Apteklər boşalır: “Dərman mafiyası”nın YENİ PLANI

892
Apteklər boşalır: “Dərman mafiyası”nın YENİ PLANI

Adil Qeybulla: “Dərmanlar öz ölkəsində olduğu qiymətdən iki dəfə yarım çoxdur. Bu, həddən artıq bahadır”

Bir neçə gündür ki, apteklərdə dərman qıtlığı yaşanır. Vətəndaşlar isə dərman qıtlığı ilə üz-üzə qalıb. Apteklərdə müxtəlif adda dərmanlara ehtiyac yaranıb. Aptek işçiləri isə problemin səbəbini alıcılara izah etməkdə çətinlik çəkiblər. Dərman idxal edən şirkətlər qar səbəbindən apteklərə mal buraxmadıqlarını bildirsələr də, məsələ tamamilə başqadır.  Belə ki, “Zeytun”, “Avromed”, “Diamed”, “Zəfəran” və digər dərman satan şirkətlər Tarif Şurası qarşısında məsələ qaldırıblar ki, ya dərmanların qiyməti dərman şirkətləriylə razılaşdırılsın, ya da anbarlardan dərman preparatları apteklərə paylanmayacaq. 

Dərman şirkətlərini narazı salan məsələ də ondadır ki, Azərbaycanda dərman istehsalı olmadığına görə, məhsullar xaricdən idxal olunur. Tanınmış dərman  firmalarından biri olan “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic edib.  Bu şirkət rəqabət qaydalarını pozaraq fırıldaqçı yola əl atıb. Bu şirkətlə yanaşı digər dərman firmaları da hələlik dərman preparatlarını anbarlarda saxlamaqda davam edir. “Avromed” şirkətinə daxil olan qeyri-rəsmi informasiyaya görə Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq.Bu səbəbdən anbarlarında olan malların uzərində əlavə 12% qazanmaq imkanıni itirməmək üçün dərman şirkətləri əhalini çıxılmaz vəziyyətə salıb. Prosesin nə qədər davam edəcəyi məlum deyil. Məlum olan isə odur ki, ölkədə, kiçik və orta sahibkarlığın inkişafına əsas əngəl olan qeyri sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir. Ekspertlər hesab edir ki, bir qrup oliqarx deputat və məmur azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədir. 

“Nə qədər ki, manat sabitləşmir...”

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə bildirib ki, dərman preparatlarının qiymətlərinin artması ehtimalı var: “Çünki nə qədər ki, manatın ucuzlaşması prosesi gedir, nə qədər ki, manat stabilləşmir, bu gözlənilən haldır. Nəinki dərman preparatlarına, ölkəyə idxal olunan bütün məhsullara bu aiddir. Yəni, bu təbii bir şeydir. Ölkəyə idxalla məşğul olan şəxslər dərmanları manatdan valyutaya çevirib aldıqlarına görə, o tənzimlənməlidir. Sadəcə olaraq dövlət vətəndaşlara daxili bazarda dərmanların ucuz olması üçün hansısa dotasiya verə bilər. Bundan əlavə başqa digər tədbirləri də görə bilər. Amma dərmanları ölkəyə idxal edən şirkət öz gəlirini də nəzərə alaraq müəyyən qiymətə satmaq üçün məcburdur”.

Ekspert deyib ki, Tarif Şurasının bu məsələyə müdaxiləsinin nə qədər düzgün olub-olmamasını demək çətindir: “Amma fikrimcə, azad rəqabət olsa, dərman preparatlarının qiymətləri açıq rəqabət prinsipinə tənzimlənər. Dərmanlar öz ölkəsində olduğu qiymətdən iki dəfə yarım çoxdur. Bu həddən artıq bahadır. Nəzərə alaq ki, əhalinin də alıcılıq qabiliyyəti yetərincə aşağıdır”.

Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda dərman istehsalı mürəkkəb məsələdir: “Dərman istehsalından öncə yaxşı olardı ki, ən azı yarımfabrikat xammal malların Azərbaycanda qablaşdırılmasına nail ola bilsək, yaxşı olardı. Məsələn, antibiotiklərin tozları, müxtəlif dərman maddələrinin maye tərkibləridir ki, onlar Azərbaycanda qablaşdırılsa, son məhsul zavodu da olar. Bu üsul ilkin olaraq Türkiyədə də həyata keçirilmişdi. Öz firması indi Almaniyanın şirkətidir ki, Türkiyədə onun zabodu var. Almaniyadan ora birbaşa məhsul gəlir və orada qablaşdırılır. Almaniya ilə müqayisədə dərman Türkiyədə xeyli ucuzdur. Kimyəvi təhlükə və keyfiyyət baxımından isə eyni məhsuldur. O baxımdan hələlik Azərbaycan mürəkkəb istehsala başlamazdan əvvəl istehsalın bu mərhələsindən yararlansa, yaxşı olar” (cebhe.info).  

Xəbər lenti