Azərbaycanda müəllimlərin yerdəyişməsi başladı

589
Azərbaycanda müəllimlərin yerdəyişməsi başladı

Bu gündən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi başlayıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, yerdəyişmə prosesi 26 may-15 iyun tarixlərində həyata keçiriləcək.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, ilkin olaraq müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi aparılacaq, növbəti mərhələdə isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə olacaq. 

O bildirib ki, bu ildən müəllimlərin yerdəyişməsi zamanı heç bir müsabiqə və ya müsahibə keçirilməyəcək: 

“Müddətsiz əmək müqaviləsi ilə çalışanlar və iş yerini dəyişmək istəyən müəllimlər miq.edu.gov.az saytında proqram təminatına daxil olmaqla qeydiyyatdan keçəcək və onlar şəxsi məlumatları ilə yanaşı, iş yerlərinin dəyişdirilməsini əsaslandırmalı, səbəb olan amilləri qeyd etməli, sosial statusları haqqında məlumatları proqram təminatına yükləməlidirlər. Bundan sonra Təhsil Nazirliyi tərəfindən onun iş yerinin dəyişdirilməsinə icazə veriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı onun diaqnostik qiymətləndirmədəki göstəriciləri də son qərarda nəzərə alınacaq. Bu, yekun qərara təsir edən amillərdən biri hesab olunacaq”.

E.Bağırov qeyd edib ki, bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. 

Əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi. Nazirlik rəsmisi qeyd edib ki, bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi, dəyişdirilmədə olan problemlər və digər məsələlərdən irəli gəlib.

Xəbər lenti