Kütləvi ixtisarlar başlayır hansı məmurlar işsiz qalacaq?

785
Kütləvi ixtisarlar başlayır hansı məmurlar işsiz qalacaq?

Ölkədə struktur islahatları ilə əlaqədar geniş ixtisarlar gözlənilir. İxtisarlar yüksək çinli məmurları da əhatə edəcək. Azərbaycanda  məmur ordusunun çoxluğuna işarə edən bəzi rəsmilər idarəetmə aparatlarında islahatların həyata keçirilməsinin vacibliyini qeyd ediblər. İdarəetmə sahəsində islahatlar məsələsi xeyli müddətdir ki, gündəmdədir. Belə ki, ölkədəki dövlət qurumlarının bir çoxunda ixtisarların olacağı gözlənilir. Struktur islahatı nəticəsində hətta bir neçə nazirlik və komitənin ləğv ediləcəyi də istisna olunmur. Xatırladaq ki, bir müddət əvvəl də deputatlar Milli Məclisdə komitələrin ləğvi məsələsini ortaya atmışdılar.

Bu günlərdə növbəti təşəbbüslə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov çıxış edib. O, aparılacaq struktur islahatlarının anonsunu verərək idarəetmə aparatının həddən artıq şişirdildiyini, buna görə də sürətli və çevik reaksiya göstərmək iqtidarında olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, təkcə nazirliklər və menecerlər ordusunu azaltmaq deyil, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb. Millət vəkili bu məsələdə ən əsas məqam kimi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarını  nəzərdə tutub: “Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Minlərlə müxtəlif dərəcəli məmurun saxlanmasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur. Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq. Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur”.

Məmurların sayı azaldılır

Vahid Əhmədovdan əvvəl isə Baş nazirin müavini Əli Əhmədov idarəetmədə islahatlara ehtiyac olduğuna işarə etmişdi. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir. İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. "Söhbət həm şaquli, həm də üfiqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir”, - deyə Ə.Əhmədov bildirib. Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq bildirmişdi ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunur. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. O, qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”. Bu mənada baş nazirin müavini konkret olaraq yaxın gələcəkdə dövlət məmurlarının xeyli tərkibinin ixtisara düşəcəyinə işarə edərək, nazirlik və komitələrdə lazımsız şöbələrin ləğv ediləcəyini istisna etmir.

Bəzi iddialara görə Dövlət Gömrük Komitəsi ləğv ediləcək, qurumun səlahiyyətlərinin bir qismi "ASAN xidmət”ə və Vergilər Nazirliyinə veriləcək. Kənd Təsərrüfatı Nazirliyinin də ləğv ediləcəyi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirlikləri arasında bölüşdürüləcəyi gözlənilir. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir. Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri digər qurumlarla bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur. Diasporla İş üzrə Dövlət Komitəsinin isə XİN-ə birləşdiriləcəyi gözlənilir. 

Bəzi ekspertlərin isə bu məsələdə maraqlı fikirləri var. Bildirilir ki, iqtisadi böhranda olan ölkənin idarəetməsində ixtisarların olması təbiidir. Ehtimal olunur ki, ilk növbədə Azərbaycan hökuməti ixtisarlar planında nazirlikləri birləşdirəcək. Daha sonra isə komitələri ixtisar etməlidirlər. Aydındır ki, bu qədər islahat və ixtisarlar həyata keçirilsə, dövlət büdcəsi üçün sərfəli olacaq, müəyyən mənada dövlət büdcəsinin yükü azaldılacaq. Amma işsizlər ordusu yaranacaq ki, onların aqibəti məlum deyil. Bəs bu vəziyyət necə tənzimlənəcək? Ümumiyyətlə, rəsmilərin bu tip bəyanatları reallaşacaqmı?

