Stress, fəst-fudlar, sərinləşdirici içkilər, sərt dieta sizi qastreoenteroloqların qapısına aparan səbəblərdir. Buna bir də genetik faktorları əlavə etsək, demək qastroenteroloqdan qaçış yolunuz yoxdur. Amma xilas yolu var. Bunun üçün etməli olduqlarınızı Nəsrəddin Tusi adına Klinikanın qastroenteroloqu Gülnarə Məmmədova deyəcək.
Gülnarə Məmmədovanın müsahibəsini təqdim edirik:
- Klinikanıza müraciətləri nəzərə alaraq son vaxtlar ölkəmizdə ən çox hansı qastroenteroloji xəstəliklər yayılıb?
- Xəstələri müayinə zamanı mədə xoraları, bir sıra mədə xəstəliklərinin cavanlaşdığını müşahidə edirik. Təəssüf ki, gənc nəsil fəst-fud, meyvəli qəlyanlardan istifadə edir. Bunun nəticəsində 8-10 yaşlı uşaqlarda mədə xoraları qeydə alınır. Artıq mədə xərçəngi belə gəncləşib. Qastroenterologiyada qaraciyərlə bağlı xəstəliklərə də çox rast gəlirik. Bu məsələlər tez-tez ictimai müzakirəyə çıxarılmalıdır. Mən qohumlarıma adi diş müayinəsinə, gözəllik mərkəzlərində sterilizasiya məsələsinə xüsusi diqqət etmələrini tövsiyə edirəm. Çünki hepatit B və C qanla keçən xəstəliklərdir. Bu məsələlərə ciddi nəzarət edilsə, hepatit B və C eləcə də, qaraciyər serrozunun da qarşısı alınar. Düzdür, hepatit B-nin peyvəndinin tapılması müsbət haldır. İnanıram ki, hepatit C-nin də peyvəndi tapılacaq və insanlar bu böyük bir bəladan qorunaq.
- Mədə xəstəliklərində genetik faktorların rolu nə qədərdir?
- Əlbəttə, xəstə müayinə edilərkən ailə vəziyyəti barədə məlumat toplanır. Valideynlər, yaxın qan qohumlarında bu xəstəliklərin müşahidə edilməsi barədə informasiyalar öyrənirik. Ailədə mədə xəstəlikləri varsa, uşaqlar da müayinədən keçməlidir.
- Bu gün mədə xəstəlikləri ən çox hansı yaşda aşkarlanır?
- Mədə xorası əvvəl daha çox kişilərdə aşkarlanırdı. Çünki onlar siqaret çəkirdilər. Lakin əvvəl bu qədər fəst-fud yox idi. Bu qidalara ən çox işləyən şəxslər müraciət edir. 30-35 yaşlı, günün əsas hissəsini işdə keçirən şəxs qidalanmasına çox da diqqət ayıra bilmir. Ona görə indi mədə xəstəlikləri 30 yaşdan da cavanlaşıb. Çünki valideynlər sevinərək uşağını fəst-fud satılan yerlərə aparır. Onların təklif etdiyi qidaların tərkibində cürbəcür nitritlər, əlavələr olur. Onlar kanserogen növlü olduğuna görə valideynlərə övladlarını bu qidalardan qorumağı məsləhət görürəm. Gənclər həmin fəst-fud qidaların təklif edildiyi yerlərə gedəndə, mənim bu müsahibədəki sözlərimi gözlərinin önünə gətirmələrini istərdim.
- Son illərdə ən gənc xəstəniz hansı yaşda olub?
- Bu yaxınlarda bir qızı dayısı gətirmişdi. 8 yaşında iki öpüşən xorası var idi. Uşağın anası rəhmətə getdiyindən dayısı onu çox əzizləyib. İstədiyi hər şeyi alıb nəticə də belə olub. Uşağın dayısına cürbəcür qidalar, günəşin altında satılan məhsullar almaqdan çəkinməyi tövsiyə etdim. Yol kənarında günəşin altında plasmas qablarda içkilər saxlanılmasını dəfələrlə müşahidə etmişik. Bilməliyik ki, Günəş şüalarının təsirindən qabın tərkibindəki bütün maddələr suya keçir. Mən pediatr deyiləm, lakin 8 yaşlı uşağın mədəsində iki öpüşən xora olması nə deməkdir? Nəsrəddin Tusi klinikasına olan müraciətlər əsasında bu xəstəliyin gəncləşdiyini deyə bilirik. 6 yaşlı uşağın yoğun bağırsağında polip aşkarlanır. Bəzi mədə-bağırsaq xəstəlikləri var ki, əvvəllər onları azyaşlı uşaqlarda müşahidə etməmişik. Bunun səbəbini axtarırıq, məlum olur ki, əsas məsələ hər gün istifadə etdiyimiz qidalardır. Məktəb və universitetlərdə təhsil alan şagird, tələbə oğlanlara müraciət edirəm meyvəli qəlyandan uzaq dursunlar. Onun çəkildiyi mühitdə oturmaq belə zərərlidir. Çünki onun yalnız uc hissəsi dəyişir, alt hissədəki mikroblardan xəbəriniz yoxdur.
- Yəqin ki, ancaq qidalanma, genetik faktorlar rol oynamır. Stress və digər səbəblər mədə xəstəliklərinin yaranmasında nə qədər təsirli ola bilir?
