Kürdəxanıya pul çatmasaydı, arvadımı "etap" edəcəkdilər" VƏKİLİN İŞİNDƏN

651
Kürdəxanıya pul çatmasaydı, arvadımı "etap" edəcəkdilər" VƏKİLİN İŞİNDƏN

Dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vəfadar Məmmədov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Lətif onun tanışıdır: "Mənə zəng vurdu, xahiş elədi ki, Mehdi Süleymanova 500 manat pul verim. Dedim, problem deyil. Yeri dedi, getdim, Mehdi ilə görüşüb 500 manatı verdim".

Zərərçəkmiş Mehdi Süleymanov isə şahidin dediklərinə münasibət bildirib: "Vəfadar mənə 500 manat gətirdi. Mən 2 saat sonra Lətifə zəng edib dedim ki, 1000 manat lazımdır. Pul isə həmin gün həbsdə olan həyat yoldaşıma çatmalı idi. O, xəstə idi. Pulu Kürdəxanıya göndərməli idim. Əgər pul çatmasaydı, onu başqa yerə etap edəcəkdilər".

Məhkəmə prosesi mayın 24-də davam edəcək.

Qeyd edək ki, L.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir.

İttihama aktına əsasən, L.Ağayev hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. M.Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat pul verib.

Məlum olub ki, M.Süleymanov 31 min manatın 17 min manatını L.Ağayevə verib. L.Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.

Xatırladaq ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. E.Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. S.Alxasova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Xəbər lenti