Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər. C. Hacıyevin vəkilləri bildiriblər ki, cinayət işindəki faktlar sübuta yetirilməyib və buna görə də cinayət işinə xitam verilməli, C. Hacıyev azadlığa buraxılmalıdır.
İş üzrə növbəti proses mayın 25-ə təyin olunub.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri F.Mehtiyev və Aqil Layıcov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Ə.Qasımov vəsatətləri təmin etməmişdi. Qərardan C.Hacıyevin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti vermişdilər. Ali Məhkəmə şikayəti təmin etməmiş və iş yenidən davam etdirilmək üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank"ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.
C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 ay şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.