- Mədə-bağırsaq xəstəliklərinin yaranmasında yüzlərlə səbəb ola bilər. Mikrob, qidalanma, stres, genetik faktor və digər səbəblərin hamısınıbu sıradan saya bilərik. Lakin insan özünə baxanda, övladına evdə bişirilmiş qida verəndə xəstəliklərdən müəyyən qədər uzaq ola bilər.
- Pəhriz günümüzün aktual mövzularındandır. Qadınlar qədər kişilər də son vaxtlar bu prosesdə aktivdir. Amma çox zaman mütəxəssisə müraciət etmək əvəzinə, internetdə gördükləri pəhriz nümunələrini, ya da gün ərzində saatlarla ac qalaraq arıqlamağa çalışırlar. Bu cür pəhrizlər sonda mədə xəstəliklərinə səbəb ola bilərmi?
- Normal qidalanmaq, bədən tərbiyəsi vacibdir. Bəzən, valideynlər 20 yaşlı qızını mədə şikayətləri ilə gətirir. Məlum olur ki, kök olduğuna görə günün böyük bir hissəsini ac qalıb. Bu insanlar bir gündə 2 kilo da kökələ bilərlər. Ona görə də, hər şeyi tədricən etmək lazımdır. Kilo verməzdən əvvəl şirniyyat, tortlardan əl çəkib, sonra sağlam qidalanmağa başlamaq lazımdır. Sağlam qidalanmaq deyəndə menyuda həftədə iki dəfə yumurta, toyuq, balıq, ət olması, habelə axşam 18:00-dan sonra qida qəbul edilməməsi nəzərdə tutulur. Zərərli qidalardan uzaq duraraq arıqlamaq mümkündür. Lakin bunu psixoloji olaraq özünə problem etmək doğru deyil. Bu gün küçədə diqqət edəndə kilolu qızlar görmürəm. Bu çox yaxşıdır, amma ən vacibi bunu sağlam, bədən tərbiyəsi ilə etməkdir.
- Bəs özbaşına dietalar hansı mədə xəstəlikləri ilə nəticələnə bilər?
- Əlbəttə, nəticələr çox pis ola bilər. Bu cür dietalar mədədə xora yarada bilər, lakin xora olduğu kimi qalmır. Bizə qanaxma ilə müraciət edən xəstələr olur. Elə xəstəliklər var ki, onlar mədənin 2/3 hissəsinin kəsilməsi ilə də nəticələnə bilər.
- Arıqlama çayları barədə nə deyə bilərsiniz?
- Qətiyyən əleyhinəyəm. Gördüyünüz kimi, mən heç də arıq həkim deyiləm, lakin heç vaxt buna əl atmamışam. Çünki onların içərisindəki bitkilər arıqlamağa kömək edirsə, o zaman dağlardan həmin bitkiləri toplayıb içsinlər. İnsanlar müxtəlif həblərlər arıqlamağa çalışırlar, bəzən 30 kiloya qədər çəki itirdiklərini deyirlər, amma həblərdən imtina edən kimi yenidən kökəlmə başlayır. Əgər onların zərərsiz olduğunu bilsəydim, arıqlamaq üçün istifadə edərdim. Ancaq məsləhət görmürəm. Normal qida və normal həyat tərzi ilə istədiyiniz çəkiyə çatacaqsınız.
- Mədə xəstəliklərinin müalicəsində başlıca şərt nədir?
- Birinci xəstənin qidalanması ilə maraqlanırıq. Məsələn, orta yaşlı xəstə gəlir, atasının 95 yaşında öz əcəlindən öldüyünü deyir. Amma məlum olur ki, özü səhər yemir, günorta mağazadan aldığı hazır qidaları qəbul edir, lakin axşam evə gələndə stolun üstündəki hər şeyi yeyir. Gün ərzində yeməyib, axşam birdəfəlik yemək ciddi problemdir. Bu gün mədə xəstəliklərinin 2/3-si azərbaycanlıların sevdiyi bir dəfə qidalanmadan yaranır. Saat 8-də evə çatır, 9-da yemək yeyir, 11-də hamı yatır. Belə olan halda mədə, diafraqma yırtıqları da əmələ gələ bilər. Mədənənin ağzının qapanmaması səbəbindən turşuluğun geri qayıtması və ağır xəstəliklər meydana gəlməsi mümkündür. Xəstəliyin müalicəsində birinci növbədə pəhriz, ikinci dərmanlar kömək edir. Pəhrizsiz mədə xəstəliklərinin müalicəsi mümkün deyil. Helicobacter Pylori deyilən bir mikrob tapılacaqsa, onun müalicəsi antibakterial terapiya ilə olmalıdır. Lazımsız yerə antibakterial terapiya immunitetin zəifləməsinə səbəb olur. Müalicə kompleks aparılmalıdır.
- Son olaraq oxucularımıza nə məsləhət görərdiniz?
- Allah bizə zəngin təbiət verib. Gənclərə müraciət edərək demək istəyirəm ki, təbiətin bizə verdiyi qidaları qəbul etməliyik. Fəst-fudları yeməkdənsə, təbiətin verdiyi nemətlərlə qidalanın. Siqaretdən, meyvəli qəlyandan uzaq durun. O zaman da, mənim kim qastroenteroloqlara ehtiyac qalmayacaq. 20-25 yaşlı gəncin axı nə üçün həkimə ehtiyacı olmalıdır? Stressdən uzaq durun. Yediyiniz qidalara diqqətli yanaşın, cibinizin pulunu verib aldıqlarınıza diqqət edin./Publika.az