə hədiyyə edilir”.

Oqtay Kərim oğlu Rəfilinin “Poladdan bir yarpaq” kitabını tələbəm olan nəvəsi mənə məhz bu qeydlə hədiyyə etmişdi. Kitabı oxudum və düşündüm ki, Azərbaycanın çox ciddi, maraqlı şəxslərindən olan Oqtay Rəfili, Oqtay Eldəgəzi onu tanımayan insanlara-oxuculara tanıtmaq pis olmazdı.

Kimdir Oqtay Eldəgəz? 

Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirib, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris edib. Həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb.

1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri imiş. 1962-ci ilin dekabr ayından Milli Azadlıq Qərargahının (MAQ) 25 il sədri olub.

Sovet dövründə bir sıra hekayə, povest, novella, oçerkləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Göyərçin”, “Azərbaycan” jurnallarında çap olunub. 1997-ci ildə O.Eldəgəzin məqalələri “Təzadlar”, “Azadlıq”, Şərq”, “525-ci qəzet”, “Nəbz”, “168 saat”, “Ədalət”, “Uluş”, “Müsavat”, “Azadlıq” və s. qəzet və jurnallarda dərc edilib.

1962-ci və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olub. Bu müddətdə səhhəti korlanıb, əl və ayaq dırnaqlarını itirib. 

Oqtay Eldəgəz 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat edib.

Görkəmli şəxsiyyətlərin birləşdiyi Azadlıq Qərargahı

Oqtay Eldəgəzin rəhbəri olduğu Milli Azadlıq Qərargahı və ya qısaca MAQ — SSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılan təşkilat idi. MAQ-ın tarixi hələ 1957 -ci ilə dayanır. 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq  onların əqidə birliyini üzə çıxarır,müəyyən müzakirələr aparılır. 1962-ci il dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlir. MAQ-ın yaradıldığı elan edilir. Sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, akademik Xudu Məmmədov seçilir.

 MAQ-ın məlum üzvləri:

Oqtay Eldəgəz - Tarixçi, müəllim

Xudu Məmmədov - Professor, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957)

Sadıq Rəhimov - Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirləsr Sovetinin Sədri (1954-1958)

Yusif Məmmədəliyev - Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1942), professor (1942), Azərb. SSR EA akademiki (1945) və prezidenti (1947-1951 və 1958-1961), SSRİ EA müxbir üzvü (1958). SSRİ Dövlət mükafatı laureatı (1946). SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərb. SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deputatı

Əlisöhbət Sumbatzadə- Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki (1958)

Hüseyn Arif - şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), "Azərbaycan Dövlət Mükafatı" laureatı (1978), Azərbaycanın xalq şairi (1989)

Əsədulla Qurbanov - Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü, Azərbaycan Respublikası “İdeal Sülhün Təbliği Fondu” – nun Vitse prezidenti, Beynəlxalq Sülh Səfiri

Bəxtiyar Vahabzadə - şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000)

Yusif Vəliyev - Azərbaycan aktyoru, Azərbaycanın əməkdar (1960) və xalq artisti (1979), film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs.

Rüstəm Səfərəliyev - partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.

Bəxtiyar Məmmədov - Azneft birliyinin baş mühəndisi

1982-ci ilin dekabr ayının 12-də Ağdamın Mərzili kəndində MAQ öz fəaliyyətini dondurub.

Elçibəy yer süpürürdü?

“Poladdan bir yarpaq” kitabında Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında maraqlı iddialar var.  “İmpuls” qəzetinin Oqtay Eldəgəzdən müsahibə götürən əməkdaşı sual verir ki, o vaxtlar gizli fəaliyyət göstərəndə Elçibəy də sizin aranızda idi? Oqtay Eldəgəz isə cavab verir ki, Elçibəyi o vaxtlar tanımırdım, bir də ki o heç bir iş görməyib, ancaq şifahi təbliğatla məşğul olub. Oqtay Eldəgəz başqa iddialar da irəli sürür: “Elçibəyi o vaxt Qaradağdan biz xilas etdik. Ona hər gün maşınlara iki min daş yüklətdirirdilər. O da çatdırmırdı, yükləyə bilmirdi. Rüşvət gücünə onu “dnevalnı” keçirtdik-yəni otaqları süpürən, yataqları yığışdıran. Sonra keçirtdik, türmənin kitabxanasına, orda işlədi. 249550 imza topladım, o imzaların sayəsində 1975-in yanvarında buraxıldı. Gizli təşkilatımız Azneftdə idi, bir dəfə oturmuşduq otaqda, bir də gördük qapı açıldı, Elçibəylə qardaşı Almurad dayandılar qapıda. Qara, kifirlikdə məndən geri qalmayan, cılız oğlan idi. Həm də türmədən təzə çıxdığından möhkəm sınıxmışdı. Sonradan tanışlığımız davam etmədi”.

Oqtay Eldəgəz elə həmin müsahibədə sabiq Müsavat başqanı İsa Qəmbər haqqında da maraqlı fikirlər səsləndirir. İddia edir ki, hər yazısı çıxanda Divan üzvlərini yığıb müzakirə edir: “Aparır evdə yoldaşına da oxuyur. Yazılarım xoşuna gəlir”.

 

Yazının davamı olacaq...

Xəbər lenti