“Sosial mənzil” layihəsi çərçivəsində 2016-cı ilin 24 dekabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Yasamal Yaşayış Kompleksinin təməlqoyma mərasimi keçirilib.
Mynews.az xəbər verir ki, tədbir çərçivəsində yaşayış kompleksinin və onun ərazisində yerləşəcək ümumtəhsil məktəb binasının təməli qoyulub.
Ötən ilin noyabr ayında təsdiq olunmuş qaydalara əsasən, güzəştli mənzilləri ala biləcək şəxslərin kateqoriyaları müəyyənləşdirilib. Bunlar İpoteka Fondunun vəsaiti hesabına güzəştli ipotaka ala bilən şəxslərdir. Həmin qaydalarda bir neçə kateqoriyalar var: gənc ailələr və gənc ailənin üzvü olan 5 il ümumtəhsil məktəbində çalışan müəllim və yaxud fəlsəfə doktoru, şəhid ailələri, Milli Qəhrəmanlar, idman sahəsində xüsusi nailiyyətləri olanlar və s.
Həmçinin, ailə vəziyyətindən asılı olmayaraq 15 il dövlət qulluğunda xidmət etmiş şəxslər, hərbçilər, daxili işlər orqanlarında müəyyən müddət çalışmış şəxslər və s. kateqoriyalar güzəştli mənzillər almaq hüququna sahibdir.
Məsələ ilə bağlı Metbuat.az- a açıqlama verən iqtisadçı Natiq Cəfərli sosial mənzillərin verilmə qaydasında yarana biləcək bəzi problemlərdən danışıb:
“Düşünürəm ki, sosial mənzillərin verilməsi mənzil bazarına da müsbət təsir göstərəcək. Aztəminatlı, gənc ailələrin evlə təmin olunmasına kömək edəcək. Sosial mənzillərin verilmə qaydaları və müraciət formalarının normala düşməsi, insan faktorundan asılı olmadan qərarların verilməsi çox önəmlidir. Müraciətlərin onlayn şəklində olması vacibdir. Onlayn müraciətlərə verilmiş qərarların da insan faktoru olmadan, kompüterin insanların adlarını avtomatik qaydada önə çıxarılması vasitəsilə həyata keçirilməsi məqsədəuyğundur. Çünki müraciətlərin sayı ilə mənzillərin sayı arasında ciddi fərq yaranır. Mənzillərin sayının artma ehtimalı azdır. Çünki ilk etapda yüzlərlə binanın tikintisi kifayət qədər xərc tələb edir. Sosial mənzillərin qiyməti ilə bağlı ictimai müzakirələrə və komissiyaların dəyərləndirilmə aparmasına ehtiyac var. Sosial mənzillərin qiyməti ilk baxışdan aşağı görünsə də, elə ola bilər ki, 30 illiyə götürülmüş mənzil indiki bazaar dəyərindən azı 2-3 dəfə baha qiymətə vətəndaşa satılsın".