Ötən yay Kürdəmir rayonunda ata ilə ananın qəzada ölməsindən sonra onlardan yadigar qalan 2 aylıq körpəni qudaları məhkəmə önünə çıxarıb. Belə ki, 2016-cı il avqustun 5-də həkim Əli Əkbərovun idarə etdiyi "KİA" markalı minik avtomobil "VAZ" markalı maşınla toqquşub. Nəticədə, Ə.Əkbərov və həyat yoldaşı Leyla Salahova vəfat edib. 2 aylıq ovladları Yunus isə yaralansa da, xilas edilib.
Mynews.az Qafqazinfo.az-a istinadən bildirir ki, Mərhum Ə.Əkbərovun atası Əsəd Əkbərov Qafqazinfo.az-a müraciət edərək bildirib ki, 2 aylıq körpənin hansı tərəfdə qalması aylardır davam edən məhkəmə çəkişmələrinə səbəb olub: “Qəzadan 12 gün sonra Yasamal rayon İcra Hakimiyyətinə müraciət edib nəvəmin mənim qəyyumluğuma verilməsi barədə razılıq aldım. Sonra Sabirabad rayonunda yaşadığım kəndə gəldim. Qızım var, 8 ildir ailə qurub, amma övladı olmur. Təzə ev də tikmişdik. Evi də, nəvəmi də qızıma verdim. Doqquz aydır uşağı qızım saxlayır. Rəhmətlik gəlinimin bacısı İradə Salahova sonradan Yasamal İcra Hakimiyyətinə müraciət etdi ki, qəyyumluq düzgün verilməyib. Orada iş yenidən araşdırıldı və qərarın düzgün verildiyi qeyd edildi. Onlar icra hakimiyyətinin sərəncamını ləğv etdirmək üçün 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etdilər. Məhkəmə sərəncamı qüvvədə saxladı. Bu vaxt qızım Sabirabad rayon məhkəməsinə müraciət edərək nəvəm Yunusu övladlığa götürmək istədiyini bildirmişdi. Qəyyumluq idarəsi qızımın maddi vəziyyətini yoxlayandan sonra uşağın övladlığa verilməsinin mümkünlüyü barədə rəy verdi. Bunun ardınca İradə Salahova da uşağı övladığa götürmək üçün müraciət etdi. Onun mənzil şəraiti ilə bağlı arayış verildi, qeyd olundu ki, onun yaşadığı mənzil 2 otaqlı, 41 kvadratdır, su da qrafiklə verilir. Mənzildə İradə Salahova, onun əri və 5 yaşlı qızı yaşayır. Övladlığa götürülmənin mümkün olub-olmadığı barədə rəy verilmədi”.
Ə.Əsədov iddia edir ki, prosesin sonuna yaxın hansısa vəzifəli şəxs işə müdaxilə edib və qanunsuz qərar çıxarılmasına səbəb olub: “Bizim məhkəməmiz bir neçə ay davam etdi. Hakimə kimlərsə təzyiq edirdi ki, uşaq xalasına verilsin. Hakim Namiq Qarayev qərar verməyə çətinlik çəkirdi. Çünki qanun mənim tərəfimdə idi. Hakim məhkəməni uzatdı ki, bəlkə mən ona təzyiq edən adamlara çıxa biləm, onu da edə bilmədim. Sabirabad rayon icra başçısı Nizami Süleymanovla görüşdüm, o, mənə hakimlə danışıb köməklik edəcəyini dedi. Amma danışsa da, kömək edə bilmədi. Göstərişi verən daha yuxarı vəzifəli şəxs idi. Mayın 15-də məhkəmə uşağın İradə Salahovanın övladığına verilməsi barədə qərar verdi”.
Ə.Əkbərov əlavə edib ki, qərarda qeyd olunub ki, Ə.Əkbərovun qızının ailəsinin daimi gəliri yoxdur, İ.Salahova isə aylıq maaş alır: “İradə Salahovanın əri sahibkardır, özü isə Müdafiə Sənayesi Nazirliyində işləyir”.
Hazırda uşağın onlarda olduğunu deyən Ə. Əkərov apelyasiya şikayəti verdiyi üçün məhkəmə qərarınn icra olunmadığını qeyd edib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.