Təhsil Nazirliyi dərslərin 1 sentyabr - 25 may arası keçirilməsi məsələsini yenidən gündəmə gətirilməsinə əks reaksiya verərək tədris ilinin yenidən artırılmasını təklif edib.
Mynews.az-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında belə deyib.
O bildirib ki, son günlər mediada və sosial şəbəkələrdə Azərbaycanda tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi geniş müzakirə olunsa da, nazirlik dərs ilinin bir qədər də uzadılması haqda düşünür:
“İki il bundan əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılması ilə bağlı qərar qəbul edib. Əsas məqsəd də dünyanın inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi var idi - indi isə 34 olub) tədris ili müddətində müəyyən ahəng yaratmaq idi. Çünki çox oxuyan, çox bilər.
Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi, hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Yəni 1 sentyabr olsun, ancaq eyni zamanda bir daha təkrar edirəm, biz dərs ilinin uzun olmasından deyil, qısalığından əziyyət çəkirik. İlk növbədə, tədris saatlarının proporsianal bölgüsü baxımından, yüklənmə baxımından. Birdə ki, temperatur fərqi ortalama olaraq iyun və sentyabr aylarının ilk iki həftəsi üçün eynidir. Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da belə qoyaq; daha 2 həftə çox öyrənmək istəyirik”.
Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa bir neçə gün öncə Azərbaycanda dərs ilinin qısaldılmasını – dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması təklifini irəli sürüb.
Deputat bildirib ki, 1 sentyabr – 25 may tarixləri müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik, tədrisin keyfiyyətinə də müsbət təsir göstərər. Dərslərin sentyabrın 1-də başlayıb 25 mayda bitməsinin “Formula 1” yarışması üçün də əlverişli olduğunu qeyd edən deputat fikrini belə əsaslandırmışdı:
“Ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il “Formula 1” yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər”.