“Ciddi islahatlar zəruridir”

İqtisadçı-ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hər hansı struktur islahatları və ya ixtisarlarların aparılacağı barədə fikirlər reallığı əks etdirmir: “Bu sadəcə vaxt udmaq və ya müəyyən islahatların olacağı cəmiyyətdə yalnış mesajlar vermək məqsədi daşıyır. Proses bundan o tərəfə getmir. Son dövrlər müəyyən struktur islahatları kimi təqdim olunan hadisələrlə rastlaşdıq. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsi, digər xırda məqamlar da oldu. Bunlar imitasiyadır. Yəni ölkə sistem islahatına hamilədir. Bu günki iqtisadi situasiya, siyasi vəziyyət ölkənin maliyyə durumu bütün bu məsələlərə kompleks yanaşmanı tələb edir.

Hökumətdə ciddi islahatlar aparılmalı, hökumətin özünün formalaşdırılmasına yenidən baxılmalı, regional idarəetməyə keçilməli, bələdiyyələr yerli idarəetmə hakimiyyətinə çevrilməli, yerli icra hakimiyyətləri yeni idarəetmə zənciri olaraq ərazi idarəetmə strukturundan tam kənarlaşdırılmalıdır. Bunlar tam inqilabi hadisələrdir. Bunu icra etmək üçün böyük vaxt, enerji, intellektual, idarəetmə səriştəsi tələb olunur. Amma bunu etmək üçün siyasi iradə varmı? Yoxdur...Bunu müəyyən şəxslər deyə bilərlər. Amma onlar prosesi həyata keçirən, qərarı verən şəxslər deyillər. Azərbaycanda vahid idarəetmə orqanı var, o da prezidentdir. Prezident özü müəyyən edir ki, bunu etmək lazımdır, yoxsa yox...Prezidentin çıxışlarında isə biz bununla bağlı hər hansı bir işarə görməmişik.  Məsələyə yalnız bu kontekstdən baxmaq lazımdır”.

Azərbaycan barıt çəlləyinə çevrilib...

Ekspert əlavə edib ki,  sözügedən islahatlar baş versə, hansı gözləntilərin olacağı sonrakı məsələdir: “Sistem islahatı əgər aparılacaqsa, idarəetmənin mərkəzinin dəyişdirilməsi əslində böyük inqilabi hadisədir. Təbii ki, bu, islahatlarda titrəyiş və kadrların yerləşməsinə təsir edəcək. Bu kadrların seçilməsində peşəkarlıq, bacarıq prioritet olmalıdır. O ikinci məsələdir ki, bu çətinlik yaradacaq, müəyyən narazılıqlar yarana bilər. Amma ölkənin durumu ondan da pisdir. Bir bankın nümunəsində görürüksə ki, ən aşağısı hökumət 13 milyard manat vəsait yatırır və hələ də o bank ayağa qalxa bilmir. Eyni zamanda büdcə də dollar ifadəsində iki-üç dəfəyə yaxın kiçilibsə, bu ciddi müzakirə olunası məsələdir. Bunun səbəbləri və ölkə vətəndaşlarının maddi, sosial, digər məsələlərinə təsir edir.

Prezidentin də çıxışlarından görünür ki, ölkənin heç bir iqtisadi problemləri yoxdur. Əgər ölkənin birinci şəxsi bu problemləri görmürsə, demək ki, ölkə bundan da ağır situasiyaya düşə bilər. Müzakirə əslində bunun üzərində qurulmalıdır ki, problemlərin həlli üçün çalışırıqmı? Yəni acı bir reallıqdır. Vəziyyət daha da kritik bir forma alır. Azərbaycanda siyasi repressiyalar, siyasi qapanma, ölkənin regionda təklənməsi və bu kimi bütün problemlər ölkəni barıt çəlləyinə çevirir.  Bunun növbəti mərhələdə həm siyasi, həm geosiyasi, həm də iqtisadi nəticələri də olacaq. Bu barədə danışmaq çox ağır və məsuliyyətlidir. Hesab edirəm ki, yaxın dövrlərdə hökumət artıq problemləri hiss etməyə başlayacaq”.

Xəbər lenti